“İl-20 ilə bağlı insident daha ağır fəsadlara səbəb ola bilərdi”

“İl-20 ilə bağlı insident daha ağır fəsadlara səbəb ola bilərdi”

İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib ki, Rusiyanın hərbi-kosmik qüvvələrinə məxsus İl-20 təyyarəsinin vurulması ilə bağlı baş vermiş insident daha ağır fəsadlara səbəb ola bilərdi. SİA “Arqumentı i Faktı” nəşrinə istinadən xəbər verir ki, o bu sözləri İsrailin Kan radiokanalına verdiyi müsahibəsində deyib. “Netanyahu hansı fəsadlardan danışdığını dəqiqləşdirməyib”, deyə qeyd edən nəşr həmçinin yazıb ki, İsrailin baş nazirinin sözlərinə görə, İsrail Moskva ilə dialoq mühitini saxlamağı planlaşdırır, eləcə də İranın Suriyadakı hərbi mövcudluğuna qarşı mövqeyini saxlayacaq.

Xatırladaq ki, Rusiyanın hərbi təyyarəsi sentyabrın 18-də vurulub. Təyyarə Suriyaya məxsus S-200 raket kompleksi ilə səhvən hədəfə alınıb. Belə ki, həmin vaxt İsrail qırıcıları Suriyanın Latakiya şəəhərində yerləşən Suriya mövqelərini atəşə tutub. Nəticədə 15 rus hərbçisi həlak olub.

Rusiya tərəfi isə bəyan edib ki, İsrail hərbçiləri zərbə vurulan rayon ərazisində rusiyalı həmkarlarını çaşdırıblar və ona görə də İl-20-ni təhlükəsiz yerə çıxarmaq barədə qərar qəbul edilməyib. İsrail pilotları faktiki olaraq, Rusiya təyyarəsini Suriyanın havadan müdafiə kompleksinin zərbəsi altına yönləndiriblər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə