Türkiyə-Azərbaycan münasbətlərinin geosiyasi əhəmiyyəti var TƏHLİL
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın seçkilərdən sonra ilk səfərini yenə Azərbaycana etməsi və ölkəmizdən birbaşa Brüsselə yollanacağı bütün dünya ölkələrinə mühüm mesajlardır. Andiçmədən dərhal sonra Azərbaycana edilən səfər, yəni növbəti prezidentlik dövründə ilk rəsmi səfər bir daha qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu isbatlayır. Çox qısa və simvolik xarakter daşısa da, bu səfər Ərdoğanla Əliyevin təməlini qoyduqları ənənənin davamıdır və Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, “Bir millət iki dövlət” prinsplərini özündə ehtiva edir.
Ərdoğanın andiçmədən dərhal sonra ilk səfərini Azərbaycana etməsi iki qardaş ölkənin dost-müttəfiqliyinin sarsılmazlığına işarədir
Türkiyə və Azərbaycan dövlət başçılarının seçkisonrası ilk rəsmi səfərini qardaş ölkəyə edən bu jesti artıq illərdir formalaşmış bir ənənə halını alıb və Ərdoğanın bu dəfə də seçildikdən sonra xaricə ilk səfərini Azərbaycana etməsi hər şeydən öncə iki qardaş ölkənin dost-müttəfiqliyinin sarsılmazlığı, rəsmi Ankara üçün Azərbaycanın məxsusi önəm daşıdığı barədə dünyaya aydın bir mesajdır. Onsuz da bütün dünya dövlətləri Türkiyə-Azərbaycan birliyinin hazırda bütün əməkdaşlıq sferalarını əhatə etməsindən və ilbəil dərinləşməsindən məlumatlıdır. Xüsusən də energetika, təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə ikitərəfli əlaqələrin yüksələn xətt üzrə inkişafı diqqət mərkəzindən kənarda qala bilməz.
Türkiyə prezidentinin çox təhlükəli regional situasiyaya təsadüf edən budəfəki ziyarəti məhz bu baxımdan diqqət mərkəzindədir. Xüsusilə vurğulamaq yerinə düşərdi ki, Ərdoğanın ölkəmizə səfəri regionda baş verən hadisələrin ardınca reallaşır. Bura qonşu dövlətdə, yəni işğalçı Ermənistanda hakimiyyət çevrilişinin yaratdığı yeni reallıqlar, təcavüzkar ölkənin yeni populist rəhbərliyinin avantürist davranışları və təhlükəli gedişləri də daxildir. Təbii ki, təkcə Azərbaycanla deyil, bütövlükdə Türk dünyası ilə ədavət aparan Ermənistanda baş verənlərin, Qərbin bu işğalçı dövləti qızışdırdığının ardınca qardaş ölkə prezidentinin andiçmə mərasimindən dərhal sonra və ilk olaraq məhz Azərbaycana səfəri dünya ictimaiyyətinə bu iki qardaş ölkənin birliyini bəyan edən növbəti jestdir. Bütün dünya ölkələri, ələlxüsus erməniləri dəstəkləyən Qərb bu jesti ölkələrimiz arasında qardaşlıq münasibətlərinin davamına işarə olaraq qəbul edir və bu mənada haqlıdır. İndi hər bir ölkə haqlı olaraq düşünür ki, Türkiyə hər bir sahədə, eyni zamanda düşmənlə mübarizədə Azərbaycanın yanındadır.
Ermənilər başa düşürlər ki, Türkiyə-Azərbaycan birliyini sarsıtmaq mümkünsüzdür və Ermənistanda yaranan xof başadüşüləndir
Əgər Ərdoğanın, onun timsalında Türkiyənin ölkəmizə qardaş münasibət bəsləməsindən dünyanın bir çox ölkələri narahatdırlarsa, gör indi Ermənistan hansı haldadır. Ermənilər çox yaxşı başa düşürlər ki, bu birliyi sarsıtmaq mümkünsüzdür və əslində bu birlik onların başına düşən daş anlamına gəlir. İşğalçılar yaxşı bilirlər ki, Türkiyə Azərbaycana hər zaman dəstəkdir və ölkəmizə düşmən mövqe bəsləyənləri özünə düşmən hesab edir. Öz yerini baş nazir kürsüsündə rahatlayan Paşinyan kimi küçə nümayişçisindən tutmuş havadarlarına qədər hər kəs dərk edir ki, Türkiyə proseslərə biganə qalmaq niyyətində deyil. Nə işğalçıların mövqeyi, nə də bir az əvvəl belində çanta küçə və dalanlarda qara-qışqırıq salan Nikolun uğursuz bəyanatları Türk dünyası üçün qənaətbəxş hesab oluna bilməz və şübhə yox ki, tərəflər bununla bağlı da vahid mövqe sərgiləyəcək, düşmən tərəfə növbəti ismarıclar göndərəcək. Əlbəttə ki, söhbət həmçinin, həlli uzanan Qarabağ məsələsindən və xeyli dərəcədə artan müharibə riskindən də gedir.
Türkiyənin Zeytun budağı əməliyyatları və əldə etdiyi qələbələr, mükəmməl qalibiyyət onsuz da ermənilərin kürkünə birə salmışdı və indi türklərin hansı gücə sahib olduqları, hansı nüfuza malik olduqları işğalçıların yuxusunu da ərşə çəkib. Digər tərəfdən Rusiya kimi regionda söz və nüfuz sahibi olan bir dövlətin də Türkiyə ilə hesablaşması danılmaz fakt kimi erməniləri çox məyus edir. Üstəlik dünya dövlətlərinin Türkiyənin mübarizəsinə mane ola bilməməsi də, Ərdoğanın qısa bir zaman kəsiyində terrorçuları məhv etməsi də ermənilər üçün çox ağır zərbədir. Çünki, Türkiyənin mübarizə apardığı terrorçuluq işğalçı Ermənistanın da strategiyasının əsasını təşkil edir və ermənilər çox yaxşı başa düşürlər ki, növbəti hədəf onlar özləri də ola bilər. Məhz bu baxımdan qardaş ölkə prezidentinin andiçmə mərasimindən sonra ilk öncə terrorçuların əməllərinin nəticəsi olaraq Qarabağ problemi yaşayan Azərbaycana səfərinin bütün Ermənistanda dəhşətli bir xof yaratması başadüşüləndir.
İki qardaş ölkə arasında tarixi hərbi saziş günün reallığıdır və artıq Qarabağ Türkiyənin də problemi olaraq qəbul edilə bilər
Ekspertlər hesab edirlər ki, Türkiyə prezidentinin Azərbaycana bu səfəri zamanı ölkələrimiz arasında tarixi hərbi saziş də imzalana və iki dövlət arasındakı münasibətləri bir qədər də irəli səviyyəyə daşıya bilər. Hətta simvolik xarakter daşıyan qısamüddətli bu səfər zamanı tarixi hərbi saziş imzalanmasa belə bu sazişin zəruriliyinə zərrə qədər şübhə yoxdur və ən yaxın gələcəkdə belə bir sazişin reallaşacağı öz aktuallığını qoruyur. Azərbaycan və Türkiyə uzun müddətdir ki, hərbi-siyasi sazişin bağlanmasına, iki ölkə arasında hərbi ittifaqın mövcudluğunu həyata keçirməyə can atırdısa da Türkiyə parlamentində belə bir ittifaqın yaradılması üçün razılıq əldə etmək çətin idi. Hazırda isə hakim koalisiya parlamentdə yerlərin əksəriyyətini əldə edib və prezident üsul idarəsinə keçid həmçinin Ərdoğan hakimiyyətini bir az da gücləndirib. Məhz bu baxımdan iki ölkə arasında hərbi-siyasi münasibətləri daha yüksək səviyyəyə qaldıra biləcək sazişin imzalanma zərurəti və reallığı artıq bundan sonra şübhə doğura bilməz.
Hərbi-siyasi sazişin imzalanması həm ölkədə qanunvericilik səviyyəsində, həm də NATO ilə razılaşdırılmış şəkildə də mümkündür. Onsuz da Ərdoğan kifayət qədər müstəqil siyasət aparır və məhz bu baxımdan Azərbaycan üçün çox önəmli olan belə bir sazişin imzalanmasına nail olmaq günün reallığıdır. Nəzərə almaq lazımdır ki, həmin saziş imzalanarsa, artıq Qarabağ təkcə Azərbaycanın problemi olmaqdan çıxaraq, eyni zamanda Türkiyənin də problemi olaraq qəbul edilə bilər. Sözsüz ki, bu, imzalanacaq sənədin müddəalarından asılıdır və Türkiyənin artıq Azərbaycanın ərazi bütövlüyü məsələsində daha qətiyyətli addımlar ata bilməsi üçün belə bir sazişin imzalanmasında maraqlı olduğu şübhə doğura bilməz. Ona görə şübhə doğura bilməz ki, Ərdoğan Qarabağ problemini də özünün seçki platformasına daxil etmişdi və bu da eyni zamanda təsdiq edir ki, həmin sazişin reallaşması özünü çox gözlətməyəcək.
Çox güman ki, Belçikanın paytaxtında Ərdoğanla Paşinyan qarşılaşa da bilər və bu zaman Türkiyə-Ermənistan sərhəddi, həmçinin Qarabağ məsələsi də müzakirə mövzusu ola bilər. Təbii ki, sadalanan reallıqlar fonunda Ərdoğan dilemmalarla çıxış etmək iqtidarındadır və Nikolun bu reallıqları qəbul etməkdən başqa çıxış yolu da qalmır. Əlbəttə, öz ağılsız, düşünülməmiş qərarları kimi bunu da qəbul etməyəcəyi təqdirdə ölkəsini hansı sonluq gözləyəcəyinin fərqində olmasa da bu onun problemidir. Amma Qərbin marianeti olan, bir müddət öncə nümayişçi kimi önə atılan bu baş nazirin onsuz da ipi öz əlində deyil və siyasi səhnədən zərrə qədər baş çıxara bilməyən Nikola havadarları düşünülməmiş qərarlar verməyə çətin ki, izn versinlər.
Göründüyü kimi Ərdoğanın bu addımı, yəni andiçmə mərasimindən dərhal sonra və ilk dəfə Azərbaycana rəsmi səfəri Türkiyə və Azərbaycanın təkcə siyasi-iqtisadi kontekstdə deyil, həm də mənəvi-psixoloji münasibətlərdə də çox yaxın olduğunun sübutu kimi qiymətləndirilir. Türkiyə-Azərbaycan münasbətləri dünya səviyyəsində müşahidə olunmayan yaxınlığa malikdir və bunu beynəlxalq ictimaiyyət də çox gözəl dərk edir. Bu baxımdan belə yaxınlığın böyük geosiyasi əhəmiyyəti danılmazdır. Gələcəkdə də iki qardaş ölkənin bütün sahələr üzrə daha da yaxınlaşması mühüm əhəmiyyət kəsb edir və bir millət olaraq Türk dünyasının gücünün daha da artmasına, inkişafına xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB