Yaxud, Rüstəm İbrahimbəyovun dövlət titullarının əlindən alınması tələbinə müqəddimə
Bildiyimiz kimi, Rüstəm İbrahimbəyovun ssenaristi olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlıların təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb. Ssenari müəllifi bu filmdə xalqın milli mənafeyini ayaqlar altına alaraq erməni xalqına simpatiyasını əks etdirib, azərbaycanlıları qorxaq və qəddar insanlar kimi tanıtmağa çalışıb. Bu səbəbdən, artıq bir müddətdir ki, Rusiyada yaşayan azərbaycanlı kinematoqraf Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu və Dağlıq Qarabağ münaqişəsi barədə daha çox erməni mövqeyini ifadə edən “Qafqaz üçlüyü” filmi mətbuatda, sosial şəbəkələrdə tənqid olunur. Belə ki, aparılan müzakirələrdə qaçqınları, Qarabağ döyüşçülərini təmsil edən ictimaiyyət nümayəndələri, eləcə də kino xadimləri, elm və sənət adamları Azərbaycan dövləti tərəfindən R.İbrahimbəyova verilmiş rəsmi titul və adlarının geri alınması tələblərini səsləndirirlər.
Müraciətlərdə qeyd olunur ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının iradəsinə, milli dəyərlərə, dövlətçiliyə qarşı düşmən münasibəti nümayiş etdirir. Bu mövqe onun sovet dövründən üzü bəri kinossenarilərinin çoxunda özünü büruzə verir, son zamanlar isə daha da qabarıq şəkil alıb. Aartıq qaçqın təşkilatları, ziyalılar, QHT nümayəndələri və s. R.İbrahimbəyovun titullarının alınması ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar. Çünki Azərbaycan xalqının vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan, ermənilərin isə alicənab, sülhsevər kimi təqdim edildiyi “Qafqaz üçlüyü” filmi Azərbaycan ictimaiyyəti, o cümlədən tanınmış Azərbaycan ziyalıları, incəsənət xadimləri, rəsmi şəxslər tərəfindən etirazla, qəzəblə qarşılanmış və öz xalqını,vətənini sevən bütün azərbaycanlılıar tərəfindən kəskin tənqid olunur.
Dırnaqarası filmin rejissorlarından biri Eldar Şengelaya ilə yanaşı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyovdur, filmdəki rollardan birini isə Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova oynayır...
Ümumiyyətlə son günlər bu mövzu mətbuatın da gündəmindən düşməyən mövzularından biridir ki, bu da Azərbaycan xalqının heysiyyatına toxunan bu cür sifarişli və həqiqəti əks etdirməyən filmlərə haqlı və təbii reaksiyadır. Təbii ki, başqa cür ola da bilməzdi. Filmin proloqunda uşaqlar qayadan suya tullanırlar. Onlardan biri – ən qoçağı qorxaq dostunu ürəkləndirir. Az sonra məlum olur ki, bu qorxaq azərbaycanlı, qoçaq, həm də filmin baş qəhrəmanı isə Bakı ermənisidir… Ən dəhşətlisi odur ki, reallığı qətiyyən əks etdirməyən bu filmin müəllifləri heç də erməni kinematoqrafçıları deyil; filmin ssenari müəllifi və prodüserlərindən biri, “məşhur yazıçı”, azərbaycanlı Rüstəm İbrahimbəyovdur.
Qeyd etmək yerinə düşərdi ki 2015-ci ildə çəkilən bu dırnaqarası filmin rejissorlarından biri Eldar Şengelaya ilə yanaşı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyovdur, filmdəki rollardan birini isə Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova oynayır. Necə deyərlər, Azərbaycan xalqına qarşı bu təhqirdə, xəyanətdə az qala ailəvi iştirak edilib. İnsan nə qədər sırtıq, vicdansız olmalıdır ki, doğulduğu, yaşadığı, çörəyini yediyi vətənini, mənsub olduğu xalqı aşağılamağa çalışsın.
O da təsadüfi deyil ki, filmdə azərbaycanlı adına yalnız İbrahimbəyovun qohumları və bir də gürcü aktyorlar yer alıb. Görünür, heç bir azərbaycanlı belə yaramaz, düşmən layihədə yer almaq istəməyib. Qeyd edildiyi kimi, müəllif filmdə ciddi cəhdlə göstərməyə çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrəti, onların işğalçılıq iddiası deyil, məhz azərbaycanlıların ermənilərə qarşı dərin nifrəti amili durur.
Tanınmış kinorejissor Ayaz Salayev bu bədnam film haqqında tamamilə düzgün olaraq bildirir ki, “rejissor bu başdansovdu, açıq-aydın xaltura tipli işində öz qarşısına heç bir yaradıcı vəzifə qoymayıb, Puşkinin duel tapançası tipli operetta yaradıb”.
Xəyanətkar və vicdansız
Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu film kinematoqrafiya, sənət əsəri, yaradıcılıq baxımdan da olduqca zəifdir və deyildiyi kimi daha çox ideoloji silaha hesablanıb. ”Eynəksiz” də bəsit film olması görünən film, hiss olunur siyasi sifarişə hesablanmış və mənsub olduğu xalqı aşağılamaq hesabına böyük pul qazanmaq üçün çəkilən filmdir. Belə ki, müsahibələrinin birində özünü “elita”,”ziyalı”,”aristokrat” sayan “Oskar” “mükafatçısı” Rüstəm İbrahimbəyov deyib ki, “Qafqaz üçlüyü” filminin əsasında guya real hadisə durur. Amma , birincisi, bu daha çox özünü sığortalamaq məqsədilə deyilən fikirdir, ikincisi isə doğrudanmı hər hansı bir ssenarist bir insan kimi normalda istəməz ki, öz xalqını, özü də böyük mədəniyyətə, böyük tarixə malik olan, böyük şəxsiyyətlər, qəhrəmanlar yetişdirən xalqı layiq olduğu müsbət tərəfdən tərənnüm etsin?!
Sonda isə görkəmli Azərbaycan şairi Abbas Səhhətin elə Rüstəm İbrahimbəyov kimilər haqda dediyi sözlər lap yerinə düşər: Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa da o şəxsdə vicdan olmaz... Bəli, Rüstəm İbrahimbəyov sadəcə, xəyanətkar və vicdansızdır!
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB