Hacı Mircəfər: “Məhərrəmlik başqa bütün mərasimlərdən fərqlənir" ÖZƏL-AÇIQLAMA

Hacı Mircəfər: “Məhərrəmlik başqa bütün mərasimlərdən fərqlənir" ÖZƏL-AÇIQLAMA

“Ümumiyyətlə Məhərrəmlik bir ənənə və mərasim olaraq başqa bütün mərasimlərdən fərqlənir. Məhərrəmlik dünyada yeganə Aşura hadisəsidir ki, qətiyyən digər maddi məqsədlərlə baş verməyib. Yəni İmam Hüseyn (ə) hansısa millətin nümayəndəsi deyil, hansısa torpağın azadlığı üçün döyüşməyib və hansısa maddiyət uğrunda şəhid olmayıb. Düzdür, torpaq, vətən və haqq-ədalət uğrunda ölən də şəhid sayılır”. Bunu SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin fətva və moizələr şöbəsinin əməkdaşı Hacı Mircəfər Əyyubov deyib.

Onun sözlərinə görə, İslama görə namus uğrunda ölən də şəhid sayılır: “İslama görə hətta öz halal ruzisini qazanmağa gedən adam belə ölsə şəhid sayılır. Lakin İmam Hüseyn (ə) qətiyyən maddi səbəb, məqsəd olmadan insanlığın, alicənablığın, məntiqin, mənəviyyatın, haqqın-ədalətin üzə çıxması üçün döyüşüb şəhid olan bir şəxsiyyətdir. Ona görə də İmam Hüseyn (ə) hadisəsi daim yaşamalıdır. Çünki dünyamızda haqq-ədalət, insanlıq, mənəviyyat günü-gündən tənəzzülə doğru gedir. Belə bir dönəmdə İmam Hüseyn (ə) qədim dövrlərdən daha çox aktualdır.

Aşura hadisəsi, Məhərrəmlik hadisəsi, qanvermə aksiyası Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə başlanılmış bir aksiyadır. Bu çox gözəl, dəyərli və humanist bir aksiyadır. Biz bilirik ki, tallesimiyadan əziyyət çəkən xəstələr ancaq qanla yaşaya bilirlər. Bu onlara çox böyük dəstəkdir. Bu gün qana ehtiyac duyan çoxlu xəstələr, çarəsiz insanlar var. Bu dəstəyin İmam Hüseynin (ə) hadisəsi ilə əlaqələndirilməsi ikiqat gözəl addım sayılır. Məhərrəmlik mərasimləri məscidlərdə, ibadət ocaqlarında QMİ-nin fətvasında deyildiyi kimi Dini Qurumlarla İş üzrə Dövlət komitəsi ilə birlikdə təyin olunmuş yerlərdə keçirilir. İnşAllah gələcəkdə də bu hadisənin, ənənənin daha gözəl elmi və mənəvi formada keçirilməsini arzulayıram”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə