Müasir Azərbaycan dövlətinin Xilaskarı və Qurucusu FOTOLAR

Müasir Azərbaycan dövlətinin Xilaskarı və Qurucusu FOTOLAR

Azərbaycanın Memarı və Qurucusu Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın dinamik inkişafı, aparılan məqsədyönlü, daxili və xarici siyasəti bugünkü möhtəşəm uğurların təməlini qoydu. Xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatında yeni bir tarix yaratdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından çıxararaq, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Bu gün Onun Azərbaycana rəhbərlik etdiyi dövrü vərəqlədikcə, Ulu Öndər Heydər Əliyev zəkasını, düşüncəsini, müdrikliyini, böyüklüyünü bir daha hiss edir, Ümummilli Liderin respublikamız və xalqımız üçün misilsiz xidmətlər göstərdiyinin şahidi oluruq. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına və xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə başlanıldı. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq oldu. Kənd təsərrüfatının və sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində və əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi.

Həyatını ölkəmizin yüksəlişinə və insanların xoşbəxtliyinə həsr edən Ulu Öndər Heydər Əliyev bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş Onun adı ilə bağlıdır.

XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Böyük siyasətçi iqtisadiyyat, o cümlədən, kənd təsərrüfatı və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist Partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə çevirmək yolunda qətiyyətli mübarizə aparırdı.

Dahi Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində, Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən, qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.

Tarixən qısa bir dövr ərzində, bütövlükdə, respublika ərazisində yüzlərlə zavod, fabrik və istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.

XX əsrin sonlarında beynəlxalq aləmdə və Sovet İttifaqında yaranan əlverişli vəziyyət xalqımıza qəlbində yaşatdığı müstəqillik arzularını yenidən reallaşdırmaq imkanı verdi. 1991-ci ildə sovet imperiyasının süquta uğraması nəticəsində, digər müttəfiq respublikalar kimi, Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də məhv olmasına gətirib çıxaracaqdı. Hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi, cəbhədəki uğursuzluqlar və daxildə separatçı meyillərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi. Belə bir ağır vəziyyətdə Azərbaycan xalqının tələb və istəyi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev müstəqil dövlətçiliyimizi və suverenliyimizi bütün təhlükələrdən və təhdidlərdən xilas etdi. Xalqın tarixinə iz salan 1993-cü il 15 iyun Azərbaycanın ictimai-siyasi və mədəni həyatında hadisəyə çevrildi. Həmin tarixi gün - Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yeni tarixi dövrün əsası qoyuldu. Onun ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyasına, iqtisadiyyatın dirçəlişi strategiyasına və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq, demokratik keçid yoluna qədəm qoyuldu.

Beləliklə də, Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin olunması kimi arzusu yerinə yetdi. Həm ideoloji, həm siyasi, həm sosial-iqtisadi, həm də mədəni sahələrdə ölkəmizdə köklü dəyişikliklər baş verdi. 15 iyundan ötən dövrdən Azərbaycan beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, dünyada söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Təbii ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində əldə olundu.

Ümummilli Lider fəaliyyəti ilə xalqımızın, dövlətimizin inkişafı və gələcəyi üçün işıqlı bir yol açdı. Bu yol sayəsində Azərbaycan bu gün dünya dövlətləri sırasında öz nüfuzu ilə fərqlənir. Ulu Öndərin gərgin əməyi sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin olundu, müstəqil dövlətimizin ilk konstitusiyası yaradıldı, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin fəaliyyəti üçün əsaslı zəmin yaradıldı və Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləməyə başladı.

Bu gün müstəqil Azərbaycan Ümummilli Liderin ideyaları Heydər Əliyev yolu irəliləyərək inkişaf edir. Məhz Heydər Əliyev siyasəti nəticəsində, Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çatıb. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Heydər Əliyev siyasətini inkişaf etdirərək, ölkəmizə yeni-yeni nailiyyətlər qazandırır.

Bu gün Azərbaycan dünyada nüfuzlu dövlətlər sırasındadır. Təbii ki, bu nailiyyət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində qazanılıb. Dövlətimizin başçısının siyasəti xalqımızın mənafeyinə və xoş sabahına xidmət edir. Təsadüfi deyil ki, Azərbaycan dünya dövlətləri ilə iqtisadi, siyasi, mədəni və mənəvi əlaqələri inkişaf etdirir və öz sülhpərvər siyasəti ilə onlara nümunə göstərir. Müstəqil Azərbaycan bir çox beynəlxalq səviyyəli qlobal tədbirlərə ev sahibliyi

edir. Çünki dünya dövlətləri ölkəmizi sülh, sabitlik və əmin-amanlıq məkanı kimi qəbul edir. Bu gün bütün dünya - beynəlxalq aləm Azərbaycanın uğurlarına şahidlik edir. Müasir müstəqil Azərbaycan inkişaf yolunda gələcəyə əmin addımlarla irəliləyir. Bütün sahələrdə dayanıqlı inkişafın əldə olunması üçün məqsədyönlü və ardıcıl işlər görülür. Bu inkişaf bütün bölgələrimizin simasında öz əksini tapır. Azərbaycanın rayonları, şəhər, kənd və qəsəbələri öz abadlığı, gözəlliyi və müasir görkəmi ilə fərqlənir.

Bunlarla yanaşı, insanların sosial durumu - həyat şəraiti, mütəmadi olaraq, yaxşılaşdırılır. Əldə edilən çoxsaylı nailiyyətlər sübut edir ki, Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Bu gün hər bir vətəndaşımız ölkəmizin uğurlarından qürur duyur. Qazanılan nailiyyətlər xalqımızı daha böyük qələbələrə və zəfərlərə ruhlandırır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu islahatlar kursu bu gün uğurla davam etdirilir. İctimai, siyasi, iqtisadi və hüquqi islahatlar həm ayrı-ayrı sahələrin davamlı inkişafını təmin edir və həm də Azərbaycanın qüdrətli dövlət kimi tərəqqisini şərtləndirir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə