Türkiyənin Azərbaycandakı səfiri: “Əgər müharibə başlayarsa, Türkiyə Azərbaycanın yanında olacaq”

Türkiyənin Azərbaycandakı səfiri: “Əgər müharibə başlayarsa, Türkiyə Azərbaycanın yanında olacaq”

"Əgər müharibə başlayarsa, Türkiyə Azərbaycanın yanında olacaq". SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə verdiyi açıqlamasında bildirib. O, qeyd edib ki, regionda stabilliyin əldə edilməsi üçün ilk növbədə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır: "Astana sammiti öncəsi Türkiyə tərəfi çox işlər görüb. İki tərəfli görüşlər keçirib. Regionda ədalətsiz bir vəziyyət mövcuddur. Azərbaycanın torpaqlarının işğal altında olması nəticəsində bölgədə sabitlik mövcud deyil. Biz Türkiyə olaraq regionda stabillik, sülh istəyindəyik. Bu baxımdan Dağlıq Qarabağ məsələsinin tezliklə həll edilməsini, regionda yaşayanların əldə olunacaq inkişafdan yararlanmasını, xalqların sülh və rahatlıq içərisində yaşamasını istəyirik. Hər yerdə Türkiyə dövlət nümayəndələri öz məqsədlərini ortaya qoymamışdan qabaq Dağlıq Qarabağ problemini müzakirə edirlər. Dağlıq Qarabağ məsələsi çox ciddi bir məsələdir və Türkiyə bütün hallarda həmişə Azərbaycanın yanındadır".

 

Azərbaycan və Türkiyə arasındakı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısının keçirilməsi üçün hazırlıq işlərinin getdiyini bildirən səfir qeyd edib ki, hazırlıq işlərinə ötən həftədən başlanıb: "Şuranın toplantısının keçirilməsi üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. Eyni zamanda iclasın vaxtıda hələ dəqiqləşdirilməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə