İlqar Orucov: “Təxribatlar Əli Kərimli və onun yaxın ətrafı tərəfindən idarə olunur” AÇIQLAMA

İlqar Orucov: “Təxribatlar Əli Kərimli və onun yaxın ətrafı tərəfindən idarə olunur” AÇIQLAMA

“Azərbaycanda son günlərdə baş verən hadisələr-istər Mingəçevir İstilik Elektrik Stansiyasındakı məlum qəza, istərsə də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsi kimi kriminal terror olayından sonra təəssüflər olsun ki, biz dağıdıcı müxalifətin xoşagəlməz və ikrah doğurucu münasibətinin növbəti dəfə şahidi olduq”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, Mingəçevir İES-dakı qəzadan sonra radikal və təxribat xarakterli çağırışlar həm ölkə xaricində oturub xalqa vəkillik iddiasında olan bir qrup xəstə təfəkkürlü, bu xalqa, bu dövlətə qarşı ən çirkin formada mübarizə aparan insanlarla bərabər, Azərbaycanda özünə müxalifət deyən və zaman-zaman xaricdəki havadarlarının diktəsi ilə Azərbaycanda xaos yaratmaq istəyən qüvvələr tərəfindən həyata keçirilirdi: “Mingəçevirdəki məlum olay havaların kəskin isti keçməsi səbəbindən dolayı baş vermiş bir fövqəladə hadisə idisə, bu məsələnin siyasətə daşınması cəhdləri nə demək idi? Dünyanın müxtəlif ölkələrində oxşar və ya fərqli bədbəxt hadisələr, qəzalar baş verir, ölkələr günlərlə işıqsız qalır, amma, onlarda bu tipli radikallıq nümayiş etdirilmir. Mən sırf Mingəçevir olayında hansısa məsuliyyətsizliyin ola biləcəyini inkar etmirəm və ya ona haqq qazandırmıram. Bu cür kritik bir məqamda faciəni fürsət bilib iyrənc formada mübarizəyə başlamaq cəhdlərinə, təxribat yaratmaq istəyinə isə xəyanətdən başqa ad verə bilmirəm. Ölkə başçısının dərhal proseslərə ən sərt formada reaksiyası, müvafiq Dövlət Komissiyasının yaradılması və hadisənin qısa müddətdə aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqlardan sonra növbəti hadisə Gəncədə şəhər rəhbərinə qarşı silahlı hücum baş verdi və yenə də bu milli satqınların kəskin “fəallaşması” baş verdi. Sanki, hər iki hadisədə paralellər dərhal nəzərə çarpdı. Təxribatlar Əli Kərimli və onun yaxın ətrafı tərəfindən idarə olunan saxta profillərdən, Avropada oturub ilin əvvəlindən ölkəyə qarşı söyüş terroru həyata keçirən xəyanətkar satqınlar tərəfindən həyata keçirilməyə başlandı. Demokratiya donu geninmiş bu satqınların simasını xalq növbəti dəfə gördü. Ölkənin ayrı-ayrı şəhər və rayonlarında vəzifəli şəxslərə, məmurlara qarşı terror çağırışları edənlər məhz bu “demokratiya” carçıları idi. Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır, o, bu çağırıları birmənalı olaraq rədd etdi, hadisələrə münasibətdə sağlam mövqe sərgilədi. Ölkədə mövcud olan dövlət-cəmiyyət həmrəyliyi, iqtidar-xalq birliyi bütün bu kimi iyrənc mübarizə metodlarının iflasa uğramasına səbəb oldu. Amma, fikrimcə bu cür məqamlarda və ümumiyyətlə hər bir zaman xalq ayıq-sayıq olmalıdır. Dövlətçiliyimizə qarşı yönəlmiş istənilən məkrli niyyətin puç olması üçün, müstəqilliyimizin əbədi və daimi olması naminə hər zaman öz sözünü və birliyini nümayiş etdirməlidir. Çünki, qarşıda növbəti təxribatların olmayacağını demək sadəcə mümkün deyil. Hesab edirəm müvafiq strukturlar, güc qurumları bu cür iyrənc mübarizə üsulunu seçənləri və onlara dəstək verənləri müəyyənləşdirərək zərərsizləşdirməkdə ardıcıl işlər görməlidirlər. Bu gün Azərbaycan dövləti Cənab Prezidentimiz İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq dünyanın ən təhlükəsiz və stabil dövlətləri sırasında ön yerlərdə mövqe tutmuşdur və bütün uğurların kökündə məhz bu stabillik dayanıb. Biz yeni tarixdə ən stabil dövlətlərdə belə ani olaraq qarışıqlıq yaratmaq, ərəb dövlətlərini vətəndaş müharibələrinə sürükləmək planlarının nəticələri, dövlətlərin sonu bilinməyən xaosa sürükləndiklərini görmüşük. Bütün bu kimi proseslər həmin dövlətlərdə olan milli xainlərin dəstəyi və köməyi ilə baş tutmuşdur. Ona görə də, qeyri-sivil yolla mübarizə aparmaq istəyən istənilən qüvvə ən sərt şəkildə qanunun gücü ilə cavabını almalıdır. Bu gün Azərbaycanda insanların istənilən narazılığını ifadə etmək üçün hər bir imkan mövcuddur. Ölkə başçısının tapşırığı ilə mərkəzi icra hakimiyyətlərinin rəhbərləri vətəndaşları regionlarda qəbul edərək problemlərinin aradan qaldırılması üçün qəbullar təşkil edirlər. Ölkə başçısı hər bir dövlət məmurunun vəzifəsinin vətəndaşlara xidmət etmək olduğunu hər zaman bəyan edir və bu tapşırığa əməl etməyən istənilən məmur ən sərt formada cəzalandırılır və gələcəkdə də proses davam etdiriləcək. Yəni, kimlərinsə dövlətlə vətəndaşlar arasına girərək təxribat cəhdləri əbəsdir və bu kimi fəaliyyətlər heç vaxt reallaşa bilməyəcəkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə