Rusiya, İran və Türkiyə dünya ictimaiyyətini Suriyaya köməyi artırmağa çağırıb YEKUN SƏNƏD

Rusiya, İran və Türkiyə dünya ictimaiyyətini Suriyaya köməyi artırmağa çağırıb YEKUN SƏNƏD

“Rusiya, İran və Türkiyə dünya ictimaiyyətini, xüsusilə BMT-ni Suriyaya yardımları artırmağa çağırış edib”. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Tehranda Rusiya, İran və Türkiyə prezidentlərinin sammitinin yekun bəyannaməsində qeyd olunur.

“Rusiya, İran və Türkiyə liderləri beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT və onun humanitar qurumlarını Suriyaya yardımları artırmaq, minalardan təmizlənmə ilə bağlı humanitar fəaliyyətlərin dəstəklənməsi, əsas infrastrukturun bərpası, sosial-iqtisadi qurğuların bərpası və tarixi mirasın qorunması yollarını artırmağa çağırıb”, - deyə yekun sənəddə qeyd olunur.

Sənədə əsasən Rusiya, İran və Türkiyə Suriyanın ərazi bütövlüyünə və BMT Nizamnaməsinin prinsiplərinə sadiq olduqlarını bəyan edir: “Prezidentlər Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, həmçinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə qətiyyətlə bağlı olduqlarını vurğulayıblar”.

Bəyannaməyə əsasən, heç bir tədbir bu prinsipləri pozmamalıdır. Tərəflər sənəddə Suriyanın ərazi bütövlüyünə zərbə vuran separatçılığa qarşı güclü hazırlıqlarını ifadə ediblər.

“Suriya böhranının hərbi həlli yolu yoxdur, məsələ sülh yolu ilə həll edilə bilər. Rusiya, İran və Türkiyə Suriyadakı münaqişənin hərbi yolla deyil, yalnız siyasi proseslər çərçivəsində danışıqlar yolu həlli qənaətindədir”, - deyə bəyannamənin sonunda vurğulanır.

Rusiya, Türkiyə və İran prezidentləri Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani Suriya Milli Dialoq Konqresinin qərarları və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi ilə bağlı siyasi prosesi inkişaf etdirmək üçün Soçidə fəal əməkdaşlığı davam etdirməyə qərarlı olduqlarını təsdiqləyiblər.

Dövlət başçıları Suriyalı qaçqın və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıtması üçün şərait yaratmağın vacibliyini qeyd ediblər. Bu məqsədlə prezidentlər Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, digər ixtisaslaşmış beynəlxalq qurumların eləcə də digər maraqlı tərəflər arasında koordinasiyaya ehtiyac olduğunu vurğulayıblar.

Qeyd edildiyi kimi, prezidentlər suriyalı qaçqın və məcburi köçkünlərlə bağlı beynəlxalq konfransın keçirilməsi haqqında fikir mübadiləsi aparmağa razılaşıblar.

"Rusiya, İran və Türkiyə vətəndaşları qorumaq və Suriyadakı humanitar vəziyyətin yaxşılaşdırılması üçün hər cür səy göstərməyə davam edəcək. Prezidentlər ehtiyacı olan bütün suriyalı vətəndaşlara humanitar yardımın sürətli, təhlükəsiz və maneəsiz şəkildə çatdırılmasını təmin etməklə mülki şəxslərin müdafiəsi və humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində birgə səylərinin davam etdirilməsinin tərəfdarı olduğunu təsdiqləyiblər",- deyə yekun sənəddə vurğulanıb.

Qeyd edək ki, sentyabrın 7-də Tehranda Rusiya, Türkiyə və İran prezidentlərinin iştirakı ilə Suriya münaqişəsi üzrə üçüncü zirvə görüşü keçirilib. Üçlü formatda ilk görüş 22 noyabr 2017-ci il tarixində də Soçidə, ikinci danışıqlar isə aprelin 4-də Ankarada keçirilib. Növbəti zirvə görüşü Rusiyada keçiriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə