“Almaniyanın Azərbaycanla münasibətləri təkcə enerji ehtiyatları ilə bağlı deyil” AÇIQLAMA-ÖZƏL

“Almaniyanın Azərbaycanla münasibətləri təkcə enerji ehtiyatları ilə bağlı deyil” AÇIQLAMA-ÖZƏL

“Almaniya Kansleri Angela Merkelin səfəri Gürücüstan, Ermənistan və Azərbaycana nəzərdə tutulsa da, əsas məqsəd Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdan ibarətdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Ermənistan dalana dirənən, heç bir perspektivi olmayan dilənçi bir dövlətdir: “Gürcüstan demokratik prinsiplərlə yaşayan, qonşu dövlətlərlə yaxşı münasibət quran, ancaq iqtisadi potensialı zəif olan bir dövlətdir. Azərbaycanın iqtisadi potensialı Cənubu Qafqazın 80 faizini təşkil edir. Ölkəmiz bu gün özünün neft, qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Azərbaycan bu gün sivil, demokratik eyni zamanda Şərq koloritini özündə əks etdirən müasir dövlətdir”.

A.Mirzəzadə vurğulayıb ki, Azərbaycanla münasibət qurmaq artıq Şərqlə münasibətlərin qurulması deməkdir: “Ölkəmizin potensialından istifadə etməklə yeni məqsədlərə doğru irəliləmək deməkdir. Almaniyanın Azərbaycanla münasibətləri təkcə enerji ehtiyatları ilə bağlı deyil, alman şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiya qurması, ölkəmizin sərbəst kapitalının Almaniyanın bu gün ehtiyac duyulan sahələrinə cəlb edilməsi, yaxın Şərq, region məsələlərinin müzakirə edilməsi bu gün gündəlikdə duran əsas məsələlərdir ”.

Deputat qeyd edib ki, Azərbaycanın uğurlu dövlətçilik siyasəti bu gün böyük dövlətlərin, ilk növbədə Almaniyanın diqqətini cəlb edir: “Xanım Angela Merkelin Azərbaycan səfəri eyni zamanda Almaniyanın Dağlıq Qarabağ probleminin həllində yaxından iştirakına dəstək verəcək addım olmalıdır”.

Qeyd edək ki, A.Merkel Cənubi Qafqaza səfəri çərçivəsində avqustun 25-də Azərbaycana gələcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə