Azərbaycan Ordusunun qüdrətini bütün dünya gördü ANALİTİK

Azərbaycan Ordusunun qüdrətini bütün dünya gördü ANALİTİK

Ali Baş Komandan İlham Əliyev: “Azərbaycan xalqı əmin ola bilər ki, ordumuz istənilən vəzifəni icra etməyə hazırdır”

İyunun 26-da Azərbaycanın şanlı Silahlı Qüvvələrinin “Azadlıq” Meydanında keçirdiyi möhtəşəm hərbi parad bir daha sübut etdi ki, qüdrətli Ordumuz dünya orduları içində ən müasir silahlara malik olan, eləcə də hərbi sənayesi inkişaf edən bir çox üstünlüklərə malikdir. Eyni zamanda, Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin nitqində irəli sürdüyü fikirlər Azərbaycan Ordusunun davamlı şəkildə və sürətlə inkişaf etdiyini bariz şəkildə sübuta yetirmiş oldu.

“Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı “Azadlıq” Meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək”

Əlbəttə, burada əsas məqamlardan biri də işğalçı Ermənistana verilən sərt mesajlar idi ki, bu da həmin ölkədə ciddi ajiotajların yaranmasına səbəb oldu. Xüsusilə, baş nazir Nikol Paşinyanın təhlükəsizlik şurasının iclasını çağırması, cəbhə boyu, xüsusilə, Naxçıvanda Azərbaycan Ordusunun fəallığını və nailiyyətlər qazandığını etiraf etməsi verilən mesajların məntiqi nəticəsi kimi qiymətləndirilə bilər. Beləliklə, cənab İlham Əliyevin 2016-cı ilin aprel ayında və bu ilin mayında Naxçıvanda əldə edilən hərbi uğurlarının Ermənistanın dünyaya sırıdığı stereotipləri kökündən məhv etdiyini vurğulaması öz təsdiqini tapmış oldu. “Aprel döyüşləri Ermənistanın öz ordusu ilə bağlı yaydığı mifi darmadağın etdi” deyən İlham Əliyev cənabları öz nitqində “Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılan Azərbaycan bayrağı “Azadlıq” Meydanına gətiriləcək və hərbi paradda nümayiş etdiriləcək” ifadələrini əzmlə, inamla və qətiyyətlə bəyan etdi. “Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır” deyə vurğulayan Ali Baş Komandanımız həmçinin qeyd etdi ki, Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.

“Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir”

Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycan Ordusunun inkişaf mərhələsinin daha bir reallığı ordu quruculuğunun təməlini təşkil edən hərbi sənayemizdir. Belə ki, hərbi paradda müxtəlif ölkələrdə istehsal edilmiş və ən müasir standartlara malik olan hərbi-texniki avadanlıqlar, silah-sursatlar və s. adda hərbi təchizatlarla yanaşı, ölkəmizdə istehsal edilən, eləcə də xarici ölkələrə də ixrac edilən hərbi təyinatlı məhsullarımız nümayiş olundu. Bütün bunlar bilavasitə Silahlı Qüvvələrimizin potensialının yüksək səviyyədə formalaşmasının ali göstəricisidir. Ölkə başçımız öz nitqində vurğulayıb: “Azərbaycanda 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir”.

Artıq Azərbaycan Ordusunun gücünü və qüdrətini bir sıra xarici ölkələr də qəbul edir və yüksək qiymətləndirir. Belə ki, hərbi paradın gedişini xarici ölkələri təmsil edən 100-dən çox hərbi attaşelər də izlədi, bu reallıqların şahidlərini çevrildi. Ona görə də Prezident İlham Əliyev nitqində bildirdi ki, bu parad Azərbaycan Ordusunun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirəcəkdir.

"Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək”

Təbii ki, Silahlı Qüvvələrimizin əldə etdiyi hər bir nailiyyətlərin, zəfərlərin arxasında xalq-dövlət birliyi də dayanmaqdadır. Hələ dördgünlük Aprel müharibəsi zamanı Ordumuzun zəfər yürüşü bütün ölkə boyu, həmçinin xarici ölkələrdə yaşayan on minlərlə soydaşlarımız tərəfindən qürurla alqışlandı. Bu amil məhz xalq-dövlət sarsılmaz birliyinin gerçəkliyi olaraq dəyərləndirilməkdədir. Bundan ruhlanan Ordumuz, hərbçilərimiz də hər an işğalçı düşmənə layiqli dərs verəcəyini əməli şəkildə sübuta yetirmiş olur. Prezident İlham Əliyev paraddakı nitqində də bu amilə toxunaraq vurğulayıb ki, biz elə bir güclü Ordu yaratmışıq ki, düşmənin bütün strateji hədəflərini məhv etməyə qadirdir: “Azərbaycan xalqı əmin ola bilər ki, ordumuz istənilən vəzifəni icra etməyə hazırdır”.

Bəli, Ermənistan bu reallıqdan, bu gerçəklikdən ciddi şəkildə təlaş keçirməkdədir və işğalçı ölkənin hərbi ekspertləri, politoloqları, müxtəlif araşdırmaçıları həyəcan təbillərini döyməyə başlayıblar. Çünki Azərbaycanın dövlət başçısının – Prezident İlham Əliyev cənablarının “Ermənistan Azərbaycanla rəqabət apara bilmir və heç vaxt buna nail ola bilməyəcək” kəlamı Azərbaycanın heç vaxt işğalla barışmayacağı mesajı idi.

Xüsusilə, Naxçıvanda əldə edilən hərbi nailiyyət və Ordumuzun 11 min ha ərazini düşmən tapdağından azad etməsi Ali Baş Komandanımız tərəfindən qeyd edildi: “Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur və istənilən vəzifəni yerinə yetirə bilər... Bu gün hərbçilərimiz ermənilərin qazdıqları səngərlərdə xidmət göstərirlər”.

Beləliklə, Azərbaycanda keçirilmiş möhtəşəm hərbi parad ölkəmizdə Ordu quruculuğunun yüksək səviyyədə formalaşmasını növbəti dəfə isbatlamış oldu. Bu gün Ermənistan və bu işğalçı ölkənin havadarları həmin reallığı dərk etməli, zamanında geri çəkilərək, ölkəmizin haqq və ədalət çağırışlarına riayət etməlidirlər. Əks halda, Silahlı Qüvvələrimiz növbəti dəfə və daha sərt şəkildə qarşısına qoyduğu məqsədlərinə çataraq, ədaləti bərpa etməli olacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə