“Xaricdəki şəxslərə vəsaitlər ötürənlərin məqsədi Azərbaycanda həyata keçirilən islahatları əngəlməkdən və ölkənin inkişafına mane olmaqdan ibarətdir. Başqa qruplar Azərbaycanın nüfuzuna xələl gətirməklə danışıqlar prosesində ölkəmizin mövqelərini zəiflətməyə çalışırlar”. Bu fikirləri SİA-ya siyasi-şərhçi Elçin Mirzəbəyli ABŞ-ın Helsinki Komissiyasında ölkəmizlə bağlı aparılan dinləmələrə münasibət bildirərkən deyib.
ABŞ Helsinki Komissiyasına Kristofer Smit rəhbərlik etdiyini deyən siyasi-şərhçi söyləyib ki, Smit 1992-ci ildə Azərbaycan əleyhinə qəbul olunmuş "907-ci düzəliş"in həm müəlliflərindən və həm də təşəbbüsçülərindən biridir: “Eyni zamanda, təxminən 14 il ərzində bu şəxsin 20 dəfədən çox qondarma "erməni soyqırımı"nın ABŞ Konqresində tanınması ilə bağlı təşəbbüsləri olub. O həmçinin ABŞ-da olan Ermənistan diasporası ilə açıq şəkildə əməkdaşlıq edir. Yəni bu şəxs erməniləri özünün böyük dostu adlandırır və bunu sübuta yetirmək üçün də Azərbaycana qarşı aparılan bütün kampaniyaların ön cərgəsində yer alır. Cəbhədə atəşkəs pozulanda Smit bu atəşkəsin, məhz Azərbaycan tərəfindən pozulduğunu bildirir. Eyni zamanda, Azərbaycan torpaqlarında yaradılan separatçı rejimi dəstəkləyərək, müdafiə edib və Azərbaycanın erməni demokratiyasını pozmağa çalışdığını vurğulayır”.
E.Mirzəbəylinin sözlərinə görə, əslində Azərbaycan əleyhinə mövqe sərgiləyən bir insanın təşkil etdiyi kampaniyanın mahiyyətini sübut etməyə ehtiyac yoxdur: “Bütün bu proseslər vahid bir mərkəzdən idarə olunur. Bu proseslərdə müxtəlif qruplardan olan insanlar yer alıblar. O cümlədən də, xaricdə yaşayan ayrı-ayrı marginal azərbaycanlılar da bu prosesdə yer alır və erməni diasporu və erməni lobbisi ilə vahid bir mövqedən çıxış edirlər. Əslində, bu mövqedən çıxış etmək Azərbaycan torpaqlarının işğalı prosesinə, faktiki olaraq, dəstək verməkdən ibarətdir. Burada korporativ maraqlar da var. Bu baxımdan da, Helsinkidə aparılan dinləmələrin mahiyyəti də bəllidir. Son 14 il ərzində Helsinki Komissiyası Azərbaycan əleyhinə 15-dən artıq dinləmə keçirib. Bunların da hər birində, məhz ermənipərəst konqresmenlər, Azərbaycan əleyhinə fəaliyyət göstərən qurumlar, eyni zamanda, erməni təşkilatları fəal şəkildə iştirak ediblər. Lakin bu illər ərzində bir dəfə də olsun Ermənistanla bağlı hər hansı bir dinləmə keçirilməyib. Hətta mitinqlərdə insanların qətlə yetirildiyi, kütləvi həbslərin həyata keçirildiyi zaman Ermənistanla bağlı hər hansı bir dinləmənin keçirilməsinin şahidi olmamışıq. Bütün bunlar sübuta yetirir ki, prosesin əsas mahiyyətində, bilavasitə Azərbaycanın beynəlxalq nüfuzunun zədələnməsi dayanır. Məqsəd isə, şübhəsiz ki, ermənilərin maraqlarını müdafiə etməkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB