“Hazırda Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artması və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsi anti-Azərbaycan qüvvələri ciddi narahat edir və bu, danılmaz faktdır”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyinin üzvü, Pirallahı rayon Qızıl Aypara cəmiyyətinin sədri Təranə İsgəndərova Gəncə və Sumqayıtda baş verən məlum hadisələrə münasibətini bildirərkən deyib.
Onun sözlərinə görə, baş verən terror və təxribatçılıq olaylarının xaricdən idarə edilməsi faktları sübuta yetirilib və ölkəmizdə sabitliyi pozmağa çalışan radikal dini qruplar hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatları sayəsində saxlanılaraq, istintaqa cəlb olunublar: “İbtidai təfəkkürlü adamların məkrli və mənfur planları baş tutmadı. Çünki Azərbaycan xalqı öz dövlətinin yanındadır və daxili və xarici düşmənlər bilməlidirlər ki, onların cəhdləri puç olacaq. Bu qüvvələr ölkəmizdə xaos yaratmağa çalışsalar da, bir reallığı unudublar: İndi Azərbaycan XX əsrin 90-cı illərini yaşamır, Azərbaycan inkişaf və tərəqqi edən bir ölkə olaraq, dünya miqyasında nüfuzunu artırıb”.
“Anti-Azərbaycan qüvvələrin muzdlu nökərləri sosial şəbəkələri özlərinə tribuna seçiblər”-deyə qeyd edən Təranə İsgəndərova onu da bildirib ki, sosial şəbəkələrdə Azərbaycanda mövcud sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədi ilə aksiyalara cəlb etmək üçün dini şüarlarla çağırışlar edilməsi dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə qarşı qəsd kimi qiymətləndirilməlidir: “Eyni zamanda, din pərdəsi altında fəaliyyət göstərən radikal qrupların cəmiyyətdə insanları iğtişaşlara təhrik etməsi dövlətə qarşı terror cəhdidir və islami dəyərlərimizə tamamilə ziddir. Gəncə hadisələrindən əvvəl həmin təxribatçı qrupların şüarlarında dövlət, hakimiyyət əleyhinə fikirlər üstünlük təşkil edib. Bu hadisələr həm də dövlətimizin möhkəm dayaqlarını sarsıtmaq, din pərdəsi altında xalqın daxilinə sızmaq istəyən fanatiklərin, radikalların, düşmən qüvvələrin Azərbaycandakı əlaltılarının müəyyən edilib zərərsizləşdirilməsinə səbəb oldu. Şübhəsiz ki, Gəncədə “etiraz aksiyası” adı altında törədilən bu cinayətlərin təşkilatçıları və iştirakçıları, həmçinin, Sumqayıtda həbs edilənlər ağır şəkildə cəzalandırılacaqlar”.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB