QDİƏT-ə sədrlik Azərbaycana nə verəcək? EKSPERT RƏYİ

QDİƏT-ə sədrlik Azərbaycana nə verəcək? EKSPERT RƏYİ

Xəbər verdiyimiz kimi Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin 38-ci nazirlər toplantısı çərçivəsində QDİƏT-də sədrlik rotasiya qaydaları və əlifba sırasına uyğun olaraq Azərbaycana keçib. Beləliklə, 2018-ci ilin ikinci yarısında təşkilata sədrliyi Azərbaycan Respublikası edəcək. Sədrlik dövründə Azərbaycanın prioriteti QDİƏT regionunda nəqliyyat qovşaqlarının inkişaf etdirilməsi, eyni zamanda turizm, kənd-təsərrüfatı, bağlantı (connectivity) kimi sahəvi əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət vermək olacaq. Bəs görəsən QDİƏT-ə sədrlik Azərbaycana nə verəcək?

“Azərbaycanın QDİƏT-ə sədrlik etməsi bir neçə istiqamətdə faydalıdır”

Məsələ ilə bağlı SİA-ya açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, QDİƏT regionda aktiv təşkilatlardan biridir. Təşkilatın fəaliyyətinin genişləndirilməsi və bu təşkilat tərəfindən icra edilən layihələrin sayının artdığını deyən iqtisadçı söyləyib ki, Azərbaycanın bu ADİƏT-ə sədrlik etməsi ölkəmiz üçün bir neçə istiqamətdə faydalıdır: “Azərbaycanın QDİƏT-ə sədrlik etməsinin üstünlüklərindən biri regional layihələrin reallaşması istiqamətində ölkəmizin mövqeyi daha da güclənir və prosesə aktiv şəkildə təsir etmək imkanı yaradır. Digər tərəfdən təşkilata sədrlik Azərbaycana təkcə iqtisadi deyil, digər regional məsələlərdə də mövqeyini gücləndirilməsi baxımından vacibdir”.

“QDİƏT-ə üzv olan ölkələrin bir qismi ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihədən faydalanır”

Azərbaycan regional layihələr icra edən və bu layihələrin təşəbbüskarı olan ölkələrdən biri olduğunu xatırladan ekspert söyləyib ki, QDİƏT-ə üzv olan ölkələrin bir qismi ölkəmizin təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsindən faydalanır: “Cənub Qaz Dəhlizi ölkəmizin regionda mövqeyini gücləndirən faktor hesab olunur. Azərbaycan Cənubi Qafqazda iqtisadiyyatın həcminə görə aparıcı ölkədir. Region iqtisadiyyatının əhəmiyyətli hissəsi ölkəmizin payına düşür. Bundan başqa Bakı -Tbilisi-Qars dəmiryolu xətti də sözügedən təşkilata üzv olan ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyənin faydalanması baxımından vacibdir”.

“Təşkilata sədrlik münaqişənin həllinə təsir edəcək”

V. Bayramov qeyd edib ki, Azərbaycanın QDİƏT-ə sədrlik etməsi bu quruma üzv olan ölkələr arasında regional layihələrin həyata keçirilməsinə dəstək verəcək. Bildiyiniz kimi sözügedən təşkilat həm də siyasi qurumdur. Çünki, burada Qara dənizlə sərhədi olmayan və Qara dəniz sahilində yerləşməyən ölkələr də iştirak edir. Azərbaycanın ATƏT-ə sədrlik mövcud olan münaqişələrin həllinə təsir edən faktorlardan biridir. Təşkilat siyasi məsələlərə müdaxilə etməməyə çalışsa da, bütün hallarda ölkəmizin QDİƏT-ə sədrlik bir çox məsələlər mövqeyimizin gücləndirilməsi baxımından çox vacibdir”.

“Nəqliyyat və turizm sahəsində yeni layihələrin reallaşmasına müsbət təsir göstərər bilər”

Turizmin inkişafı baxımından Azərbaycanın təşkilata sədrlik etməsinin vacibliyini qeyd edən iqtisadçı ekspert deyib ki, bu sahənin inkişafı ilə əlaqədar daha innovativ, regional layihələrin həyata keçirilməsinə imkan verəcək: “Bu baxımdan təşkilata sədrlik Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin genişlənməsinə də öz təsirini göstərəcək, təşkilata üzv olan amma Qara dəniz sahilində yerləşməyən ölkələrlə Azərbaycanın əməkdaşlıq imkanları genişlənəcək. Güman edirəm ki, nəqliyyat və turizm sahəsində Azərbaycanla sözügedən quruma üzv olan ölkələr arasında yeni təşəbbüslərin, layihələrin reallaşmasına müsbət təsir göstərər bilər”.

Qeyd edək ki, QDİƏT-ə sədrlik zamanı Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlər, seminarlar və konfransların da keçirilməsi nəzərdə tutulub. Həmçinin 2018-ci ilin sonunda Azərbaycan QDİƏT-in 39-cu xarici işlər nazirləri şurasının iclasına ev sahibliyi edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə