Əkbər Qoşalı: "Üçrəngli bayrağımıza əbədi ucalıq diləyirəm!” MÜNASİBƏT
"Yaxın dövr tariximizdə baş vermiş hadisələrdən elələri olub, yalnız tarixi məqalələrə, tarix kitablarının vərəqlərinə deyil, eyni zamanda rəsmən təqvimə düşüb və hər ilin həmin günü xalqımız bir daha tariximizə, bugünümüzə, eləcə də gələcəyimizə nəzər salır. 15 iyun belə təqvim günlərindəndir". Bunu SİA-ya açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, təəssüflər olsun ki, milli azadlıq hərəkatının gedişatı və ərazi bütövlüyü uğrunda mübarizə illərində respublikamızda bir sıra başıpozuq silahlı dəstələr də meydana gəlmişdi: "Çox təəssüf ki, 1993-cü ildə həmin silahlı dəstələrin yol verdiyi qanunsuz hərəkətlər, eləcə də, ölkəmizdə istimai-siyasi sabitliyin pozulmasında maraqlı olan bəzi xarici güclərin gizli çalışmaları, Azərbaycanımızı vətəndaş müharibəsinə sürükləməkdə idi. Respublikamızın bəzi bölgələrində separatçılıq meylləri, parçalanma çağırışları açıq xarakter almışdı və bütün bunlar müstəqil dövlətimizi çətin suallar qarşısında qoymuşdu. 1991-ci ilin 18 oktyabrında müstəqillik haqqında konstitusiya aktı qəbul edilsə də, iki il keçməmiş müstəqilliyimizin başı üzərini qara buludlar ciddi şəkildə almışdı.
4 iyun 1993-cü ildə Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi digər bəzi hərəkətlərlə də sinxronlaşaraq, respublikamızı sürətlə xaosa aparırdı. Situasiyanı nəzarətə almaq o vaxtkı hakimiyyət üçün qeyri-mümkün şəkil almışdı; hətta Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Qiyamçı hərbi hissənin rəhbərliyi kəskin tələblərlə çıxış edir, şərtlər irəli sürürdü. Ön cəbhədə isə savaş gedirdi...Vəziyyət rəsmən nəzarətdən çıxır, Gəncəyə yaxın rayonların icra başçıları qanunsuz olaraq dəyişdirilir, polkovnikin başçılıq etdiyi hərbi hissənin Gəncədəki qiyamı, paytaxta doğru genişlənirdi; artıq ölənlər, yaralananlar var idi. Dövlətin, xalqın, ən adi insanların belə halı pərişandı, suallar çox, cavablar isə ya yoxdu ya da qənaətbəxş deyildi... Belə bir vaxtda ölkə rəhbərliyi, geniş xalq kütlələrinin istəklərinə uyğun olaraq, Naxçıvan Ali Məclisinin başçısı, dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bu, bir xilaskarlıq missiyası idi.
Bakıya gəldikdən az sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədi ilə Gəncəyə yola düşən Heydər Əliyev, Gəncədən döndükdən sonra, Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayışla çıxış etdi, durumu izah etdi, gerçəkliyi anlatdı, çıxış yolu göstərdi. Nəhayət, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev parlamentin sədri seçildi və respublikamızın həyatında yeni dönəm başladı. Sonralar millət vəkilləri 15 iyunun təqvimə Azərbaycanın Milli Qurtuluş Günü olaraq salınması təklifi ilə çıxış etdi və Milli Məclis bu təklifi bəyənərək, səsvermə ilə rəsmiləşdirdi.
Bilirsiz, xalqın yaddaşı yalnız ruhi, mənəvi amillərlə, yaxud uzaq tarixdən gələn impulslarla formalaşmır; yaxın tarix də özünəməxsus şəkildə yaddaşın möhkəmlənməsində, deyərdim, ayarlanmasında, formatlanmasında iştirak edir. Bu isə gələcəyə daha aydın baxışların yaranmasına şərait yaradır. Necə deyərlər, "Hardan gəlmişik? Hardayıq? Hara gedirik?" sualları müvafiq hadisələr və o hadisələrin təqvimləşməsi ilə özünə cavab bulur. Xalqımıza, dövlətimizə bir daha xaoslu günlər yaşamamağı arzu edir, üçrəngli bayrağımıza əbədi ucalıq diləyirəm!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB