Paşinyanın hazırlıq xəbərdarlığı Azərbaycanın qüdrətini etiraf etməsidir TƏHLİL
Nikol Paşinyanın üç gün qondarma Artsax adlandırdıqları Dağlıq Qarabağda olması, özünün etiraf etdiyi kimi hər bir hadisəyə hazırlıq niyyəti, bir sıra məsələlər barədə məntiqi nəticələrə əsas verir. Baş nazir postundan hiyləgərliklə, eyni zamanda müvəqqəti imtina etdikdən və parlamentdən şərti olaraq uzaqlaşdıqdan sonra Qarabağın sərhəd ərazilərinə yollanması, ərazidə siyasi-hərbi rəhbərliklə vəziyyəti müzakirə etməsi, hər bir hadisəyə hazırlıqlı olmaq xəbərdarlığı əslində küçə nümayişçisinin Azərbaycanın hərbi qüdrətindən, gücündən ehtiyat etməsinin, hətta qorxusunun təzahürüdür.
Ermənistanda idarə etdiyi kütləni aldadaraq, populist çıxışlar edərək, yalançı vədlər verərək hakimiyyəti ələ keçirən küçə nümayişçisi, bütün idarəetməni öz hakimiyyəti altına almaq məqsədi ilə yeni bir avantüraya imza ataraq baş nazir postundan imtina etməsinin fonunda Dağlıq Qarabağla bağlı təşvişə düşməsi diqqətdən kənarda qala bilməz. Məhz bu baxımdan analitiklər Paşinyanın işğal altında olan ərazilərə gedişini aktiv şəkildə və həssaslıqla şərh edirlər. Azərbaycanın hərbi qüdrətini, imkanlarını nəzərə aldıqda onun təlaşını başa düşmək çətin deyil və işğal edilmiş torpaqların geri qaytarılmasına hər an hazır olan ölkəmizin beynəlxalq aləmdə nüfuzu, geosiyasi müstəvidə uğurları, dünya dövlətləri ilə əməkaşlıqları, ələlxüsus beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi, hərbi təlimlərə başlamaq, ən tez zamanda qələbə qazanmaq əzmi nəzərə çarpan bu qorxunun əsl səbəbidir.
İşğalçı rejim tam təcrid olunmuş vəziyyətdə, məhrumiyyətlərələ barışmaq məcburiyyətindədir
İrana qarşı sərt sanksiyalar Ermənistanda narahatlıq doğurduğu kimi, Paşinyanın özünün də kürkünə əbəs yerə birə düşməyib. Vəziyyətin belə dəyişməsi, İranın indi ermənilərin deyil öz hayında olması onun yuxusunu ərşə çəkib. Çünki, Rusiyadan əli üzülən Nikolun son ümid yeri İran idi və son vaxtlar yalnız İrana bel bağlamaqdan başqa çarəsi qalmırdı. İndi bu carə də yoxa çıxırsa, deməli çarəsizlik vəziyyətində qalmalı olur. Belə olan halda, ilk olaraq itirmək təhlükəsi hesab etdiyi Dağlıq Qarabağa getməsi heç də təəccüb doğurmur.
Rusiyanın sərhəd qoşunlarının idarə etdiyi 100 km məsafədə olan Ermənistanla İran arasındakı sərhəd sanksiyalar səbəbindən bağlanarsa, işğalçı ölkə tam təcrid olunmuş şəraitə düşməli olur. Hətta, daha dəqiq desək ermənilər mütləq şəkildə məhrumiyyətlərələ barışmaq məcburiyyətində qalırlar. Bunu işğalçılar özləri də çox gözəl başa düşürlər. İndi artıq hadisələrin gedişi də bunu deməyə əsas verir. Daha dəqiq desək İrana qarşı sanksiyalar əslində ermənilərin şah damarına toxunmaq, nəfəslərini kəsmək deməkdir.
Terror sözünün erməni işğalçıları ilə qoşa çəkildiyi, yanaşı yazıldığı bir dünyada terrorla bağlı hay-küy qoparmaq erməni xislətidir
Doğrudur, erməni xisləti yenə də özünü biruzə verir və indi işğalçı dövlətə məxsus Kütləvi İnformasiya Vasitələrində, məsələn, lragir.az saytında təbliğat aparılır ki, guya Türkiyə və Azərbaycanın dəstəklədiyi terrorçu dəstələr Ermənistan sərhədlərini keçməyə hazırlaşır. Sözügedən informasiya portalında qeyd olunur ki, Türkoloq Karen Veranyanın fikrincə, rəsmi Ankara Ermənistanda gedən siyasi prosesləri izləyir və bilmək istəyir ki, Ermənistanın yeni hakimiyyəti risklərə nə qədər davam gətirmək iqtidarındadır. Türkoloqun sözlərinə görə, türklər istəyirlər ki, Ermənistan sərhədlərinin pozulması normal təzahür kimi görünsün, təəccüb doğurmayacaq təsir bağışlasın.
Əslində terror sözü erməni işğalçıları ilə qoşa çəkildiyi bir zamanda, yanaşı yazıldığı bir dünyada belə hay-küy qoparmaq erməni xislətidir və bunu artıq bütün dünya ictimaiyyəti bilir. Yəni, ermənilərin özlərinə məxsus olan qanunsuzluqları, cinayətləti, vəhşilikləri, insanlıq və hüquq normalarına sığmayan əməlləri başqalarının adına yazması birinci və sonuncu deyil. Nə Dağlıq Qarabağın işğalı, nə Xocalı soyqırımı kimi insanlıq dramına imza atan və əvəzində işğala məruz qalanları terrorist kimi təqdim etməyə çalışan erməni simasını bundan sonra gizlətmək mümkünsüzdür və artıq hər kəsə bu simasızlıq bəllidir. Bir sözlə, erməni başbiləni Paşinyan özü də çox yaxşı başa düşür ki, bu hiyləgərlik öz ömrünü çoxdan başa vurub və artıq həqiqətən də Dağlıq Qarabağı əldən vermək təhlükəsi ilə üz-üzədirlər. Elə buna görə də istefada olan baş nazir hər bir vəziyyətə hazır olmaq barədə xəbərdarlıq edir.
Ermənistan tərəfi ölkəmizin qüdrəti qarşısında davam gətirə bilməyəcəyini, məğlubiyyətlə qarşılaşmalı olacaqlarını çox gözəl dərk edir
Məsələ burasındadır ki, N.Paşinyanın təlaşı özünü də ölkəsini ələ verir və bəlli edir ki, Ermənistanın mövcud hakimiyyətindən, onun manipulyatorluqda tayı-bərabəri olmayan müvəqqəti istefa verən hiyləgər baş nazirindən tutmuş, hər bir erməniyə qədər çox yaxşı bilir ki, işğalçı dövlət oyunun sonuna gəlib və çıxış yolu tapmaqda artıq tam acizdir. Hazır olmaq mesajı isə əslində bu anlamdadır ki, istənilən anda işğal edilmiş torpaqların geri alınması üçün Azərbaycan tərəfi aktiv hərbi əməliyyatlara başlaya bilər və buna hazırlıqsız, ölkəmizin qüdrəti qarşısında davam gətirə bilməyən Ermənistan isə məğlubiyyətlə qarşılaşmaq həqiqətlərini çox gözəl dərk edir.
Maraqlıdır, Azərbaycan danışıqlarını Dağlıq Qarabağla aparmalıdır deyən Paşinyan görəsən, qondarma Artsaxın əvəzinə niyə narahatdır? Əgər danışıqları Artsax adlandırdıqları qeyri-qanuni, qondarma rejim aparmalıdırsa, o zaman niyə Ermənistan hökuməti, onu indi əlində oyuncağa çevirən Nikol əl-ayağa düşür? Deməli, hər an Qarabağ işğalının arxasında olduqları göz qabağındadır və bütün bunların fonunda bu işğalı əlavə hansısa faktlarla isbat etməyə zərrə qədər ehtiyac qalmır. Əgər hər an hazır olmaq lazımdırsa və bu hazırlıq barədə xəbərdarlığı Paşinyan verirsə, özü də işğal altında olan ərazilərə gedərək, siyasi-hərbi rəhbərliklə görüşərək verirsə, deməli, Ermənistan tərəfi özü-öz iddialarını da təkzib edir, hətta münaqişənin həllindən tutmuş, bütün idarəetmə mexanizmlərinə qədər yanlış siyasət yürütdüyünü açıq-aşkar ortaya qoyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB