QHT-lərə Dövlət Dəstəyi Şurasında ekoloji layihələrin nəticələri müzakirə ediləcək

QHT-lərə Dövlət Dəstəyi Şurasında ekoloji layihələrin nəticələri müzakirə ediləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2010-cu il ölkəmizdə "Ekologiya ili" elan edilib. Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə daim böyük diqqət yetirən Azərbaycan dövlət başçısının bu təklifi ölkəmizdə geniş əks-səda doğurmuş, şəhərlərin yaşıllaşdırılması, tullantıların emalı, su hövzələrinin qorunması və bir sıra digər ekoloji problemlərlə bağlı genişmiqyaslı aksiyalar keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Ekologiya ili" elan edilmiş 2010-cu ildə keçirdiyi maliyyə müsabiqələrində ekologiya və ətraf mühitin mühafizəsilə bağlı layihələrə xüsusi önəm verib. Şuradan SİA-ya verilən xəbərə görə, qurum tərəfindən maliyyələşdirilmiş layihələr ölkəmizdə xüsusi aktuallıq kəsb edən ekoloji problemlərin ictimaiyyət üçün aktuallaşdırılmasına, ekoloji maarifçilik işinin gücləndirilməsinə, ayrı-ayrı regionlarda ekoloji vəziyyətin monitorinqinə və problemlərin həlli istiqamətində addımların atılmasına yardım edib.

Bunları nəzərə alaraq, Şura 2010-cu ildə maliyyələşdirdiyi ekoloji layihələrin nəticələrinə həsr olunmuş müzakirə keçirəcəkdir. Müzakirədə Şura rəhbərliyi, ekoloji təşkilat və layihələrin rəhbərləri, ekspert və mütəxəssislər iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə