Deputat: "Beynəlxalq təşkilatlar hüququn aliliyinə riayət etməlidirlər" ŞƏRH
“Bizim istəyimiz dünyada haqq-ədalətin beynəlxalq hüquq normaları çərçivəsində bərqərar olunmasıdır. Lakin çox təəssüf ki, bir sıra dünya təşkilatlarında hüququn aliliyi unudulur. Nəticədə dünyada mövcud olan münaqişələri öz həllini tapmır, böhranlar daha da dərinləşir”. Bu fikirləri SİA-ya millət vəkili Asim Mollazadə Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrə münasibət bildirərkən deyib.
O bildirib ki, yeganə çıxış yolu məhz oyun qaydalarını müəyyənləşdirərək, beynəlxalq hüquq normalarına riayət etməkdir.
Deputatın sözlərinə görə, hazırkı vəziyyətdə ondan ibarətdir ki, güclünün haqları zəifin haqlarından üstündür və b, bir sıra faciələrin səbəbinə çevrilib: “Azərbaycan da məhz belə münasibətin qurbanı olub. Təcavüzkarı cilovlamaq üçün beynəlxalq hüquq normaların istifadə olundu. Çox təəssüf ki, beynəlxalq təşkilatlar öz təməl sənədlərinə çox diqqətsiz yanaşırlar. Buna görə də Azərbaycan siyasilərinin bütün beynəlxalq təşkilatların iclasında Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməsinin əsas məqsədi bu istiqamətdə hüququn aliliyini müdafiə edib, bu normaların beynəlxalq təşkilatların prinsiplərinə daxil etməsidir. Beynəlxalq təşkilatlar hüququn aliliyinə riayət etməlidirlər”.
Bu prosesdə Azərbaycanla həmfikir olanları ali dəyərləri müdafiə etməyə çağıran A. Mollazadə söyləyib ki, ATƏT-də İtaliya sədrliyini təmsil edən xarici işlər nazirinin müavinin Azərbaycan nümayəndə heyətinin çıxışına cavab olaraq səsləndirdiyi fikirlər təşkilatın təməl sənədində öz əksini tapmalıdır.
Məlumat üçün nəzərinizə çatdıraq ki, Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının plenar iclasında qurumun vitse-prezidenti, millət vəkili Azay Quliyev dondurulmuş münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həllində ATƏT-in Minsk qrupunun qeyri-effektivliyi məsələsini qaldırıb.
Deputat ATƏT-in üzv dövlətlərin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləməsinin zəruriliyini və bir dövlətin ərazisinin digər dövlət tərəfindən işğal edilməsi faktının qəti surətdə qəbuledilməz olduğunu qeyd edib.
ATƏT-in vitse-prezidenti bu kontekstdə ikili standartların tətbiqinin yolverilməz olduğunu vurğulayıb. O, Minsk konfransının çağırılmasını zəruri hesab edərək bildirib ki, orada münaqişə Minsk qrupunun cəhd göstərdiyindən daha qısa vaxtda öz həllini tapa bilər.
ATƏT-də İtaliya sədrliyini təmsil edən xarici işlər nazirinin müavini Quqlielmo Pikki Azərbaycan nümayəndəsinin sualına cavab verərkən deyib ki, həlli indiyədək uzadılan münaqişələrin tənzimlənməsində tərəqqiyə nail olmaq üçün İtaliya sədr-dövlət kimi malik olduğu bütün imkan və mexanizmləri işə salmağa hazırdır. O, məlumat verib ki, azərbaycanlı həmkarının danışıqlar prosesini irəlilətmək məqsədilə Minsk konfransını çağırmaq barədə təklifi də nəzərə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB