İctimai-siyasi və sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayan Azərbaycan yüksək göstəriciləri və nəticələri ilə dünya dövlətləri sırasında qüdrətini daha da artırır. Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi ölkəmizin seçdiyi yolun düzgün olduğunu təsdiqləyir. Müstəqil dövlətimizin uğurlarından qürurla söz açarkən, bu nailiyyətlərin təməlinin qoyulduğu zamanın - Azərbaycan tarixinin silinməz salnaməsi olduğunu qeyd etməliyik. Tarixin silinməz zamanına çevrilən həmin məqamlar müstəqil dövlətimizi təhlükələrdən xilas etdi və bugünkü dünyada nüfuz qazanmış müstəqil Azərbaycanın adını zirvələrə yüksəltdi. Bu tarix - xalqımızı nicata aparan yol 1993-cü ilin 9 iyun tarixində başlanmışdır. Həmin gün Ulu Öndər Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində çox mühüm bir addım atmışdı.
Tarixin gedişinə nəzər salsaq, görərik ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyev Moskvadan Azərbaycana qayıtması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi, artıq bu mübarizə alovunu gücləndirdi və Müdrik Siyasətçinin uzaqgörən siyasəti xalqın buxovlanmış arzularının yolunda ümid çırağı yandırmış oldu. Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi.
Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.
Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyası 1991-ci il avqustun 30-da Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul etdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Amma Azərbaycan müstəqillik əldə etmiş olsa da, ölkədə hökm sürən ictimai-siysi proeslər ölkəni məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
O dövrdə siyasi hakimyyətdə olanların səriştəsizliyi üzündən vətəndaş müharibəsinə rəvac verildi, milli dövlətçiliyimiz ikinci dəfə məhv olmağın bir addımlığına gətirildi. Belə bir zamanda xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Ümummilli Lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin-amanlıqdan, inkişafdan danışmaq olmazdı.
"ƏGƏR RESPUBLİKADA İCTİMAİ-SİYASİ SABİTLİK OLMASA, SAĞLAM İCTİMAİ-SİYASİ MÜHİT OLMASA HEÇ BİR SOSİAL-İQTİSADİ PROQRAMDAN, YAXUD PROBLEMLƏRİN HƏLL EDİLMƏSİNDƏN SÖHBƏT GEDƏ BİLMƏZ"
Sonra hadisələr daha müsbət məcralara yönəldi, ölkədə nisbətən sabitlik yarandı və oktyabrın 3-də Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. İrəlidə müstəqilliyin mürəkkəb və keşməkeşli illəri dururdu. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz" - deyirdi Heydər Əliyev. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.
Ümummilli Lider Heydər Əliyev "Müstəqilliyin qoruması onu əldə etməkdən qat-qat çətindir" məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndər qarşıya çıxan bütün sərhədlərə qarşı mövqe və iradəsini qəti şəkildə qoydu. Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi: "Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır", - deyən Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin 20 sentyabrında nəhəng neft müqaviləsi - "Əsrin müqaviləsi" imzalandı. Bununla da, Azərbaycan, ilk dəfə olaraq, öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrdə, Avropanın və bütövlükdə, dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq, dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər müstəqillik Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.
MÜSTƏQİL AZƏRBAYCANIN TARİXİ NAİLİYYƏTİ, ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ƏSASININ QOYDUĞU İNKİŞAF STRATEGİYASININ MƏNTİQİ NƏTİCƏSİDİR
Böyük Qayıdışın möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması, vətəndaş müharibəsinin dayandırılması ilə ifadə edilmir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasındadır.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
Dinamik inkişafda olan ölkəmiz dünya miqyasında iqtisadi böhranların, ictimai-siyasi problemlərin mövcud olduğu şəraitdə inkişaf tempini qoruyub-saxlayır. Bu inkişaf göstəriciləri ayrı-ayrı sahələrin paralel tərəqqisi fonunda müşahidə olunur. Bu gün Azərbaycan beynəlxalq aləmdə neft-qaz, turizm, tolerant, idman ölkəsi, eyni zamanda, innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları və kosmik əlaqələndirmələr ölkəsi kimi də tanınıb.
Azərbaycanın ötən illərdəki uğurlarının fonunda işlənib- hazırlanan və təsdiqlənən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmağa istiqamətlənib. 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq.
Həqiqətən də, Azərbaycan xalqı dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini gerçəkləşdirərək, bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə, haqlı olaraq, fəxr edə bilər. Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik ənənələri möhkəmlənib və iqtisadiyyat dinamik inkişaf edib. Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, bu illər ərzində ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi və maliyyə-bank sisteminin qurulması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilib. Ölkəmizdə neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan verib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Ulu Öndər Heydər Əliyevin strateji xəttini siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib.
Azərbaycanda baş verən sürətli demokratik dəyişikliklər, vətəndaşların siyasi şüur səviyyəsinin yüksəlməsi, işgüzarlığının artması, insan hüquq və azadlıqlarının ali dəyər sayılması, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bütün bunlar demokratiyanın və iqtisadi-sosial yüksəlişin nəticəsidir.
Neft kapitalının insan kapitalına çevrilməsi strategiyasına uyğun olaraq humanitar sahələrin inkişafı istiqamətində gərgin iş aparılıb. Təhsil sisteminin daha da təkmilləşdirilməsinə dair tədbirlər həyata keçirilib, dünyanın mötəbər universitetlərində minlərlə Azərbaycan gəncinin təhsil alması üzrə Dövlət Proqramı gerçəkləşdirilib, yeni universitetlər açılıb və təhsildə özəl sektor formalaşıb. "ASAN xidmət" şəbəkəsi, ünvanlı sosial yardım, aztəminatlı ailələrin əlverişli şərtlərlə mənzillə təmin olunması və digər layihələr dövlətin sosialyönümlü siyasətinin göstəricisidir.
Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Elə Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bu nüfuzun və inamın göstəricisidir. Ölkəmizdə biri-birinin ardınca təşkil olunan beynəlxalq tədbirlər ilk Avropa Oyunları, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Bakı humanitar forumu və onlarla belə möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanda müxtəlif millətlərin sülh və qardaşlıq şəraitində yaşadığı məkanda keçirilir.
Şəhərlərimizin və regionlarımızın infrastrukturunun yeniləşməsi geniş vüsət alır. Bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilərək, tarixi və müasir memarlığın harmonik inkişafının parlaq nümunəsi kimi qiymətləndirilir.
Bütün əldə edilən bu uğurlar müstəqil Azərbaycanın tarixi nailiyyəti və Ulu Öndər Heydər Əliyevin əsasının qoyduğu inkişaf strategiyasının məntiqi nəticəsidir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB