Həmsədrlərin Ermənistana səfərindən gözləntilər ŞƏRH

Həmsədrlərin Ermənistana səfərindən gözləntilər ŞƏRH

“ATƏT-in Minsk qrupu həmsədrlərinin iyunun 13-də Ermənistan səfəri düşmən ölkənin danışıqlara cəlb etmək məqsədi daşıyır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Düşmən ölkənin xarici siyasət prioritetlərinin düzgün qurulmadığını deyən politoloq söyləyib ki, Ermənistanda fikir ayrılığı ilə yanaşı, onların konkret nə istədikləri də bəlli deyil: “Ölkənin XİN başçısı Dağlıq Qarabağla bağla görüşün keçirilməsini, Baş nazir isə danışıqlar prosesinə “Dağlıq Qarabağ” separatçı rejiminin qatılmasını bildirir. Lakin reallıq budur ki, “Dağlıq Qarabağ” separatçı rejimi bu danışıqlarda iştirak edə bilməz. Buna Azərbaycan heç zaman razı olmayacaq. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri də anlayır”.

F. Sadıqovın sözlərinə görə, yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Azərbaycan Ermənistan görüşünün baş tutması gözlənilən deyil: “Amma gec-tez bu baş verməlidir və Ermənistan özü bundan maraqlı olmalıdır. Əgər düşmən ölkə məsələni siyasi diplomatik yolla həll etmək istəmirsə, Azərbaycanın problemi həll etmək üçün başqa yolu var. Ölkəmiz və ordumuz işğal olunmuş torpaqları azad etməyə hər zaman hazırdır. Bunun üçün həm iradəmiz, həm də hərbi potensialımız var. Ermənistan artıq bunu başa düşməlidir”.

Azərbaycanın ATƏT-in Minsk qrupunun fəaliyyətindən razı olmadığını bir daha dilə gətirən politoloq qeyd edib ki, buna səbəb onların beynəlxalq normalara uyğun şəkildə fəaliyyət göstərməməsidir: “Minsk qrupu işğal olunmuş torpaqlarla bağlı qətnamələrin olmasına baxmayaraq, Azərbaycanla Ermənistanı bərabərləşdirir. Hazırda Minsk qrupunun bir məqsədi var ki, bu da danışıqlar prosesini təsdiqləməkdən ibarətdir”.

Ermənistanda baş verənlərə ATƏT-in Minsk qrupunun heç bir mövqe nümayiş etdirməməsinə gəlincə F. Sadıqov söyləyib ki, hazırda Minsk qrupu rəsmi İrəvanla ehtiyatla davranaraq, öz mövqeyini bildirmir: “Amma hər halda ATƏT-in Minsk qrupunun fəaliyyətinin əsas məqsədi danışıqlar prosesində vasitəçilik etməkdir. Əks halda, onların fəaliyyəti dayana bilər. Minsk qrupu anlayır ki, əgər onlar çəkildə Azərbaycan problemi həll etməyə hazırdır və edə bilər. Bu baxımdan Minsk qrupu ehtiyat edərək rəsmi İrəvanın başını sığallamaqla dilə gətirməyə çalışır. Onların son məqsədi Ermənistanı danışıqlar masasına əyləşdirməkdir. Hesab edirəm ki, nəticə etibarı ilə bu baş verəcək”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun Ermənistana səfərinin vaxtı açıqlanıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan səfərin iyunun 13-də baş tutacağını bildirib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, həmsədrlər Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə görüşdən sonra yaydıqları bəyanatlarında iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparacaqlarını bildirmişdilər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə