Valdemar Pavlyak: "Polşa Azərbaycana iri müəssisələrin özəlləşdirilməsi prosesdə fəal iştirak etməyi təklif etmək fikrindədir" - MÜNASİBƏT
Polşa "Sarmatiya" beynəlxalq boru kəməri şirkətinə onun yeni reallıqlara uyğunlaşması və işinin səmərəliliyinin artırılması məqsədi ilə fəaliyyətinin araşdırlmasını təklif edir. SİA-nın xəbərinə görə, bunu Polşa Baş nazirinin müavini Valdemar Pavlyak iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Polşa hökumətlərarası komissiyanın Bakıda keçirilən iclası zamanı bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda Polşada iri müəssisələrin özəlləşdirilməsi prosesinə başlanılacaq və Polşa tərəfi Azərbaycana həmin prosesdə fəal iştirak etməyi təklif etmək fikrindədir: "Bu proqramla bağlı Azərbaycan tərəfinə maraqlı təkliflərimiz var. Polşa Avropa İttifaqının üzvüdür və Azərbaycanla əməkdaşlıq hər iki ölkəyə fayda verə bilər".
Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev isə qeyd edib ki, Polşa "Sarmatiya" layihəsinin maliyyələşdirilməsi ilə bağlı Avropa İttifaqı ilə danışıqlar aparır. Azərbaycan-Polşa əlaqələrinin vacibliyin qeyd edən nazir iqtisadi-ticarət əməkdaşlığının əsasını enerji sektorunun təşkil etdiyini bildirib.
Qeyd edək ki, uzunluğu 667 km olan Odessa-Brodı kəməri 2001-ci ildə tikilib. Layihənin ümumi dəyəri 200 mln. ABŞ dolları təşkil edib. Xəzər neftinin Avropaya nəqli üçün nəzərdə tutulan kəmər 2004-cü ildən revers rejimində işləyərək Rusiya neftini nəql edir. 2007-ci ilin oktyabrında Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Litva Bakı-Odessa-Brodı-Plotsk-Qdansk neft kəmərinin layihələndirilməsi və tikintisi üçün birgə müəssisə yaradılması haqda saziş imzalayıb. Polşanın "Sarmatiya" boru kəməri müəssisənin bazasında yaradılan eyniadlı Polşa-Ukrayna birgə konsorsiumuna 2008-ci ilin yanvarında Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstanın Neft-Qaz Korporasiyası və Litvanın "Klaipedos Nafta" şirkəti də daxil olub. 2011-ci ildə tikintisi başa çatacaq kəmər vasitəsilə ildə 40 mln. ton Xəzər neftinin nəqli planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB