Media azadlığı, ondan sui-istifadə etmək deyil

Media azadlığı, ondan sui-istifadə etmək deyil

Bəzi qələmşünaslar bu reallığı dərk etməlidirlər

Son günlər sosial şəbəkələrdə klaviatura qəhrəmanlıqları göstərənlər bu dəfə guya Azərbaycanda media azadlığının məhdudlaşdırıldığını iddia edərək, “yeni mövzu” ətrafında var-gəl edirlər. Lakin belələri bir həqiqəti unudurlar ki, hüquqi və demokratik dövlət olan Azərbaycanda media azadlığı ilə yanaşı, həm də KİV haqqında qanun təsbit olunub. Bu qanunlar əsasında fəaliyyət göstərən hər bir kütləvi-informasiya vasitəsi azad şəkildə informasiya toplaya, yaya bilər. Yəni media azadlığı, ondan sui-istifadə etmək deyil.

Onu da qeyd edək ki, hələ 2016-cı ilin noyabrında Prezident İlham Əliyev beynəlxalq informasiya agentliklərinin konqresinin iştirakçıları ilə görüşdə Azərbaycanda mətbuat azadlığının tam şəkildə təmin olunduğunu vurğulayıb. Ölkə başçımız çıxışı zamanı agentliklərin nümayəndə heyətlərinə deyib: "Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar? Əgər sosial şəbəkədə, Facebook-da və Twitter-də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar? Biz qarşımıza bu cür siyasi məqsəd qoymamışıq”.

Bəli, məhz dövlət başçımızın mediaya verdiyi böyük qiymət də göz önündədir. Lakin bu gün fəaliyyətləri dayandırılmış saytlar və s. informasiya mənbələrinin nəyə görə belə bir vəziyyətlə üzləşdiklərini araşdırmadan, eləcə də KİV haqqında qanunu oxumadan Azərbaycan hakimiyyətinə qarşı olmazın iftiralar atırlar. Misal üçün, bəlli müxalifət “liderləri”, xairci ölkələrdə dövlətimiz əleyhinə fəaliyyət göstərən saxta qələmşünaslar, eləcə də “Media Klubu” yaradaraq, oradan müəyyən fondların təlimatlarına canla-başla xidmət edənlər də əslində, hansı informasiya saytının nəyə görə fəaliyyətinə xitam verildiyini çox yaxşı, hətta əla şəkildə anlayırlar. Sadəcə, ağaları onlara əmr verib və həmin əmri yerinə yetirmək lazımdır.

Prezident İlham Əliyev: “Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”

Digər bir xatırlatmanı da etmək yerinə düşərdi. Bu ilin yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində çıxış edən dövlət başçımız cənab İlham Əliyev bir daha media azadlığı ilə bağlı fikirlərini bildirərkən deyib ki, Azərbaycana qarşı media azadlığı ilə bağlı tənqidlərin əsası yoxdur: “Azərbaycanda bütün əsas azadlıqlar təmin olunur. Buraya media azadlığı da aiddir ki, Azərbaycanda media tamamilə azaddır. Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”.

“Bunlar niyə edilir? Səbəb sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir”

Media azadlığı ilə bağlı reytinqlərdə Azərbaycana niyə aşağı dərəcə verildiyinə dair sualı da cavablandıran Azərbaycan Prezidenti deyib ki, bu, siyasi səbəblərlə bağlıdır: “Reallığı dəyişmək olmaz. Bir daha deyirəm ki, Azərbaycanda fundamental azadlıqlar təmin olunur. Bizim hökumətimiz hər bir kəndə genişzolaqlı internetin çatdırılması üçün bir çox vacib layihələr həyata keçirir. Bu qiymətləndirmə çox ədalətsiz yanaşma əsasında təşkil olunub. Bəzən isə bu, düşməncəsinə yanaşmadır. Bu reytinqlər qərbdə bəzi siyasi mərkəzlər tərəfindən təşkil olunub. Bunlar niyə edilir? Səbəb sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir”.

Məhz müstəqil və qətiyyətli siyasət xaricdəki bəzi dairələrin maraqlarına kəskin zərbələr vurur nəticədə hətta texniki səbəbdən bağlanan saytların “müdafiəçilərinə” çevrilən bəlli tərəflər dərhal ölkəmizə qarşı mənfur addımlar atmağa başlayırlar.

Torbalarında pişik olan və fəaliyyətləri dayanan saytların qələmşünasların nədənsə KİV haqqında qanunları pozaraq, reketçiliklə, böhtançılıqla, şərçilik xarakterində fəaliyyət göstərmələrini etiraf etməyə cürətləri çatmır

Onu da xatırlatmaq yerinə düşərdi ki, əgər bu gün ölkəmizin maraqlarına, dövlətimiz əleyhinə sosial şəbəkələrdə, daha dəqiq desək, sosial mediada qarayaxma kampaniyaları aparanlar hələ də anlamırlar ki, əgər ölkəmizdə media azadlığı, internet azadlığı olmasaydı, onlar ağalarının tapşırıqlarını belə asanlıqla icra edə bilməzdilər. Lakin bütün bunları dərk etmələri yerinə, ən adi məişət olayını da az qala mediaya bağlayıb, öz çirkin niyyətlərini güdürlər.

Lakin bu gün “Xural”, “Turan” və s. kimi torbalarında pişik olan və fəaliyyətləri dayanan saytların qələmşünasların nədənsə KİV haqqında qanunları pozaraq, reketçiliklə, böhtançılıqla, şərçilik xarakterində fəaliyyət göstərmələrini etiraf etməyə cürətləri çatmır. Cürətsiz olduqlarına görə də, bəlli mənfur əməlləri ilə suyu bulandırmağa çalışırlar. Ancaq onların bu əməlləri onsuz da xəlbirə su tökmək kimi bir şeydir. Bu baxımdan, zaman keçəcək, bəlkə də nə qədər səhv yolda olduqlarını anlamağa məhkum olacaqlar.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə