"Hərbi parad Azərbaycanın gələcəyini müəyyənləşdirəcək hadisə idi" ŞƏRH

"Hərbi parad Azərbaycanın gələcəyini müəyyənləşdirəcək hadisə idi" ŞƏRH

“İyunun 26-da Azərbaycanın müstəqilliyinin əldə olunmasında mühüm məkan olan Azadlıq meydanında ölkəmizin təkcə ötən 100 illik tarixinin deyil, gələcək əsirlərini, həyatını idarə edəcək, müəyyənləşdirəcək hadisənin şahidi olduq. 90-cı illərin əvvəllərində Azadlıq meydanında keçirilən hər hansı hərbi paradlarla dövlətimizin hazırda gəlib çatdığı səviyyə və ordumuzun durumunu müqayisə etmək o qədər də çətin deyil. Açıq demək lazımdır ki, indi bizim Silahlı Qüvvələrimiz 5, 7 hətta 10 il əvvəlki ilə müqayisədə qat-qat irəliyə gəlib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, o gün Azadlıq meydanında nümayiş olunan silahlar heç şübhəsiz ki, ordumuzun sərəncamı altında olan texnikanın cüzi bir hissəsidir və müəyyən qədər silahlar o məkana çıxarılmadı.

Z.Orucun sözlərinə görə, hərbi paradda nümayiş olunmayan silahlar mühüm anlarda, döyüş şəraitində sınanılacaq: “Paradda nümayiş olunan silahların hər kəsdə Azərbaycan ordusunun artan gücü fonunda siyasi mövqelərinin nə qədər irəliyə gedəcəyini düşünməyə imkan verdi. Müxtəlif texnikalar, müasir tanklar, toplar, o cümlədən yaxın məsafəli hədəflərə hesablanan “Spayk” raketlərin hər biri öz növbəsində çox mühüm modifikasiyalı silahlardır. Bunlar Sovet dövrünün metallom kimi qalığı olan, bu gün müxtəlif dövlətlərin, hətta Şərqi Avropa ölkələrinin özünün belə istifadəsində olan silahlar deyil. Biz hava məkanını əhatə edən uzaq məsafəli raketlərdən danışmasaq belə, deməliyik ki, dövlət başçımızın qətiyyətli iradəsi bu illər ərzində ordumuzun, əsgərimizi, zabitimizi formalaşdıra biləcəyimizə şübhə edənlərə tamam əks reallığı təqdim etmək imkanı verdi. Azərbaycan Prezidenti yeni ordu qurub. Ordumuzun o gün meydana çıxan canlı hərbi texnikası sübut etdi ki, Azərbaycan həqiqətən də Cənubi Qafqazdan daha üst subregionlara gücü yetəcək hərbi imkanlara malikdir”.

Deputat qeyd edib ki, bu gün müasir orduları 500 kilometr hədəfləri vuran raketlərsiz təsəvvür etmək çox çətindir: “Bu o demək deyil ki, Azərbaycan qarşısına məhz uzaq məsafələr qədər yeni-yeni ərazilər ələ götürmək məqsədi qoyub. Qətiyyən. Bu günə qədər Azərbaycan ordusu sülhpərvər imici Əfqanıstandan, Kosova və İraqa qədər bir məkanda formalaşıb”.

Azərbaycan prezidentinin hərbi paradda söylədiyi nitqi xatırlayan deputat qeyd edib ki, Dövlət başçısının ordumuzun hərbi siyasi imkanlarının gücü ilə bağlı çıxışı ən başlıca hədəf Ermənistan idi: “Azərbaycan prezidentinin hərbi paraddakı çıxışındakı hədəfi ölkənin gələcək həyatı fonunda hərbi diplomatiyanın güclü şəkildə istifadə olunacağını ortaya qoymaq idi. Bu gün Azərbaycan ordusu danışıqlarda iştirak edir. Zəif, silahlı gücünü yarada bilməyən, kreditlərdən asılı olan, yalnız kənar dövlətlərin himayəsinə göz tikən, sərhədlərini onların əsgərləri tərəfindən qorunmasını istəyən dövlət nə paradlar keçirməz, nə də o cür ötkəm bəyanatlar verə bilməz. Biz paradda Cənab Prezidentin, Ali Baş komandana xas olan qətiyyətli, son dərəcə sanballı, dəqiq hədəflərə yönələn çıxışının şahidi olduq. Mənə görə, Azərbaycan Prezidenti bu illər ərzində çox çətinliklərə, xarici müqavimətlərə, təzyiqlərə, təhdidlərə sinə gərərək ordu qurduğunu çox böyük iftixar hissi ilə təqdim etdi. Amma ordu yalnız hakimiyyətin, dövlətin, dövlət rəhbərliyinin deyil. Ordu bütövlükdə millətə, onun bütün siyasi qüvvələrinə, partiyalarına, hərəkatlara məxsusdur. Ordu bütövlükdə Azərbaycanın gücünü artıran böyük qüvvədir”.

Z. Oruc hesab edir ki, işğalı kürəyimizə bir damğa kimi yazmaq istəyənlər o gün Azadlıq meydanında göstərilən, Naxçıvanda Qızılqaya yüksəkliyinə taxılan, o cümlədən Cocuq Mərcanlıda nümayiş olunan o silahın bir rəmzi mənası var: “Azərbaycan prezidenti hərbi paradda çıxışında onu mesaj etdi ki, bu bayraqlar bir gün mütləq Xankəndində dalğalanacaq. Bu gün Azərbaycanın müstəqil mövqeyi həm də ordumuzun hesabınadır. Ordusu olmayan heç bir dövlət təsir imkanına malik olmaz. Silahlı gücü olan dövlətlə hər kəs hesablaşmağa çalışır. Belə olan halda, Azərbaycan bu gün Cənubi Qafqazda güclü ordu qurmaqla ilk növbədə işğalı aradan qaldırmağa çalışacağıq. Ermənilər özü də bunu bilir. Son dövrlər Azərbaycanın növbəti hücumlarından danışırlar. Cənab Prezident də bildirdi ki, hazırda müharibənin yalnız bir hissəsi sona çatıb. Hər kəsə məlumdur ki, qanlı savaş itkilərlə nəticələnir. Əgər başqa vasitələr səmərə vermirsə, o zaman başqa alternativ qalmır. Ona görə də hesab edirəm ki, Azərbaycan Prezidenti bu millətin gələcək həyatı üçün ordunu, öz siyasətində önəmli yerə qoymaqla, onu göstərir ki, vətəndaş öz əsgərinə və zabitinə güvənir”.

Deputat əlavə edib söyləyib ki, bu gün informasiya məkanında qarşı tərəfin verdiyi reaksiyalar bir tərəfdən hökumətlərinə təhdid olmaqla yanaşı, digər tərəfdən də onlara mənəvi-psixoloji təsir edir: “Onlar aprel döyüşlərində mövqelərini itirəndə Sarkisyan etiraf etmişdi ki, onlar 80-ci illərin metallomu ilə vuruşurlar. Bu günlərdə Ermənistan ordusunun rəhbərlərindən biri və Qarabağda özünü Azərbaycan xalqına qəddarlığı ilə seçilən, rütbə qazanan Manvel Qriqoryanın silah cəbbəxanası, maşın kolleksiyası, əsgərlər yönələn yeməklərin necə mənimsəməsi və aprel döyüşlərindəki kədərli məktublara münasibətinin şahidi olduq. Mənim qətiyyətli inamım var ki, Azərbaycanın oğulları erməni əsgərlərindən qat-qat güclüdür. Azərbaycanın ordusu ərazi bütövlüyümüzü bərpa edərək, hər kəsin müqəddəs amallarla yanaşdığı qibləgaha çevrilməlidirlər və çevriləcəklər də. Paradda təqdim olunan silahlar təkcə nümayiş üçün alınmayıb, həmin silahların təyinatı, hədəfləri var. Kim Azərbaycan torpaqları əleyhinə mübarizəyə girərsə, o silahlar onlar üzərində sınanacaq. Buna heç kimin şübhəsi olmasın. Ümumilikdə götürsək isə, ordumuzun 100 illiyi ilə bağlı keçirilən hərbi parad təkcə tariximizə verilən qiymət deyildi, 100 il bundan sonra qazanılacaq nailiyyətləri xalqa və xarici aləmə göstərmək idi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə