Çavuşoğlunun Azərbaycana səfərininin önəmli məqamları ŞƏRH-ÖZƏL

Çavuşoğlunun Azərbaycana səfərininin önəmli məqamları ŞƏRH-ÖZƏL

“Azərbaycan-Türkiyə arasında əlaqələri inkişaf perspektivləri çoxdur. İki ölkə arasında münasibətləri digər ölkələr arasında münasibətlərlə müqayisə etmək mümkün deyil. Çünki bu əlaqələr ilk növbədə ortaq dil, ortaq mədəniyyət, ortaq tarix faktorlarına söykənir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, iki ölkə arasında enerji sahəsində həyata keçirilən layihələr Azərbaycan-Türkiyə münasibətlərinin təməlini daha da möhkəmləndirir.

Onun sözlərinə görə, bu təməlin üzərindən inkişaf iki ölkə arasında əlaqələrin daha irəli getməsi üçün perspektivlər yaradır.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfərinə toxunan E. Mirzəbəyli səfərin böyük önəm daşıdığını diqqətə çatdırıb: “Azərbaycanla Türkiyə bütün sahələrdə əməkdaşlıq edir. Bu əməkdaşlıq özünü həm hər iki ölkənin həyatında, həm Avropanın enerji təhlükəsizliyində, həm də regionun digər dövlətlərinin Azərbaycan və Türkiyə ilə yaxından əməkdaşlıq edən ölkələrin də inkişafında biruzə verir. Mövlud Çavuşoğlunun Azərbaycana səfəri zamanı torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı Türkiyənin ənənəvi mövqeyini bir daha təkrarlaması xüsusi ilə qeyd edilməlidir. Bu sübuta yetirir ki, Azərbaycan üçün qırmızı xətt xarakteri daşıyan bu mövqe Türkiyə üçün də eyni statusdadır və qardaş ölkədə də bu məsələyə eyni yanaşma var”.

Siyasi şərhçi qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin ölkəmizin mövqeyini dəstəkləməsi Ermənistan tərəfinin Azərbaycan Türkiyə münasibətləri ilə bağlı manipulyasiya etmək imkanlarını da əlindən alır: “Son dövrlərdə Azərbaycan və Türkiyənin siyasətində nəzərə çarpan çox önəmli məqamlardan biri iki dövlət arasında üçüncü bir qüvvənin daxil olmasına imkan verməmək siyasətidir. Bu bağların heç bir boşluq buraxılmadan möhkəm şəkildə qurulması çox önəmli faktordur”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə