Avropa Şurası yay sessiyasına başlayıb desək qurumun fəaliyyətini, missiyasını təfərrüatı ilə ərz edə bilmərik. Çünki bu qurum öz işinə başlayar-başlamaz ölkəmiz əleyhinə çalışan hansısa qüvvələrin təsiri ilə yenə də Azərbaycana hədəflənib. Sanki, bu qurumun Azərbaycandan başqa dərdi-səri yoxdur, yaxud Azərbaycandan başqa heç yerdə nöqsan axtarmaq niyətində deyil.
Maraqlıdır, etiraf etməkdən boyun qaçırsalar da bütün dünyada hələ də qlobal maliyyə böhranı davam edir və bu Avropa ölkələrində də müşahidə olunur. Özlərini böhrandan yaxa qurtarmış kimi göstərənlər özləri də yaxşı başa düşürər ki, qlobal problemlər hələ də davam edir və bu problemlər onların özlərində də müşahidə edilməkdədir. Avropa ölkələrinin özündə belə iqtisadi tənəzzül, geriləmə göz qabağındadır və bütün dünya bunun fərqindədir. Avropa Şurası kimi bir təşkilatın müzakirəyə çıxaracağı qlobal problemləri azmıdır ki, yenə Azərbaycan müzakirə mövzusu olaraq seçilir, yaxud, iki aydan sonra ölkəmizi müzakirə etmək üçün Azərbaycana məruzəçi təyin edilir? Avropada miqrant problemindən tutmuş, qida təhlükəsizliyi və çatışmazlığına kimi həlli vacib məsələlər yoxmudur ki, müzakirə obyekti olaraq digər bir dövləti, özü də özlərinin geriləməsinə tərs mütənasib olaraq irəliləməkdə, inkişaf etməkdə olan, həm də Qafqazın lider dövlətini hədəf olaraq təyin edirlər? Bu gün insan haqlarından dəm vuran qurum dərk etmirmi ki, miqrasiyaya məruz qalanlar da insanlardır və onların da insan haqları, qüquqları var və əgər insan amili, insan haqları onları maraqlandırırsa, ilk növbədə daxildəki miqrantların haqq və hüquqlarını müdafiə etməli, qayğılarına qalmalıdırlar?
Avropa Şurasının Azərbaycanda insan haqlarını qorumaq iddiaları heç də səmimi görünmür
Sözügedən böhranın Ermənistan kimi cılız, marginallaşmış, iqtisadiyyatı olmayan, yoxsulluğa, səfalətə düçar olmuş uğursuz bir ölkədən tutmuş, Avropanın ən qabaqcıl dövlətlərinə kimi öz cənginə aldığı çətin bir zamanda, bu çətinliklərin fonunda ölkələrinin miqrasiyaya məruz qalmışlarla dolduğu bir məqamda mütəmadi, ardıcıl olaraq qlobal, beynəlxalq layihələrə imza atan, daim çiçəklənməkdə, dinamik inkişafda olan Azərbaycanı hədəfə almaq, güya ki, Azərbaycanda insan haqlarını qorumaq iddiaları heç də səmimi görünmür. Hazırda bir çox ölkələrdə qeyri-stabil yaşayış mühiti, hətta müharibə şəraiti, qarşıdurmalar, aclıq, səfalət, epidemiya və xəstəliklər, bir sözlə həyati təhlükələr hökm sürdüyü səbəbindən Avropaya üz tutan miqrantların sayı durmadan artırsa, bu AŞPA üçün həlli vacib yetərli problemdir və bu gün Avropa ölkələrinin dolub daşdığı bu qaçqın probleminin özü böyük bir müzakirə mövzusudur. Məgər Avropalılar dərk etmirmi ki, qida və içməli su ehtiyatlarının tükənmək təhlükəsi ilə üz-üzədirlər və bu təhlükənin, daha doğrusu problemin həlli günün ən aktial məsələsidir? Yaxud, Avropa Şurası deyilən, özünü demokratik təşkilat, insan hüquqlarının qoruyucusu hesab edən qurum dərk etmirmi ki, Avropanı dolduran miqrantlar öz ölkələrini, yurd-yuvalarını öz xoşları ilə, kefindən tərk edib həmin ərazilərə üz tutmayıblar? Parlamentarilər bilmirlərmi ki, miqrantların öz ölkələrində belə problemlər xırtdəyə qədərdir, insan haqları kobudcasına pozulur və ümumiyyətlə, insan haqları bir yana, insanlığın özünü belə hesaba alan yoxdur? Belə olan halda, öz gözündə tiri görməyənlər heç olmasa tükü problemin olduğu bölgələrdə axtarsınlar. İnsan hüquqlarını onun pozulduğu məkanlarda təmin etmək məqsədi güdsünlər, əgər həqiqətən də əsl niyyətləri budursa. Əgər həqiqətən də insan haqlarını müdafiə etməyə qərarlıdırlarsa və bunu səmimiyyətlə edirlərsə qaçqınların qaçqın düşmə səbəblərinin aradan qaldırılması ilə məşğul olsunlar. Ən azından özlərinin problemlərinin, təmsil olunduqları ölkə vətəndaşlarının məruz qaldığı risklərin, təhlükələrin, yekunda haqq və hüquqlarının qayğısına qalsınlar. Yox, əgər bu problemlərin fonunda, öz vətəndaşlarının belə hüquqlarının pozulduğu məqamda bu gün Avropa Şurası Azərbaycanda insan hüquqlarının qoruyucusu kimi özünü göstərmək istəyirsə buna inanacaq bir sadəlövh tapmaq mümkünsüzdür.
Avropa Şurası özünün və öz parlamentarilərinin şəffaf, sağlam fəaliyyətinə inamsızlıq nümayiş etdirir
Avropa Şurası yenə də Azərbaycana məruzəçi təyin edib və iki aya hesabat hazırlamaq tapşırığı verib. Ona görə yenə deyilir ki, bir dəfə də bu qurum hələ 5 il bundan əvvəl belə bir məruzəçi təyin etmişdi. Kristofer Ştrasser adlı bu məruzəçinin hazırladığı hesabatı AŞPA heç qəbul etmədi də. Çox təzadlı məqamlar ortaya çıxır və bilmək olmur Avropa Şurası öz məruzəçisinə inanmır, yaxud, inanmayacağı birini niyə məruzəçi təyin edir? Ya da tamam başqa bir sual ortaya çıxır ki, görəsən bu qurum öz rəyinə də şübhə və inamsızlıq edir ki, bir də təkrarən məruzəçi göndərir?
Bu ilin yaz sessiyasının əvvəlində AŞPA-nın özünün yaratdığı müstəqil araşdırma qrupu Avropalı deputatların Bakıdan hədiyyələr aldıqlarını, buna görə də siyasi məhbuslarla, insan huquqları ilə bağlı hesabatın qəbulunu əngəllədiklərini yazdı. Çox təəccüb doğuran bir məqam ortaya çıxır və yenə də Avropa Şurası öz fəaliyyətini şübhə altında qoyur və əslində bu özü belə həmin qurumun qeyri sağlam olmasının etirafıdır. Rəsmi Bakı heç zaman bu deyilənlərlə, əsassız şaiyələrlə razılaşmayıb və hər zaman bu arqumentsiz iddiaları rədd edir, amma Avropa Şurası öz parlamentarilərinin şəffaf, sağlam fəaliyyətinə inamsızlıq nümayiş etdirir. Bir sözlə, Azərbaycan hökuməti iddiaların əsassız olduğuna əmin olsa da, bunu dəfələrlə bəyan etsə də, belə çıxır ki, Avropa Şurası öz işinə, öz üzvlərinin fəaliyyətinə inanmır. Bu da özü özlüyündə təsdiq edir ki, problem əslində digərlərində deyil, məhz AŞPA-nın özündədir. Ya Avropa Şurası özü özünə inanmır, ya da AŞPA kimi mötəbər bir beynəlxalq qurum kimlərinsə, təbii ki, Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrin təsiri altındadır və onların tapşırıqlarını yerinə yetirir deyə mütəmadi olaraq ölkəmizi hədəf seçir. Daha dəqiq desək, bu kimlərinsə AŞPA-nın vasitəsi ilə Azərbaycana yönəlmiş qərəzidir və Avropa Şurası özü də bu qərəzli oyunun iştirakçısı olmaqdadır, həmçinin yenə də ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirir.
AŞPA məruzəçinin təyin olunması ilə insan haqlarının inkişaf etdirilməsini deyil qərəzli siyasi məqsədlər güdürsə bununla barışmaq olmaz
Sözsüz ki, sadalananların fonunda AŞPA öz nüfuzunu, imicini təhlükə altında qoyur və hər dəfə öz qərəzli mövqeyini ortaya atan bu təşkilat Azərbaycana deyil, yekunda öz müqəddəratına zərbə vuracaq. Çünki, bu qurumun belə qərəzli mövqeyini müşahidə edən ölkələr heç də daim üzv olmaq həvəsində və niyyətində olmayacaqları inkar edilə bilməz. Nəticədə yaxın gələcəkdə AŞPA özü hansısa beynəlxalq təşkilatın, yaxud təşkilatların müzakirə mövzusuna çevrilə bilər və təbii ki, ittihamlar da istisna deyil.
Azərbaycan tərəfi heç də narahat deyil və hansısa məruzəçinin ölkəmizə təyin edilməsinin əleyhinə də çıxış etmir. İnsan hüquqlarının qorunması istiqamətində Avropa Şurası ilə əməkdaşlığa da hazırdır. AŞPA tərəfindən məruzəçinin təyin olunması insan haqlarının inkişaf etdirilməsinə xidmət edirsə Azərbaycan hökuməti buna tamamilə razıdır. Lakin rəsmi Bakı bu məsələlərin siyasiləşdirilməsinin, kimlərinsə qərəzli niyyətlərinə xidmət etməsinin əleyhinədir. Məruzəçinin təyin edilməsi qərəzli siyasi məqsədlər güdürsə, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunması planlaşdırılırsa bu heç də insan haqlarının qorunması, mühafizəsi kimi dəyərləndirilə bilməz və buna nəinki Azərbaycan, heç bir ölkə razılaşa bilməz. Təbii ki, AŞPA-nın konstruktiv mövqeyi insan haqlarının inkişafına xidmət edə bilər, amma Avropa Şurası nəzərə almalıdır ki, əks halda, yəni qeyri-konstruktiv mövqe münasibətlərin gərginləşməsi, hətta pozulması anlamına gəlir.
Düşmən dəyirmanına hər zaman su tökən radikalların siması da , anti-Azərbaycan mövqləri də ermənipərəstlərlə üst-üstə düşür
Doğrudur, radikal müxalifət də AŞPA-nın bu təyinatına don geyindirmək istəyir və hətta siyasi meyitlər belə indi dilə gəlib az qala siyasi şərhçi, ekspert kimi çıxış etmək həvəsinə düşüb. Məsələn, Siyasi Məhbuslarsız İnsan Haqları aliansının koordinatoru Oktay Güləliyev Avropa Şurasının Azərbaycana məruzəçi təyin etməsini bu sahədə yeni mərhələnin başlanğıcı hesab etdiyini düşünür. Xalq Cəbhəsi Partiyasının sədri Ə.Kərimli isə məruzəçinin təyin olunmasını Avropa Şurasının mənəvi məsuliyyəti dərk etməsi kimi dəyərləndirir. Sözsüz ki, bu anormal yanaşmadır, amma ictimai fəal adı altında qanun pozucusu olan iki cüt bir tək həmfiklərini müdafiə etmələri, düşmən dəyirmanına hər zaman su tökən radikalların simasının fonunda normal təzahürdür. Daha doğrusu, radikal müxalifətdən gözlənilən də elə budur. Çünki, Avropa Şurasına təsir edən ermənipərəstlərlə anti-Azərbaycan mövqləri də üst-üstə düşür.
Sanki, nə Avropa Şurası, nə də onların sapı özümüzdən olan baltaları, yəni radikallar Cümhuriyyətin yaranmasının 100 illiyi ərəfəsində amnistiya, əfv fərmanından xəbərsizdilər. Yüzlərlə insanın azadlığa buraxılmasını belə ya görmürlər, ya da görməməzliyə vururlar ki, bu da öz növbəsində hər birinin ölkə əleyhinə olan mövqeyini ortaya qoyur. Əks halda, AŞPA bu arqumenti layiqincə dəyərləndirər və Azərbaycanda insan haqlarının qorunmasını, humanizm prinsplərinə riayət olunmasını bütün dünya ölkələrinə nümunə çəkərdi. Bu il, Cümhuriyyətin yaranmasının 100 illiyi ərəfəsində heç vaxt olmadığı sayda məhbus azad edildi. Hələ bu vaxta qədər bir dəfəyə 634 nəfər məhbusun azad edilməsi faktının kimsə şahidi deyil və məhz Cənab İlham Əliyevin humanistliyi sayəsində bu qədər insan azadlığa qovuşdu. Belə bir sayda əfv fərmanı nəinki Azərbaycanda, heç özünü Avropa ölkəsi, ən üstün demokratik dövlət hesab edən heç bir məmləkətdə rast gəlinməyib. Cümhuriyyətin yaranmasının 100 illiyi ərəfəsində imzalanan əfv fərmanı ilk də deyildi və bu vaxta qədər ölkəmizdə hər il bunun şahidi oluruq. Görəsən Avropa Şurası, yaxud bu təşkilatı ölkəmizə qarşı yönəldən qüvvələr bu fakt qarşısında heçmi utanmaq niyyətində deyillər? Axı Azərbaycan öz humanizmi, sülhsevərliyi, demokratikliyi ilə fərqlənib və hər zaman da nümunə olub və təkcə Avropa ölkələri, AŞPA kimi qurumlar deyil, bütün dünya bunun şahididir.
Bütün dünya ictimaiyyəti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını çox gözəl bilir və yerli, dinc əhalinin vəhşiliklə qətlə yetirilməsindən, cəsədlər üzərində işgəncələr edilməsindən, qalanlarının da yurd-yuvalarından didərgin salınmasından xəbərdardır. Bir sözlə, erməni vəhşilikləri, insanlığa sığmayan vandallıqları, daha dəqiq desək insan haqlarını kobud şəkildə pozmaları diqqətdən yayına bilməz və bütün bunlardan sonra Azərbaycan tərəfi ermənilərə qarşı belə adekvat reaksiya göstərməyib və ölkəmizə qarşı insan haqlarının pozulması ittihamı absurddur. Əgər AŞPA belə bir ittiham irəli sürmək niyyətindədirsə əvvəlcə Ermənistanı təhlil etsin və həmin insan haqlarına görə işğalçılar mühakimə olunsun. Yox əgər Avropa Şurasının belə bir fikri yoxdursa, Ermənistanın, işğalçı rejimin əməllərinə göz yumub məhz Azərbaycanı müzakirə mövzusuna çevirmək qərəzindədirsə, əlkəmizin belə bir qurumun rəyinə, münasibətinə, mövqeyinə zərrə qədər dəyər vermək niyyəti ola bilməz. Ədalətlilik prinsplərini qoruya bilməyən şuranın mövqeyi isə təbii ki, nəinki Azərbaycan, ümumiyyətlə heç bir ölkə üçün maraqlı ola da bilməz. Hadisələr təsdiq edir ki, AŞPA öz nüfuzunu risk altına qoyur və nəticə etibarı ilə qərəzi də öz başında çatlayacaq, bu ədalətlisliyinin, qərəzliliyinin müqabilində ziyan da bu təşkilatın özünə toxunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB