“Milli Şura”ya ehtiyac varmı? TƏRS BAXIŞ

“Milli Şura”ya ehtiyac varmı? TƏRS BAXIŞ

Qurum son nəfəsini verir

2013-cü ilin prezident seçkiləri ərəfəsində yaradılan və hazırkı dövrə qədər heç bir siyasi uğur əldə edə bilməyən “Milli Şura”nın artıq son nəfəs verdiyi kimsəyə sirr deyil. Hətta bu qurumun koordinasiya şurasının yaxın günlərdə toplantı keçirərək, fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar verəcəyi ilə bağlı fikirlər də müxtəlif kuluarlarda, xüsusilə sosial şəbəkələrdə səslənməkdədir. Bəllidir ki, daha öncə müxalifətin “birliyi” qismində fəaliyyət göstərən “İctimai Palata” süquta uğradıqdan sonra “Milli Şura”nın yaradılması müəyyən xarici qüvvələrin maliyyə dəstəyi ilə baş tutmuşdu və bu məsələdə Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən “Milyarderlər İttifaqı” xüsusi rol oynayıb. Lakin sonradan bu qurumun daxilində dəfələrlə baş vermiş qarşıdurmalar, ziddiyyətlər öz sözünü demiş, “Milli Şura”nın sıralarını bir neçə siyasi müxalifət partiyaları, o cümlədən, fərdi şəxslər tərk etmişdi.

Qərbin və Rusiyanın müəyyən dairələri “Milli Şura”nın fəaliyyətinə davam etmək üçün heç bir lüzum görmürlər

Beləliklə, hazırda “Milli Şura”ya formal sədrlik edən Cəmil Həsənli və onu idarə edən AXCP sədri Əli Kərimli, eləcə də daha bir neçə nəfər bu qurumun qalmasında maraqlı olduqlarını gizlətmirlər. Çünki qondarma siyasi məhbus və s. kimi bənzər məsələlərdə müxalifət təşkilatı olaraq “Milli Şura” həm də qazanc mənbəyidir. Lakin orada fəaliyyət göstərən digər bir neçə cırtdan partiyalar heç bir siyasi səmərə görməməklə yanaşı, maliyyə məsələlərində də kənarda qalırlar. Məhz bu xüsusdan çıxış edən həmin tərəflər “Milli Şura”nın fəaliyyətinə ehtiyacın olmadığını bildirməkdədirlər. Ancaq gəlin görək, kimlər buna qəti şəkildə etiraz edir? Yenə də Ə.Kərimli, C.Həsənli, Oqtay Gülalıyev, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu və daha bir neçəsi...

Bütövlükdə bu isim və soyadların hər biri “Milli Şura”nın koordinasiya şurasında yer tuturlar. Onlar bu qurumun fəaliyyətinə xitamın verilməməsi üçün əllərindən gələn hər şeyi edirlər. Ancaq ortada digər nüanslar da mövcuddur. Misal üçün, qeyd edə bilərik ki, hazırda Qərbin və Rusiyanın müəyyən dairələri “Milli Şura”nın fəaliyyətinə davam etmək üçün heç bir lüzum görmürlər. 2013-cü ildən bu yana uduza-uduza gələn qurumun sadəcə, siyasi müqəvva rolu oynadığı da artıq həmin tərəflərə agahdır. Fəqət, yuxarıda adları çəkilənlər hər vəchlə onu qorumağa cəhdlər göstərirlər, bunun üçün isə növbəti ödəlikləri boyunlarına götürməyə hazır olduqlarını sərgiləməkdədirlər. O cümlədən, “Milli Şura” rəhbərliyi onu da yaxşı bilir ki, hətta bu qurumun fəaliyyətinə xitam verilərsə belə, növbəti qurumun yaradılmasına gücləri çatmayacaq. Onlar xidmət göstərdikləri xarici qurumların qarşısında bütün inam və etibarlarını itiriblər. Hətta koordinasiya şurası “Milli Şura”nın bundan sonrakı illərdə də fəaliyyət göstərəcəyi ilə bağlı qərar qəbul etsələr belə, qurum süqutdan yaxa qurtara bilməyəcək.

“Milli Şura”nın ölüm aktı artıq hazırdır

Beləliklə, fakt budur ki, artıq “Milli Şura” da “İctimai Palata” və daha öncəki qondarma siyasi qurumlar təki siyasi məzarlığa doğru yuvarlanır. Ancaq digər fakt da budur ki, bu qurumun siyasi ölümü tam şəkildə öz təsdiqini tapdıqdan sonra, ənənəvi və dağıdıcı müxalifət bir daha hər hansı birlik, koalisiya, yaxud vahid təşkilatda birləşə bilməyəcək. Bütün bunların isə səbəbi məhz “liderlərin” özündə axtarılmalıdır. Halbuki, istər Ə.Kərimli, istərsə də digərləri dəfələrlə öz uğursuzluqlarını gah hakimiyyətin, gah da xalqın üzərinə atmağa çalışıblar. Baxmayaraq ki, onlar özləri-özlərini yarıtmaz, xəyanətkar fəaliyyətləri sayəsində xalqdan təcrid ediblər.

Hakimiyyətə gəldikdə isə, iqtidar daim müxalifətlə dialoqa hazır olduğunu bəyan edib və belə dialoqlar zaman-zaman baş tutub. Lakin sonradan hətta ümummilli məsələlərdə belə hakimiyyətlə bir masa arxasına oturmaqdan imtina edən ənənəvi müxalifət xalqın inam və etibarını da itirmiş oldu. Baş verən ardıcıl və kütləvi istefalar da deyilənləri təsdiqləyir. Bütün bunların təhlil etdikcə, belə bir dırnaqarası müxalifətin nə xalqa, nə də siyasi cameəyə lazım olmadığı daha aydın şəkildə görünməyə başlayır. Ona görə də, “Milli Şura”nın ölüm aktı artıq hazırdır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə