Mais Səfərli: “Onlar ümummilli maraqlara deyil, öz qrup maraqlarına xidmət edirlər” MÜSAHİBƏ
“Yurddaş” partiyasının sədri Mais Səfərlinin SİA-ya müsahibəsi
- Mais bəy, iqtidar-müxalifət dialoqunun növbəti dəfə keçirilməsi planlaşdırılırmı?
- Azərbaycanda demokratik ab-hava var. Yəni ölkəmizdə çoxpartiyalı sistem mövcuddur. Bir sözlə, Azərbaycan demokratik, hüquqi dövlət kimi bütün dövlətlər tərəfindən dəyərləndirilir. Bu gün Azərbaycan postsovet məkanında bu məsələlərdə bir örnəkdir. Hər zaman demokratik dövlətlərdə iqtidar-müxalifət arasında təmaslar və dialoq olur, yəni ümummilli məsələlər ətrafında müzakirələr aparılır. Amma təəssüflər olsun ki, Azərbaycan müxalifətinin tutduğu mövqe və ölkə müxalifətinin bu illər ərzində sərgilədiyi davranış belə dialoqların baş tutmasına imkan verməyib. Demək olar ki, görüşlər nadir hallarda olub. İntensiv görüşlərin baş verməməsinin səbəbi dağıdıcı müxalifət liderlərinin tutduqları qərəzli, qeyri-konstruktiv mövqe ilə bağlıdır.
- Hər dəfə AXCP və Müsavat bu cür görüşlərdə iştirak etməkdən imtina edirlər. Bu təkəbbür, bu iddia nə ilə bağlıdır?
- Bu gün adı çəkilən partiyaların əsas fəaliyyətləri Azərbaycanın davamlı inkişafına mane olmaq, hakimiyyətə qarşı qara yaxmaqdan ibarətdir. Onlar cəmiyyətin dəstəyindən tamamilə məhrum olduqlarına görə, məhz bu cür anormal mövqe tutublar. Müxalifət təmsilçiləri özlərini elə bir günə gətirib qoyublar ki, heç kəs onlarla təmas qurmaq istəmirlər. Demək olar ki, müxalifət partiya sıralarında olan şəxslərdə artıq bu partiyaları tərk edib, gediblər. Bu da liderciklərin əsassız iddialarından və fəaliyyətsizliklərindən irəli gəlir.
- Müsavat və AXCP-nin belə görüşlərdə iştirak etməməsi o anlamı yaratmır ki, sözügedən partiyalar xalqdan ayrı düşmüş təşkilatlardır?
- Çoxpartiyalı sistem demokratiyanın göstəricisidir. Bu gün bu Azərbaycanda var. Təbii ki, belə bir şəraitdə hər zaman iqtidar müxalifət partiyaları arasında təmasların olması, dialoqun olması çox zəruridir. Xüsusilə də, ümummilli məsələlər ətrafında müzakirələr aparmaq vacibdir. Bildiyiniz kimi, bu gün Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Torpaqlarımızın bir hissəsi işğalçı Ermənistan tərəfindən işğal olunub. Belə olan halda elə hesab edirəm ki, belə dialoqların davamlı olması zəruridir. Amma gördüyünüz kimi, hər zaman AXCP və Müsavat belə görüşlərindən qaçırlar. Bu da o deməkdir ki, bunlar ümummilli məsələlərin müzakirəsindən qaçırlar. Deməli ümummilli məsələlərin müzakirəsindən qaçırlarsa, onda onlar ümummilli maraqlara deyil, öz qrup maraqlarına xidmət edilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB