ADP və Ağ Partiya sədrlərinin fikirləri niyə haçalandı? QARŞIDURMA-EKSKLÜZİV

ADP və Ağ Partiya sədrlərinin fikirləri niyə haçalandı? QARŞIDURMA-EKSKLÜZİV

Sərdar Cəlaloğlu: “Yeni siyasi partiyaların yaranmasına tələb yoxdur”

Tural Abbaslı: “Ehtiyac olmasa idi yaranmazdıq”

Son zamanlar müxalifət düşərgəsində ənənəvi partiyalarla yeni yaradılmış partiyalar arasında kəskin fikir ayrılıqları və ziddiyyətli məqamlar yaşanmaqdadır. Belə ki, düşərgəyə yenilik gətirəcəklərini iddia edən yeni siyasi təşkilatlara qarşı illərdir ki baryer rolunu oynayan köhnə partiyalar hər vəchlə öz yerlərini “əvəzedici heyətlərə” vermək fikrində olmadıqlarını sərgiləməkdədirlər.

Bəs müxalifətdə yeni partiyaların yaranmasına nə qədər ehtiyac var? Üumiyyətlə, yeni partiyaların yaranması nəyə görə köhnə və ənənəvi müxalifət liderlərini narahat edir?

ADP sədri: “Yeni yaradılan partiyalar öz məqsədlərinə asan çatmaq üçün bəzu dəyərləri qəbul etmirlər”

Sözügdən məsələ ilə bağlı SİA-ya açıqlama verən Azərbaycan Demokratlar Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu yeni partiyaların siyasi arenaya gəlməsinə elə bir önəm vermədiyini sərgiləyib. Misal üçün, “ənənəvi partiyalar uğurlara imza ata bilmədikləri halda, yeni partiyalar hansı uğurlarına güvənirlər?” sualına cavab verən ADP sədrinə görə, ənənəvi partiyalar istiqlalçılara, müstəqilçilərə və demokratlara bölünüblər. Lakin yeni yaradılan partiyalar bu istiqamətlərin heç birini dəstəkləmirlər. SİTAT: “Ola bilsin ki, yeni yaradılan partiyalar öz məqsədlərinə asan çatmaq üçün bu kimi dəyərləri qəbul etməyərək, yeni dəyərlərə üstünlük verirlər”.

“Süni çoxpartiyalıq demokratiyanın xəstəliyi, həqiqi çoxpartiyalıq isə demokratiyanın nailiyyətidir”

Yeni yaradılmış partiyaların ənənəvi partiyalara meydan oxumaları iddiasına gəlincə, S.Cəlaloğlu buna o qədər də inanmadığını deyib. Hətta bu kimi partyaların yaranmasını alqışlanmalı olduğunu da bildirib. Lakin bununla yanaşı, bildirib ki, ortada iki məqam var – süni və həqiqi çoxpartiyalıq. “Süni çoxpartiyalıq demokratiyanın xəstəliyi, həqiqi çoxpartiyalıq isə demokratiyanın nailiyyətidir”, deyə qeyd edən ADP sədrinə görə, baxır həmin partiyalar zamanın hansı tələbindən yaranıblar: “Ona görə də elə-belə partiya yaratmaq, yəni partiya yaratmaq xətrinə partiya yaratmaq ziyanlıdır”.

S.Cəlaloğlu həmçinin bildirib ki, ümumiyyətlə, Azərbaycanın müxalifət düşərgəsi həyatında durğunluq var və o, burada cəmiyyəti günahlandırıb: “Ümumiyyətlə, Azərbaycan müxalifətinin siyasi həyatında çox durğunluq var. Təbii ki, belə bir durğunluq şəraitində vətəndaşlarda da xüsusi siyasi fəallıq olmadığına görə, yeni siyasi partiyaların yaranmasına da tələb yoxdur”.

Ağ partiya sədri : “Köhnə partiyaların rəhbərləri təbii ki, deyəcəklər köhnə partiyalara ehtiyac yoxdur...problem elə köhnə partiyaların olmasındadır”

ADP sədrinin yeni partiyaların yaranmasına tələbin olmadığı iddiası ilə Ağ partiyanın sədri Tural Abbaslı agentliyimizə verdiyi açıqlamasında onun fikirləri ilə razılaşmayıb və o, bu kimi fikirləri kəskin şəkildə tənqid edib. “Təbii ki, əgər tələbat olmasa idi, yeni partiyalar yaranmazdı”, deyə qeyd edən T.Abbaslı S.Cəlaloğlunun fikirlərə qarşı əks arqument qoyaraq sözlərini bu cür əsaslandırıb: “Çünki təklif və tələb anlayışı var. İstər iqtisadiyyatda, istər siyasətdə, istərsə də sosial həyatda - ümumiyyətlə, belə bir tandem var: təklif olunur və ona uyğun tələblər reallaşır. Yəni yeni partiyaların yaranmasına ehtiyac olmasa idi bu partiyalar yaranmazdı. Sadəcə olaraq, hazırda ənənəvi, yaxud, belə deyək, köhnə partiyaların rəhbərləri təbii ki, deyəcəklər köhnə partiyalara ehtiyac yoxdur, biz zatən varıq, əhali aktiv olsa idi, gəlib bizə qoşulardılar və siyasi fəaliyyətlərini bizimlə davam etdirər və s. Əslində isə, problem elə köhnə partiyaların olmasındadır”.

AĞ partiyanın sədri bildirib ki, köhnə partiyalar öz içlərində və işlərində yenilənmirlər, siyasi mübarizə metodlarını dəyişmirlər, köhnə təfəkkürlərlə çıxış edirlər. “Hətta bir çoxunda belə, rəhbərlik dəyişmir”, qeyd edən T.Abbaslı ictimaiyyətin yenilik axtardığını bildirib və köhnə partiyaların ictimai rəyə ümumiyyətlə diqqət yetirmədiklərini deyib.

“Biz də vaxtilə təmsil olunduğumuz partiyalarda dəyişiklik etmək istəmişik, təkliflərlə çıxışlar etmişik... əgər köhnə partiyalar zamanında öz fəaliyyətlərini dayandırsaydılar, yeni partiyalar daha çox uğur əldə edərdilər”

Onun sözlərinə görə, əslində, yaranmış yeni partiyaların əksəriyyəti köhnə partiyalardan çıxmışlardır: “Biz də vaxtilə təmsil olunduğumuz partiyalarda dəyişiklik etmək istəmişik, təkliflərlə çıxışlar etmişik. Ancaq bunların heç biri qəbul olunmamaqla yanaşı, eyni zamanda orada köhnə düşüncəli insanların sayı çox olduğu üçün məcbur olmuşuq ki, öz platformamızla çıxış edək”.

T.Abbaslı S.Cəlaloğlunun ictimaiyyəti qınaması fikri ilə razı olmadığını bildirib: “Burada iki yol var. Ya insanlarımız siyasi baxımdan çox savadsızdırlar, hansı mən bu fikirdə deyiləm, ya da ki, köhnə partiyalar öz ehtiyatlarını tükəndiriblər. Düşünürəm ki, əgər köhnə partiyalar zamanında öz fəaliyyətlərini dayandırsaydılar, yeni partiyalar daha çox uğur əldə edərdilər. Çünki köhnə partiyaların uğursuzluğunun cavbını yeni partiyalar da verməli olurlar. Deyərdim ki, bunun özü də bir yazılmamış qanun kimidir”.

“Dolayısı ilə bir cümləylə köhnə partiya rəhbərlərinin iddialarını cavablanrımalı olsaq, belə deyərdik - ehtiyac olmasa idi yaranmazdıq, əksinə köhnə partiyalar öz dönəmlərini bitirdikcə yeni partiyaların yaranmasına zərurət yaranır”.

Göründüyü kimi, müxalifət düşərgəsində köhnə və ənənəvi müxalifət partiyaları istəsələr də, istəməsələr də öz yerlərini get-gedə yeni partiyalara vermək məcburiyyətinə doğru gedirlər. Hətta nə qədər inadkarlıq göstərsələr belə, yeni müxalifətçilərin gec, ya da tez köhnələri yenmələri daha real görünür. Hər halda, orada olan fikirlər də bunu göstərir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə