Moskvada MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası olub

Moskvada MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclası olub

Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) növbəti iclası olub. SİA-nın xəbərinə görə, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçən iclasda 18-dək sənədin layihəsi müzakirə olunub.

Rusiyanın 2010-cu ildə MDB-də başa çatmaqda olan sədrliyi kontekstində beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran mövzuları, Birlik məkanında çoxşaxəli qarşılıqlı fəaliyyətin aktual inkişafı məsələləri müəyyən edilib.

Xarici siyasət idarələrinin başçıları hüquq mühafizə, sərhəd təhlükəsizliyinin təmin olunması və hərbi siyasət sahələrində, habelə humanitar sahədə kollektiv qarşılıqlı fəaliyyətin inkişafına əlavə təkan verməyi nəzərdə tutan sənədlərin layihələrini gözdən keçiriblər.

Müzakirə olunan bir sıra orta və uzunmüddətli xarakterli çoxşaxəli proqram sənədləri imzalamaq üçün dövlət başçılarına təqdim etmək nəzərdə tutulur.

Rusiya XİN-in başçısı S.Lavrov iclasın yekunlarına əsasən bildirib ki, MDB dövlət başçılarının 10 dekabr tarixli zirvə görüşündə sədrlik funksiyasının Birliyin hansı ölkəsinə veriləcəyi məsələsi müzakirə ediləcəkdir. Onun sözlərinə görə, müşavirənin başlıca vəzifəsi MDB ölkələrinin beynəlxalq inkişaf problemləri ilə bağlı qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi olub. Bu baxımdan Qazaxıstanın ATƏT-də başa çatmış sədrliyinə və Astana zirvə görüşünün yekunlarına yüksək qiymət verilib. Nazirlər MDB Dövlət Başçıları Şurasına hazırlıq məsələlərinə xüsusi diqqət yetiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə