Niyaməddin Orduxanlı: “Nə Əli Kərimli, nə də ki, adı çəkilən digər şəxslər heç zaman 40-45 dərəcə istidə mitinq keçirməyiblər” MÜSAHİBƏ
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının SİA-ya müsahibəsi
- Niyaməddin bəy, “Milli Şura”, Müsavat və digər partiyalar ayın sonunda mitinq keçirtmək iddiası ilə çıxış edirlər. Sizcə, belə bir mitinqin hazırkı məqamda keçirilməsinə zərurət varmı?
- Bu gün radikal siyasi qüvvələr indiki situasiyadan bəhrələnmək istəyir. Gəncədə ki, məlum hadisədən və Mingəçevir elektrik stansiyasında baş verən məlum qəza hadisəsindən müxalifətçilər faydalanmaq niyyətinə düşüblər. Bu da təsadüfü hal deyil. Terrorçu Y. Səfərovun həyata keçirdiyi hadisə radikal müxalifət düşərgəsini təmsil edən şəxsləri hərəkətə gətirdi. Bu da onun göstəricisidir ki, bu təxribat, baş vermiş terror hadisəsi, yəni dövlət məmuruna qarşı silahlı terror və bunların çağırışları bir mərkəzdən idarə olunur. Bir sözlə, dövlətə və Azərbaycan xalqına qarşı törədilmiş cinayət nəticəsində bu şəxslər fəallaşıblar. Adları çəkilən şəxslərin keçirdikləri mitinq stastikasına nəzər yetirsək görərik ki, nə Ə. Kərimli, nə də ki, adı çəkilən digər şəxslər heç zaman 40-45 dərəcə istidə mitinq keçirməyiblər. Burada söhbət ondan gedir ki, bu şəxslər məqsədli, planlı şəkildə həmin iştirakçıya çevriliblər. Yəni onlar Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş təxribatın iştirakçısına çevriliblər.
- Bu birbaşa onların terrorçu ilə həmfikir olduqlarının göstəricisi sayıla bilər?
- Buna şübhədə yoxdur. Heç bir zərurət olmadığı halda dağıdıcı ünsürlər meydana çıxırlar və düşünürlər ki, Azərbaycan cəmiyyətinin bununla dəstəyini qazana biləcəklər. Yəni onların fikrincə, guya bunlar bu cür mitinq keçirməklə kütləvi dəstək əldə edəcəklər. “Milli Şura”-nın, Müsavatın və digər partiyaların mitinq keçirtmək istəkləri buna hesablanıb. Amma adları çəkilən bu şəxslər heç bir halda xalqın dəstəyini qazanmayacaqlar. Çünki Azərbaycan xalqı çox yaxşı bilir ki, baş vermiş bu hadisə terrordur və Y.Səfərovun törətdiyi cinayət əməli bir başa Azərbaycanda sabitliyin pozulmasına yönəlibdir. Yəni dövlət məmuruna qarşı sui-qəsd etmək və bununla da ölkədə xaos vəziyyət yaratmaq və öz istəklərinə nail olmaqdan ibarətdir. Planlarını isə heç zaman reallaşdıra bilməyəcəklər.
- Son günlər AXCP sədri Əli Kərimli məlum hadisələrlə bağlı çox fəal anti-təbliğat kampaniyası aparır. Bu şəxs bu cür xoşagəlməz hadisələrdən öz siyasi məqsədləri üçün istifadə etməklə nəyə nail olmaq istəyir?
- Bu hadisələr heç də təsadüfü baş verməyib. Cənab Prezident İlham Əliyev bununla bağlı komissiya yaradıb. Bu məsələ bütün detallarına qədər araşdırılaraq cəmiyyətə məlumat veriləcəkdir. Yəni baş vermiş həmin o qəza və onun ardınca isə Gəncədə icra hakimiyyətinin başçısına qarşı sui-qəsd planı və sosial şəbəkələrdə itaətsizliyə çağırışlar və insanları struktur rəhbərlərinə qarşı terror törətməyə çağırış və s.kimi məsələlər xaricdən Bakıdakı əlaltılarına verilən təlimatlardandır. İndi isə dağıdıcı ünsürlər ortaya çıxaraq “biz mitinq keçirmək istəyirik” deməklə nəzərdə tutulan təxribatlarını davam etdirmək istəyirlər. Yəni, bütün bunlar ssenarinin tərkib hissəsidir. Bu, Azərbaycan dövlətini, Azərbaycanın milli maraqlarını sevməyən və ölkədəki sabitliyin pozulmasına bütün imkanları ilə çalışan qara qüvvələrin apardığı bir siyasətdir. Heç bir halda adları çəkilən şəxslər 45 dərəcə istidə mitinq keçirməyiblər. Görünür həmin tapşırığa əsasən onlar bu prosesə başlamaq istəyirlər. Yəni adları çəkilən şəxslər tapşırıq alıblar və bu tapşırıq əsasında bu prosesi həyata keçirmək istəyirlər. Amma həmin radikal müxalifət düşərgəsini təmsil edən şəxslər yaxşı bilməlidirlər, xalq onları rədd edir. Heç zaman xalq sabitliyin və məkrli planların həyata keçirilməsinə imkan verməyəcək.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB