Qan vermək, yoxsa zəncir vurmaq?- SORĞU

Qan vermək, yoxsa zəncir vurmaq?- SORĞU

Bu gün Hicri-Qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü - Aşuradır. Hər il olduğu kimi bu il də Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) bir çox məscid və ziyarətgahlarda qan vermə aksiyası keçirir. Nəzərinizə çatdıraq ki, qanvermə aksiyasının əsas məqsədi qana ehtiyacı olanlara kömək olsa da digər məqsədi zəncir vuranları bu yoldan yayındırıb, daha savab iş olan qanverməyə cəlb etməkdir.

QMİ Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyi tövsiyə etsə də hələ də məscid və ziyarətgahlarda zəncir vuranlara rast gəlmək mümkündür. Biz də SİA olaraq "Qan vermək, yoxsa zəncir vurmaq" adlı sorğu keçirdik. Paytaxt əhalisindən aldığımız cavabları sizə təqdim edirik.

Rövşən İsmayılov: "Əlbəttdə ki, qan vermək. Çünki qan vermək zəncir vurmaqdan daha savabdır. Artıq neçə ildir ki, həyata keçirilən bu aksiya sevindirici haldır. Dövlətimizə və bütün həkim heyətinə təşəkkürümüzü bildirik ki, qan verənlər üçün lazımı şərait yaradılıb".

Rasim Quliyev: "Təbii ki, qan vermək daha düzgündür. Bu İmam Hüseyn ehsanıdır. Biz qan verməklə bir çox insanlara kömək etmiş oluruq. Bu böyük savabdır. Amma zəncir vurmaqla günah iş görürük. Özünə qəsd etmək olmaz. Amma qan verməklə sağalmayan xəstələrə az da olsa yardım etmiş oluruq".

Hüseynova Tamilla: "Qan vermək savabdır. Qan verməklə bir xəstəyə kömək etmək olur. Zəncir vurmağı günah sayıram. Mənə elə gəlir ki, zəncir vuran insan birdəfəlik dərk etməlidirlər ki, qan vermək daha uyğun və düzgündür. Nahaqdan qan axıtmaq doğru deyil".

Mətləb Şirinov: "Qan əldə etmək üçün maddi imkanı olamayan bir çox insanlar var ki, məhz bizim qan verməyimiz sayəsində onlar qan əldə edə biləcəklər. Zəncir vurub özünə zülm verməkdənsə, Allah yolunda gəlib qan vermək daha düzgündür. Ona görə mən hər il qanvermə aksiyasında iştirak edirəm. Allahın mənə verdiyi ömür qədər də qan verəcəm".

Telman Baxşıyev: "Mən elə bilirəm ki, qan vermək daha məqsədə uyğundur. Bu mənim öz fikrimdir. Qan verməklə kiməsə yardım əli uzadırsan. Zəncir vurub qanı boş yerə sərf etməklə heç nə əldə edilmir, nə də ki savab sayılmır. Ondansa hanısasa bir uşağa yardım etsən dana savab olar. Bu məqsədlə də mən aksiya başlanandan hər il aksiyada iştirak edirəm. Zəncir vuranlara məsləhətim bu yoldan çəkinsinlər, kiməsə kömək məqsədilə aksiyada iştirak etsinlər".

Aidə Məmmədova: "Zəncir vurmaqla heç nə əldə etmək mümkün deyil. Bu bir növ özünə qəsd etməkdir. İmam yolunda xeyr əməllər etmək lazımdır. Qan vermək xeyr əməl sayıldığına görə ona daha üstünlük verirəm. Ən azı hansısa bir xəstəyə yardım etmək Allah qarşısında savab qazanmaq deməkdir".

Günel Mövlud: "Qan vermək daha da yaxşıdır. Mənin qan verməyim Aşura ilə bağlı deyil. Bu bir bəhanədir ki, mən də gəlib qan verirəm. Zəncirlə özünə xəsarət yetirmək İslamda nəzərdə tutulmayıb. Nəzərdə tutulsa da belə özünə o cür rahatlıqla zərbə vuran insan başqasına nələr edə bilər? Bu vəhşilikdir. Qəti şəkildə belə şeyləri sevmirəm və heç kimə də məsləhət görmürəm. Hər kəs buna neqativ yanaşmalıdır".


Sorğunun nəticəsinə əsaslanaraq biz də zəncir vuranları qanverməyə dəvət edirik. Qan verənlərə isə Allah köməyiniz olsun deyirik.


Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə bu gün ənənəvi qanvermə aksiyaları Bakının "Hacı Soltanəli", "Bibiheybət", İçərişəhər "Cümə", "Qaraçuxur" və "Mir Mövsüm ağa" məscidləri, habelə respublikanın "Sumqayıt", Gəncə "İmamzadə", Mingəçevirdəki "Heydər", Şəki, Şirvan, Lənkəran "Böyükbazar" və Bərdə məscidlərində keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə