Yaxud, Azərbaycan dövlətinin ardıcıl uğurları, dünyadakı mövqeyini möhkəmləndirməsi bəzi qüvvələri niyə narahat edir?
Bəlli olduğu kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edilib. SİA xəbər verir ki, bunu komitənin iclasında iştirak edən Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Belə ki, İslandiyadan olan Thorhildur Sunna Evarsdottir hesabatı hazırlamaq üçün məruzəçi təyin olunub. T. S.Evarsdottir İslandiyanın nə qədər qəribə görünsə də, Pirat adlı partiyasını təmsil edir. Onun hüquqşünas, insan haqları müdafiəçisi və jurnalist olduğu bildirilir.
Onu da qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü hollandiyalı Piter Omtzigt tərəfindən irəli sürülüb və məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.
Niyə AŞPA tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov saxlanılmaları barədə Ermənistana qarşı tələblər irəli sürülmür?
Lakin digər məsələ ondadır ki, Azərbaycanla bağlı dəfələrlə qərəzli və reallığa söykənməyən qərarlar hazırlayan AŞPA nədənsə, digər keçmiş sovet respublikaları, eləcə də Qərbdə baş verən insan haqları pozuntularına qarşı hesabatlar hazırlamır. Halbuki, Azərbaycanla qonşu olan və torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayan Ermənistanda insan haqlarının pozulmasını, siyasi məhbusların mövcudluğunu sübut edən minlərlə faktlar mövcuddur.
O cümlədən, nədənsə öz doğma yurd-yuvalarının həsrətini çəkdiklərinə görə işğal altında qalan Kəlbəcərə səfər edən, oradakı məzarlarını ziyarət edən, nəticədə erməni separatçılarının girovuna çevrilən Dilqəm Əsgərov və Şahbaz Quliyev barədə erməni tərəfinə qarşı tələblər irəli sürülmür. Bu kimi reallıqlar AŞPA-nın səmimi qurum olması amilini necə deyərlər, kölgədə qoymaqdadır.
AŞPA-nın nə üzv dövlətə, nə də özünə hörməti yoxdur!
Başqa tərəfdən, o da bəllidir ki, Avropa Şurasının Azərbaycanda “siyasi məhbuslar” üzrə xüsusi məruzəçi təyin etməsi həm də belə anlamı ifadə edir ki, bu təşkilatın nə üzv dövlətə, nə də özünə hörməti yoxdur. Nədənsə AŞPA yalnız Azərbaycanı hədəfə götürür və digər ölkələrdə baş verənləri araşdırmır. Yəni burada qərəzin mövcudluğu göz önündədir. Başqa ölkələri kənara qoyub onların əməllərinə göz yummaq, hüquqda, beynəlxalq qanunvericilikdə olmayan “siyasi məhbus” terminini yalnız bir ölkəyə şamil etmək, digər ölkələrə gəldikdə isə bu terminin yerinə “azadlıqdan məhrum olunmuş insanlar” ifadəsini işlətmək məhz bu təşkilatın qeyri-ciddiliyini sərgiləməkdədir.
O da sirr deyil ki, “siyasi məhbus” məsələsinin gündəmə gəlməsində Azərbaycanda fəaliyyət göstərən bəzi siyasiləşmiş qeyri-hökumət təşkilatlarının, eləcə də adlarını müxalifət partiyası qoyub, bu ad altında siyasi alverlər edən təşkilat “liderlərinin” də rolları var. Burada da məqsəd bəllidir...
Məqsəd, Azərbaycandakı cüzi problemləri süni şəkildə böyütmək, regionun digər dövlətlərində olan böyük problemləri isə cüzi məsələ kimi qələmə verməkdir
Bir sıra anti-Azərbaycan dairələrinə nökərçiliklər edən həmin təşkilatlar və onların rəhbərləri ölkəmizin regionun liderinə çevrilməsindən narahat olan xarici ağalarına yalmanaraq, “siyasi məhbus” məsələsində öz bizneslərini güdürlər. Azərbaycanın dövlətçilik maraqlarını valyutalara satan xəyanətkarlar məhz onların nökərləri olduqlarını bu və ya digər baxımdan etiraf edirlər. Beləliklə, müstəqil, məqsədyönlü və qətiyyətli siyasət aparan Azərbaycan dövlətinin ardıcıl uğurları, dünyadakı mövqeyini möhkəmləndirməsi bəzi qüvvələri narahat edir. Həmin qüvvələr isə bunun yolunu Azərbaycandakı cüzi problemləri süni şəkildə böyütmək, regionun digər dövlətlərində olan böyük problemləri isə cüzi məsələ kimi qələmə verməkdə görürlər.
Bu cür addımlar Azərbaycanın daxili işlərinə müdaxilə və ölkədə ictimai-siyasi sabitliyin pozulmasına istiqamətlənmiş əsassız və qərəzli addım kimi qiymətləndirilə bilər
Daha bir reallıq isə budur ki, ümumiyyətlə, heç bir Avropa dövlətinin cinayət məcəlləsində "siyasi məhbus" anlayışı olmayıb və hazırda da yoxdur. Belə ki, bu anlayış beynəlxalq sənədlərə, konvensiyalara salınmayıb. Ona görə də bəzi beynəlxalq təşkilatların, eləcə də Avropa Şurasının üzvü olan hər hansı bir ölkənin "siyasi məhbus" adı altında Azərbaycanda layihə həyata keçirmək niyyətinin saf məqsəd daşımadığı bəri başdan aydındır. Nəticə olaraq isə, bu cür addımlar Azərbaycanın daxili işlərinə müdaxilə və ölkədə ictimai-siyasi sabitliyin pozulmasına istiqamətlənmiş əsassız və qərəzli addım kimi qiymətləndirilə bilər. Söz yox ki, belə davam edərsə, Azərbaycan dövləti də kəskin və həqiqətlərə söykənən reallıqlardan çıxış edərək, əslində Avropa ölkələrində, eyni zamanda Qərbdə baş verən kütləvi hüquq pozuntularını ifşa edə bilər. Belə faktlar isə kifayət qədərdir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB