Aydın Mirzəzadə: “Konfliktin varlığı Ermənistan üçün bir siyasi mövcudluq faktorudur” - MÜNASİBƏT
"Astana sammiti ilə bağlı müəyyən ehtiyatlı optimizm nümayiş etdirmək mümkündür". SİA-ya açıqlamasında bu sözləri dekabr ayının əvvəllərində Qazaxıstanın Astana şəhərində keçiriləcək ATƏT-in sammitində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mümkün irəliləyişlə bağlı fikirlərini bildirən millət vəkili Aydın Mirzəzadə deyib.
Rusiyanın münaqişənin həllində fəallığının artdığını deyən millət vəkili hesab edir ki, Rusiya prezidenti Dmitri Medvedevin birbaşa iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü dünyanın aparıcı ölkələrdən birinin sülhün əldə olunmasında maraqlı olduğunu göstərir: "Həştərxan görüşündə bir daha vurğulandı ki, Astana sammitinə qədər tərəflər problemin həlli üzrə baza prinsiplərini hazırlasınlar. Bu onu deməyə imkan verir ki, Astanada baza prinsipləri imzalanacaq və sonradan böyük sülh sazişi üzərində konkret iş aparıla bilər. İş burasındadır ki, münaqişənin həll edilməmiş qalması Azərbaycandan daha çox Ermənistan və Rusiyanın ciddi probleminə çevrilməyə başlayıb. Ermənistan bir dövlət kimi zəifləyir, əhalisi durmadan ölkəni tərk edir. Bu gedişatla 20-30 ildən sonra Ermənistanda ümumiyyətlə əhali qalmayacaq. Ermənistanın Rusiyanın forpostu olmasını və gələcəkdə müstəqil bir dövlət kimi sıradan çıxma ehtimalını nəzərə alsaq, Rusiyanın Qafqazdakı dayaqlarının zəiflənməsindən söhbət gedə bilər. Moskvada və İrəvanda işləyən müəyyən beyinlər bu ssenarinin Rusiyanın və Ermənistanın maraqlarına cavab vermədiyi qənaətinə gəliblər. Bu baxımdan özlərinin yaratdığı Dağlıq Qarabaq problemindən hansısa bir diplomatik yolla yaxa qurtarmağa cəhd edirlər".
Ermənistanın sülhə hazır olub-olmamasına gəlincə, A.Mirzəzadə Ermənistan və erməni elitasının heç vaxt sülhə hazır olmadığını qeyd edib: "Erməni xalqı, erməni dövlətçiliyi ifrat erməni millətçiliyi ideologiyası üzərində yaranıb. Ermənistan və erməni elitası heç vaxt sülhə hazır deyil. Sülh istəmirlər, konfliktin mövcudluğu onlar üçün bir siyasi mövcudluq faktorudur. Sadəcə olaraq, onlar indi sülhə məcburdurlar. Bir dövlət kimi xəritədən silinmək qorxusu, Azərbaycanın güclənərək nəinki öz problemini, hətta regionun porblemlərini həll etmək bacarığını olması Ermənistanı beynəlxalq hüquq normalarına müvafiq sülhə getməyi məcbur edir. Bu bir daha göstərir ki, dövlət güclü olduqda, cəmiyyət öz maraqlarını güclü şəkildə müdafiə etdikcə istənilən təcavüzkarın, qara qüvvənin öhdəsindən gəlmək mümkündür".
A.Mirzəzadə hesab edir ki, Astana sammiti öncəsi yayımlanan və münaqişə tərəflərini konstruktiv olmağa dəvət edən ABŞ Dövlət Departamentinin bəyanatı da məhz işğalçı Ermənistana ünvanlanıb: "Bu diplomatik bəyanat olduğuna görə, bunu heç bir halda Azərbaycana aid etmək olmaz. Azərbaycan konstruktivdir, Azərbaycan torpaqlarını işğal edən dövlətlə danışıqlar aparır. Azərbaycan bu gün hərbi cəhətdən güclü olmasına baxmayaraq, hərb variantını hələ də ehtiyatda saxlayır və bu konstruktivliyi Ermənistan nə qədər tez başa düşərsə, bir o qədər onun problemlərinin azlığı deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB