Rəsul Quliyev yenidən müxalifətə qarşı hücuma keçdi MÜXALİFƏT

Rəsul Quliyev yenidən müxalifətə qarşı hücuma keçdi MÜXALİFƏT

AXCP və Müsavat rəhbərliyi sabiq spikerin ittihamlarına qarşı əks-arqument qoymağı bacarmadı

Hazırda ABŞ-da mühacir həyatı yaşayan eks-spiker Rəsul Quliyev son günlər ənənəvi düşərgədə baş verən gizli və açıq savaşlara növbəti münasibətini bildirib. Sosial şəbəkənin imkanlarından maksimum yararlanan R.Quliyev facebookda canlı yayım vasitəsilə radikal təmayüllü müxalifət “liderlərinə” qarşı hücum edərək, demək olar ki, qasırğa kimi əsib və aranı yenidən qatmağı bacarıb. Çünki onun sərt tondakı ittihamları, eləcə də kinayəli ifadələri qarşı tərəfin reaksiyasızlığı ilə nəticələnib. Daha dəqiq desək, R.Quliyevin ittihamlarına reaksiyasızlıqla reaksiya verən radikal “liderlər” necə deyərlər, günahkar keçi olduqlarını dolayısı ilə etiraf ediblər.

Sabiq spiker: "AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlarla sübut etdilər"

Məsələn, sabiq spiker ilk öncə vaxtilə təmsil olunduğu "Milli Şura" rəhbərliyini hədəfə alaraq, oranı ayrıca qurum kimi deyil, məhz AXCP-nin və Əli Kərimlinin yedək təşkilatı olduğunu iddia edib. İttihamlarının baza hissəsini "Azərbaycanda müxalifət yoxdur" kontekstində quran R.Quliyev bəyan edib ki, əslində "Milli Şura" real olaraq yoxdur. Onun sadəcə adı mövcuddur ki, oradakılar həmin quru ad vasitəsilə maraqlarını təmin etməyə cəhdlər göstərirlər. Sitat: ""Milli Şura" felən mövcud olmayan qurumdur. Keçmiş "Ziyalılar Forumu"nun bir qrup şəxsi özlərini "Milli Şura" adlandırırlar. Onlar özlərini "Ziyalılar Forumu" da adlandıra bilməzlər. Çünki o forumun iştirakçılarının 40%-i belə, ziyalı deyillər. "Milli Şura"nı yaradan siyasi partiyaların heç biri hazırda orada təmsil olunmurlar. Yalnız AXCP-dən başqa".

Beləliklə, ilk görünən budur ki, həqiqətən də "Milli Şura" adlı qurum, ümumiyyətləadı olan, özü olmayan bir qurumdur. Hətta mətbuat olmayan bu qurum barədə bir neçə gün yazmasa, ümumiyyətlə quru adı da əriyib yox olacaq. Sadəcə, "Milli Şura"nı əlində saxlamağa cəhd edən yeganə fərd varsa, o da AXCP sədri Ə.Kərimlidir. SİTAT: "Bu qurum 2013-cü ilin prezident seçkilərindən sonra süqut edib. AXCP-dən ibarət olan "Milli Şura" Azərbaycanda müxalifətin olmadığını icazəli mitinqlərə çıxartdıqları insanlarla sübut etdilər. Metronun yaxınlığındakı stadionda iki minlik mitinqlə başladılar və 300 iştirakçı ilə aksiyalarını başa vurdular. Mitinqləri yarım saat gec başlayır və yarım saat da tez başa vururdular. Çünki insanlar sona qədər qalmırdılar".

Rəsul Quliyev: "2005-13-cü illərdə onların atdıqları addımlar uğurlarımızı tar-mar etdi..."

Daha bir maraqlı nüanslardan biri də Quliyevin "Milli Şura", AXCP ilə yanaşı, ənənəvi düşərgədəki digər müxalifət partiyalarının da bostanlarına daş atmasıdır. Məsələn, zamanında "Milli Şura"da olan, hazırda isə başqa cinaha keçərək müxtəlif adlar altında fəaliyyət göstərən siyasi təşkilatların boş işlərlə məşğul olduğunu iddia edən sabiq spiker qarşı tərəfin səylərinin heç bir nəticə verə bilməyəcəyini vurğulayıb. Üstəlik, özlərini “lider” elan edənlərin də bu iddialarına böyük şübhə ilə yanaşdığını bildirib. SİTAT: "Vaxtı ilə "Milli Şura"ya daxil olan 10-larla qurum böhranla bağlı "Antiböhran" koalisiyası yaratdılar. Lakin ortada heç bir reallıq görünmədi. Əksinə, bütün müxalifət böhran işində çabalayır. Ümumiyyətlə, 1993-cü ildən bu yana olan fəaliyyətlərinə baxaraq, onların “liderlik” rolunu oynayacaqlarına şübhəm var. Real vəziyyətdə bu şəxslər özlərini lider kimi göstərməyiblər. Hətta onlarla birlikdə olduğumuz 2005-13-cü illərdə onların atdıqları addımlar uğurlarımızı tar-mar etdi..."

Buradan da görünür ki, R.Quliyev vaxtilə onlarla birgə olduğuna, eləcə də onlara inandığına görə hazırda peşmançılıq çəkir. Çünki ona verilən vədlərin heç biri yerinə yetirilməmiş qalmaqla yanaşı, ölkəyə qayıdışı üçün xərclədiyi on minlərlə dollar pulları da məhz radikal müxalifət “ldierləri” tərəfindən yeyildi.

ADP sədri Sərdar Cəlaloğlu Rəsul Quliyevə dəstək verdi: "Əli Kərimlinin dəstəsində olan bəzi şəxslər yanlış hərəkət edərək, Gürcüstanda ermənilərdən pul aldılar"

Növbəti vacib məqamlardan biri də vaxitlə R.Quliyevi özünə ldier seçmiş ADP sədri Sərdar Cəlaloğlunun onun ittihamlarına ikibaşlı reaksiyasıdır. Hazırda siyasətdən daha çox "elmi işlərlə" məşğul olduğunu iddia edən S.Cəlaloğlu bu dəfə R.Quliyevin sözlərinə susqun qalmağı bacarmayıb. Sabiq spikerin ölkədə müxalifətin olmaması iddiasına gəlincə, ADP sədri əks-iddia ilə çıxış edib ki, guya ən güclü müxalifətçilyi onun partiyası edir. Ancaq o, müəyyən məqamlarda keçmiş lideri ilə razılaşdığını da istisna etməyib: "...Rəsul Quliyev Azərbaycanda olmadığına görə onun fikirləri düzgün olmaya bilər. Amma 2005-ci illə bağlı fikirləri ilə qismən razıyam. O vaxt yanlış addımlar atıldı. Nəticədə, nailiyyətlər əldə edə bilmədik...Sonra Ə.Kərimlinin dəstəsində olan bəzi şəxslər yanlış hərəkət edərək, ermənilərdən pul aldılar. R.Quliyevin fikirlərinin hamısını yanlış kimi qələmə vermək olmaz. Eyni zamanda, fikirlərin hamısını da doğru kimi qəbul etmək düzgün olmazdı. Bu baxımdan, tənqidləri ilə həm qismən razıyam, həm də razı deyiləm".

Müsavat rəhbərliyi yaxasını kənara çəkdi və çeynənmiş cavabla kifayətləndi - Gülağa Aslanlı: "Rəsul Quliyev bitmiş siyasətçidir..."

Müsavat partiyasının icra aparatının sədri Gülağa Aslanlıdan da R.Quliyevin ittihamlarına cavab gecikməyib və o, sabiq spikerin sözlərinə ciddi əhəmiyyət verməyini ifadə etməklə yanaşı, onu bitkin siyasətçi adlandırıb. Hətta Müsavat rəhbərliyinin bundan sonra R.Quliyevin fikirlərinə şərh verilməyəcəyini deyib: "R.Quliyev bitmiş siyasətçidir. Bunun üçün də onun nə deməsinə hər hansı bir şərh vermək istəmirəm. O, bitmiş şəxsdir, bitmiş siyasətçidir. Onun fikirlərinin Müsavat partiyası üçün heç bir əhəmiyyəti yoxdur".

"Milli Şura"a və AXCP cinaından isə, ümumiyyətlə mövqe bildirməyyib ki, bu da hər iki tərəfin Quliyevin irəli sürdüyü ittihamlarında haqlı olmasının etirafı kimi qəbul oluna bilər. Çünki ən azından etiraz, yaxud da əks-arqument ola bilərdi. Yoxdursa, demək, sabiq-spiker müxalifətlə bağlı fkirlərində haqlı olduğunu tamamilə sübuta yetirməyi bacarıb. Hər şey göz önündədir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə