“Rusiya Paşinyanla Qarabağ probleminin həlli yollarını müzakirə edə bilər” AÇIQLAMA-ÖZƏL

“Rusiya Paşinyanla Qarabağ probleminin həlli yollarını müzakirə edə bilər” AÇIQLAMA-ÖZƏL

“Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan görüşü zamanı Moskvanın Paşinyana bir çox sualları olacaq. Çünki indiyəqədər Paşinyanın həyata keçirdiyi siyasi kurs bəlli deyil. O, ya Qərbə meyllənir, ya da üzünü Moskvaya çevirərək onlara xoş olan bəyanatlar səsləndirir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Paşinyanın özünü müstəqil, heç kimdən asılı olmayan ölkə rəhbəri kimi aparmağa çalışdığını deyən politoloq bildirib ki, Ermənistan hər zaman Rusiyadan asılı olub: “Ermənistan nə Cənubi Qafqazda reallaşan layihələrdə iştirak edir, nə təbii resursa malikdir, nə dənizə çıxışı, nə də geostrateji imkanları var. Belə olan halda, onun müstəqil siyasət həyata keçirmək niyyəti başa düşülən deyil. Ermənistanın əsas dəstəkçisi hər zaman Rusiya olub”.

Hazırda Ermənistanın acınacaqlı vəziyyətə düşdüyün deyən F.Sadıqov söyləyib ki, Moskva düşmən ölkədən konkret addım gözləyir: “Görünür Paşinyan heç bir addım atmağı bacarmır. O, ABŞ-dan, Qərbdən dəstək gözlədiyi üçün müxtəlif qütblərə özünü yaxşı siyasətçi kimi göstərməyə çalışır. Amma bu, alınmayacaq. Çünki, Rusiya düşmən ölkənin bu cür addımlarına göz yummaq fikrində deyil”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə politoloq söyləyib ki, Azərbaycan Prezidentinin son Rusiyaya səfəri zamanı problemin ciddi şəkildə müzakirə olunması göstərir ki, Paşinyan Putin görüşündə də bu istiqamətdə danışıqlar aparılacaq: “Biz Putinin problemin həlli ilə bağlı mövqeyində müsbət mənada dəyişikliklərin olduğunu görürük. Bu baxımdan düşünürəm ki, Rusiya Soçi görüşündən sonra Paşinyana problemin həlli ilə bağlı məsələləri çatdıra bilər. Ola bilsin ki, hazırda Dağlıq Qarabağın özü ilə bağlı deyil, lakin ətraf rayonların azad olunması prosesi ilə əlaqədar məsələ Moskvada Paşinyanla ciddi şəkildə müzakirə olsun”.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada görüşü nəzərdə tutulur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə