Müxalifətin ucuz birlikləri SİYASİ RAKURS

Müxalifətin ucuz birlikləri SİYASİ RAKURS

Sürətlə növbəti fiaskolara doğru

Bu gün siyasi müxalifət arenasında fəaliyyət göstərən, lakin ictimai-siyasi proseslərə heç bir təsir edə bilməyən bir sıra birliklərinin öz fəaliyyətlərini dayandırması heç də təəccüb doğurmur. Çünki "Güc birlikdədir" kimi ibrətverici atalar sözlərini qulaqardına vurub, tamamilə başqa, eləcə də anlaşılmaz "birliklərdən" dəm vuran dağıdıcı müxalifət "liderləri"nin yaratdıqları "birliklər"in aqibətləri əslində, belə də olmalıdır. Çünki onlar cəmiyyət qarşısında heç vaxt səmimi görünməyiblər. Məhz bu səbəbdən də, cəmiyyət onları heç vaxt qəbul etməyib və bu gün də etmir. Bu nəzərəçarpan amil isə özünü hər zaman göstərmişdir. Məsələn, Rüstəm İbrahimbəyovun "Milli Şurası", Eldar Namazovun "EL"-i, bir neçə müxalifət partiyasının "birləşdiyi" "Məşvərət Məclisi", fəaliyyəti dayanmaq üzrə olan "Milli Şura" və s. Bir sözlə, görünən odur ki, siyasi dividend qazanmaq xatirinə "birlik" ideyaları ilə çıxış edən müxalifət "liderləri" belə uğursuz addımları ilə özlərini onsuz da onlara inanmayan xalqdan təcrid etməkdədirlər.

Xarici siyasi dairələr faktoruna söykənən "birliklər"

Bu gün dağıdıcı müxalifətin ən çox müzakirə etdiyi, daha dəqiq desək, saqqız kimi çeynənilən, cəmiyyəti usandıran mövzulardan biri, bəlkə də birincisi, yuxarıda qeyd etdiyimiz kimi, "birlik" çağırışlarıdır. Əgər ötən dövrlərə nəzər salsaq, görərik ki, 1993-cü ildən başlayaraq, yəni son 25 ildə "birlik" çağırışları, demək olar ki, hər zaman aparılıb. Ancaq suallar da yaranıb:bu "birləşmənin" məqsədi-məramı nədən ibarətdir ki, "birliyi" bu qədər vacib faktor hesab edirlər? Söz yox ki, burada daha bir qaçılmaz amil dayanıb - xarici siyasi dairələr faktoru dayanır. Əgər ortada xarici amil mövcuddursa, təbii ki, burada Azərbaycanda olan siyasi-iqtisadi maraqlardır və bu maraqları təmin etmək isə xarici dairələrə hava-su kimi lazımdır. Ona görə də əllərinə keçirdikləri "liderlərə" tapşırıqlarını verməklə, həmin xarici dairələr həm də öz aralarında mübarizə aparmış olurlar. Nəticədə, "birlik" çağırışlarının səmimiyyətsizliyi kifayət qədər ortaya çıxmış olur. Demək, "liderlərin" birlik istəyi yalandan başqa heç bir şey deyil. Cəmiyyət də bunu gözəl hiss edir.

Bu yerdə növbəti belə bir sual ortaya çıxır: əgər bu "liderlərə" "birlik" belə vacibdirsə, niyə vaxtilə böyük siyasi gücə malik Azərbaycan Xalq Cəbhəsi Partiyası bu gün niyə ortada yoxdur..? Məgər BAXCP-nin, DİP-in, BQP-nin, KXCP-nin, "Aydınlar" partiyasının, eləcə də digər çoxsaylı qurumların bu gün bir dam altında - AXCP-də fəaliyyət göstərməməsinin əsas baiskarı kimdir? Çox qəribədir ki, "birlik" istəyən "liderlər" özləri də yaxşı bilir ki, baiskar kimdir və cavab da verirlər ki, Əli Kərimli. Əgər Ə.Kərimli baiskar deyilsə, haradadır vaxtilə AXCP rəhbərliyinə daxil olan şəxslər..?

Hanı..?

Digər tərəfdən, nəyə görə bu gün Ə.Kərimlinin vaxtilə beynəlxalq məsələlər üzrə müavini olmuş Asim Mollazadə onun yanında deyil? Nəyə görə AXCP ali məclisinin sədri Qulamhüseyn Əlibəyli "Aydınlar" partiyasının, AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fazil Mustafa BQP-nin sədridir? AXCP-nin sədr müavini Zəlimxan Məmmədli bu gün nəyə görə Ə.Kərimli ilə birgə "siyasi mübarizəyə" qoşulmayıb? AXCP-nin sədr müavini Mirmahmud Mirəlioğlu hansı səbəblərdən dolayı KXCP sədrinə çevrilib? Eləcə də hanı Qüdrət Həsənquliyev? Hanı Ə.Kərimlinin sağ əli Əli Məsimli? Fuad Mustafayev, Tahir Kərimli, Tofiq Qasımov, Əliməmməd Nuriyev..?

Göründüyü kimi, adları çəkilənlərin və çəkilməyənlərin heç biri AXCP-də yoxdur. Çünki Elçibəy faktorunun yoxluğunun əsas günahkarı da, məhz Ə.Kərimlidir!

Sərdar Cəlaloğlu: "Nəticə əldə etməyi bacarmayan koalisiyada qalmaq faydasızdır"

Məsələn, fəaliyyətini dayandırmış “Antiböhran Koalisiyası”nda təmsl olunmuş və bu qurumun sıralarını tərk edən ADP sədri Sərdar Cəlaloğlu ciddi nəticə əldə etməyi bacarmayan koalisiyada qalmağın faydasız olduğunu vurğulamışdı: "Bir halda ki, bir neçə müxalifət partiyası “Antiböhran Koalisiyası"nda qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bilmədisə, demək həmin birliyin fəaliyyətinə ehtiyac da görmürəm. Çünki oradakı partiyaların əksəriyyəti siyasi səhnədə gözə görünməkdən ötrü ora toplaşmışdılar. Yəni onların məqsədləri heç də böhrandan çıxış yolunu tapmaq olmayıb".

Əhməd Oruc: "Koalisiya ictimai rəydə maraq doğurmayıb və aktuallığını itirib"

Həmin ərəfələrdə "Azadlıq" partiyasının sədri Əhməd Oruc da "Antiböhran Koalisiyası"ndan çıxacağını bəyan edərək, koalisiyanın ictimai rəydə maraq doğurmadığını və aktuallığını itirdiyini demişdi: "Faktiki böhran siyasi səhnədən çıxıb. Böhranla bağlı artıq cəmiyyətdə heç bir gözlənti yoxdur. "Antiböhran Koalisiyası"nın bu məsələləri ortadan götürmək istiqamətində heç bir addımı yoxdur. Nə bir mitinq keçirir, nə millətin diqqətini cəlb edən ideyalar ortaya qoyur".

Beləliklə, fakt budur ki, istər adıçəkilən “koalisiyanın”, istər “İctimai Palata”nın, istər “MKM”-in və digər çoxsaylı birlik və blokların iflasa uğramaları bir reallığı sübut edir: bu cür müxalifətin mövcudluğu əslində demokratik siyasi ab-havaya qarşı zərərlidir. Belə müxalifətə heç adi uşaq da inanmaz. Necə deyərlər, fakt açıq-aşkar şəkildə ortadadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə