Türkiyə Baş Nazirliyinin mətbuat və informasiya şöbəsi və Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən Türkdilli Ölkələrin Media Forumu təşkil ediləcək. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, 21-22 dekabr tarixlərində Ankarada keçiriləcək foruma türkdilli ölkələrin media nümayəndələri qatılacaq.
Baş nazir Rəcəb Tayyib Ərdoğanın da qatılması gözlənilən forumda dövlət naziri və baş nazir köməkçisi Bülənt Arınç, xarici işlər naziri Əhməd Davudoğlu, SAM-ın rəhbəri Bülənt Aras, mətbuat və informasiya şöbəsinin müdiri Murad Karakaya çıxış edəcəklər. M.Karakaya forumla bağlı açıqlamasında bildirib ki, qardaş və qonşu ölkələrlə mətbuat sahəsində əməkdaşlıq platformaları yaratmaq istiqamətində fəaliyyətlərini davam etdirmək istəyirlər. Forumun 1-ci günü "Qloballaşmada medianın demokratikləşməyə təsiri", 2-ci günü isə "Türk dünyasında media" mövzusu müzakirə olunacaq. Forumda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azərbaycanda media mühiti; problemlər və həlli yolları" mövzusunda çıxış edəcək.
Foruma qatılan media nümayəndələri 23- 24 dekabr tarixlərində Ankara və İstanbulda təşkil ediləcək gəzinti və araşdırma proqramında iştirak etdikdən sonra 25 dekabrda ölkələrinə qayıdacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB