Azərbaycan innovasiyaların iqtisadiyyatın bütün sektorlarına tətbiqində böyük irəliləyişə nail olub. SİA-nın verdiyi məlumata görə, bu barədə bu gün Bakıda işə başlayan VI Beynəlxalq Humanitar Forum çərçivəsində təşkil edilən “İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi” adlı plenar sessiyada danışılıb.
Sessiyada çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda innovasiyaların inkişafına dövlət dəstəyi göstərilir. Bu məqsədlə İKT Fondu, Yüksək Texnologiyalar Parkı yaradılıb. İnnovasiyaların iqtisadiyyatın bütün sektorlarına tətbiqi, startapların təşviqi və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir.
"Azərbaycan kosmosu fəth edən ölkələr sırasındadır. Son 5 ildə Azərbaycan orbitə 3 peyk buraxıb. Bunlardan ikisi telekommunikasiya, biri isə yer səthinin müşahidə peykidir. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bundan başqa, strartaplar, developerlər, dizaynlərin iştirakı ilə kreativ sənayenin inkişafı təmin edilir", - deyə nazir müavini əlavə edib.
BMT-nin İnkişaf Proqramı Avropa və MDB üzrə Regional Bürosunun direktor müavini Rastislav Vrbenski deyib ki, texniki inqilab hazırda hər birimizin həyat tərzinə çevrilib: "Biz innovasiya və innovativ inkişafı diqqət mərkəzində saxlayırıq. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində də bu sahəyə xüsusi yer ayrılıb. Biz ötən illərdə Montenoqroda İnnovasiya Həftəsi keçirmişik. Gələn ay isə İstanbulda İnnovasiya Günlərini təşkil edəcəyik. Burada əsas məqsəd informasiya-kommunikasiya texnologiyaları üzrə şirkətləri, mütəxəssisləri və ekspertləri bir araya toplamaq, yeni innovativ həllərdə birgə əməkdaşlığı təşviq etməkdir. Biz innovasiya laboratoriyasının qurulmasına dəstək olmuşuq, müxtəlif ölkələrdə innovativ layihələrin həyata keçirilməsində iştirak etmişik. Azərbaycanda da bu sahədə mühüm işlər görülür. Azərbaycanın öz brendi kimi təqdim etdiyi "ASAN xidmət" xüsusi əhəmiyyət kəsb edir”.
Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) nümayəndəsi Yevqeni Sesitski təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, müxtəlif ölkələrdə innovativ inkişafa dəstəyi barədə danışıb. Bildirib ki, bu sahədə ən vacib məsələ bütün innovativ layihə və proqramların mülkiyyət hüquqlarının qorunmasıdır. Ona görə də Dünya Əqli Mülkiyyət Təşkilatı bu sahədə reallaşdırılan layihələrin hüquqlarının qorunmasına xüsusi diqqət ayırır: "Əlbəttə ki, süni zəka layihələrinin də inkişafına diqqət artır. Bu layihələr hazırda bütün inkişaf etmiş ölkələrin maraq dairəsindədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB