Ekspert: "Təcrid siyasəti Ermənistanı getdikcə zəiflədəcək” ÖZƏL-MÖVQE

Ekspert: "Təcrid siyasəti Ermənistanı getdikcə zəiflədəcək” ÖZƏL-MÖVQE

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində “əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq” fikirlərini səsləndirməsi Ermənistan üçün bir dərs olmalıdır”. Bunu SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın bu prosesi uzatması onu göstərir ki, işğalçı ölkə hələ də konstruktiv mövqeyə gəlmək istəmir: “Hesab edirəm ki, buna adekvat olaraq Azərbaycan tərəfi təcrid siyasətini daha da dərinləşdirməlidir. Bu doğru bir addımdır. Bu gün onsuz da Ermənistan çətin bir durumdadır. Görünən odur ki, Ermənistandakı yeni hakimiyyət əvvəlki hakimiyyətin səhvlərindən nəticə çıxarmır. Bu mənada düşünürəm ki, bütün istiqamətlərdə həm dövlət siyasəti səviyyəsində, həm də iqtisadi baxımından təcrid siyasəti aparılmalıdır. Ermənistanda hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sağlam bir yanaşma mövcud deyil. Ermənistana ən böyük zərbə hələ 2016-ci ilin aprel döyüşləri zamanı vuruldu. Bu gün Ermənistan prezidenti Armen Sarkisyan öz əsassız açıqlamalar verir və oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərir. Bunun özü belə ən böyük pozuntudur. Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Axı Ermənistan prezidenti öz oğlunu hərbi xidmətə necə göndərə bilər? Bu onu göstərir ki, işğalçı ölkə hələ də dövlət səviyyəsində separatizmi dəstəkləyir. Bunun özü beynəlxalq hüququn pozulmasına dəlalət edir. Düşünürəm ki, təcrid siyasəti Ermənistanı getdikcə zəiflədəcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə