Oğru evin içindəymiş... İDDİA

Əli Kərimli “AND” hərəkatının pullarını mənimsəyir

AXCP sədri Əli Kərimlinin nəzarətində olduğu iddia edilən “AND” hərəkatının guya şəhid və “siyasi məhbus” ailələrinə “yardım” məqsədi ilə pulyığma kampaniyası ətrafında bir sıra məsələlər üzə çıxmağa başlayıb. SİA xəbər verir ki, sözügedən məsələ ilə bağlı redaksiyaya zəng edən və özünü AXCP-nin gənclər qolunun üzvü kimi təqdim edərək, bəlli səbəblərə görə adının açıqlanmasını istəməyən mənbə adıçəkilən hərəkatın saxtakarlıqla məşğul olduğunu bildirib.

#mendevaram” həşdəqi ilə keçirilən aksiyada əldə olunan maliyyə vəsaitlərinin yeri bəlli deyil

““AND, bilavasitə Əli bəyin təşəbbüsü ilə yaradılan hərəkatdır və aparılan kampaniyanın məqsədi əvvəllər həqiqətən də, məlum ünvanlara yardım etməkdən ibarət idisə, artıq həmin məqsədə ümumiyyətlə riayət olunmur”, deyə qeyd edən cəbhəçi mənbə eyni zamanda bildirib ki, sosial şəbəkələrdə “#mendevaram” həşdəqi ilə keçirilən aksiyada əldə olunan maliyyə vəsaitlərinin birbaşa AXCP-nin, daha dəqiq desək, Əli Kərimlinin büdcəsinə axdığı məlum olub: “Məhz bu səbəbdən, kampaniyanın iflasa uğrayacağını anlayan adıçəkilən hərəkat üzvləri, yəni bilavasitə Əli Kərimlinin tapşırıqları ilə hərəkət edən tərəflər dərhal facebook vasitəsilə əslində, həqiqəti əks etdirən informasiyaları yalanlamağa çalışırlar”.

Mənbə: “Əli Kərimli bu günə qədər bir dəfə də olsun, bizim hər hansı bir problemimizlə maraqlanmayıb...Əks fikir söyləyəndə isə, təhdidlərə məruz qalmışıq”

““Milli Şura”nın qarşıdakı günlərdə mitinq keçirmək planları var və bunun üçün əlavə maliyyə ehtiyacları yaranıb”, deyən AXCP-dən olan mənbə həmçinin bildirib ki, onun kimi bütün bunlardan bezən onlarla cəbhəçi gənc var: “Əli bəy bizə gördüyümüz işlərin müqabilində maddi dəstəyin göstəriləcəyini dəfələrlə bildirib, lakin bu günə qədər bir dəfə də olsun, bizim hər hansı bir problemimizlə maraqlanmayıb. Əks fikir söyləyəndə isə, təhdidlərə məruz qalmışıq”.

Mənbə digər bir ilginc amilə də toxunaraq sual edib ki, nəyə görə “yardım göstərilən ailələr” hazırkı zamana qədər istər “AND”a, istərsə də AXCP sədrinə, eləcə də bu aksiyada iştirak edən təşəbbüskarlara minnətdarlıq etməyiblər?

“Bu məsələdə də əldə edilən vəsait heç bir ailəyə çatdırılmayıb”, deyə qeyd edən mənbə əlavə edib: “Uzağı ilk vaxtlar gözdən pərdə asmaq üçün, bir neçə ailəyə maliyyə dəstəyi göstərilib. Artıq buna da son qoyulub. Bəs, əldə edilən digər vəsaitlər haradadır? Niyə guya yardım göstərilən şəhid və “siyasi məhbus” ailələri bir dəfə də olsun sosial şəbəkələr, yaxud, internet TV-lərə çıxıb “AND” hərəkatının kampaniyası barədə bir kəlmə də olsun danışmırlar? Çünki ortada heç nə yoxdur. Pullar mənimsənilib”.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli daha öncələr də bənzər “təşəbbüslərlə” çıxış edərək, insanları aldatmaq yolu ilə maddi vəsaitlər əldə edib və sonradan həmin vəsaitlərin hansı istiqamətdə xərclənməsi də bəlli olmayıb.

O cümlədən, bu gün AXCP-də fəallıqları ilə seçilən cəbhəçilər də Ə.Kərimlidən əmək haqlarını ala bilmirlər. Bu fakt da belə qənaətə gəlməyə əsas verir ki, əslində, cəbhəçilərin sədri evin başında oturan əsas oğrudur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə