Müxalifət Nizami rayonunda keçirilmiş seçkilərin normal şəraitdə baş tutduğunu etiraf etdi  FAKT- FOTOSLAYD

Müxalifət Nizami rayonunda keçirilmiş seçkilərin normal şəraitdə baş tutduğunu etiraf etdi FAKT- FOTOSLAYD

Noyabrın 7-də Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçirildi. Bütövlükdə aparılmış müşahidələr nəticəsində bu dəfəki seçkilərin də beynəlxalq standartlara uyğun keçirildiyi qənaətinə gəlindi. Əlbəttə ki, Azərbaycanın rayonlarının böyük əksəriyyətində seçkilər yüksək mütəşəkkillik, şəffaf və ədalətli şəkildə keçirildi. Hətta, bəzi rayonlarda baş tutmuş seçkilərin normal keçdiyini müxalifət müşahidəçiləri də etiraf etdilər. Bu fikirlər SİA-nın sekilərdə apardığı müşahidələr zamanı bir daha öz təsdiqini tapdı. Seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyi rayonlardan biri də Bakı şəhərinin Nizami rayonudur.

Bu rayonda aparılmış müşahidələr zamanı bir daha əmin olduq ki, seçkilər yüksək səviyyədə təşkil olunub və seçicilərin normal şəkildə öz iradələrini ifadə etməsinə şərait yaradılıb. Bunu 25 saylı Nizami ikinci seçki dairəsində müşahidələr aparmış Müstəqil Dövlətlər Birliyi müşahidə missiyasının rəhbəri Sergey Lebedev də təsdiqlədi: "Missiyamızın üzvlərindən daxil olan məlumatlara görə və mənim nəzərimcə, seçkilər yüksək səviyyədə təşkil olunub. Biz bir çox seçki məntəqələrində, mən şəxsən 10-dan artıq seçki məntəqəsində olmuşam. Mənim həmkarlarım da söyləyirlər ki, seçkidə qanun pozuntusu praktiki olaraq, yoxdur. Biz yerli müşahidəçilərlə də söhbətlər aparmışıq. Onların da seçki prosesində pozuntularla bağlı qeydləri yoxdur. Ümumilikdə, seçkilər yüksək səviyyədə təşkil olunub. Mütəşəkillik isə lazımi səviyyədədir. Aktivlik artan tepmdə davam edir. İnsanların əhval-ruhiyyəsi də yüksəkdir. Mən bir qədər əvvəl bir seçici ilə danışdım. Yaşlı nəslin nümayəndəsi olan bu qadın dedi ki, biz seçkiləri bayram kimi qəbul edirik. Əgər insanlar seçkiləri bayram kimi qəbul edirlərsə, bu o deməkdir ki, hər şey yaxşıdır".

Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin üzvü, müşahidəçi Yılmaz Tunç da eyni mövqeydən çıxış edərək seçkilərin gedişatını yüksək qiymətləndirdi: "Səhər saatlarından etibarən, bu bölgədəki seçki məntəqələrini gəzdik, seçki dairələri, seçki məntəqələrinin sədrlərilə görüşdük. Ayrıca şəkildə müşahidəçilərlə görüşlərimiz oldu. Hər hansı bir qanun pozuntusuna rast gəlmədik. Əksinə seçkilərin necə mütəşəkkil şəkildə keçdiyini müşahidə edirik. Amma bütün bunlara baxmayaraq, biz müxalifət müşahidəçilərinin az olduğunu da görürük. Yəni, seçkilərin təşkilində çatışmazlıq bundan ibarətdir. Bunun isə konkret nədən qaynaqlandığını deyə bilmərəm. Bu, ola bilsin, müxalifətin seçkilərə maraqsız yanaşmasından irəli gəlir. Lakin bu məsələ araşdırılmalıdır".

Seçkiləri müşahidə edən yerli müşahidəçilər də seçkilərin yüksək səviyyədə təşkil olunduğunu, sakit, şəffaf və ədalətli şəkildə getdiyini söylədilər. 25 saylı Nizami ikinci seçki dairəsinin 4 saylı məntəqəsinin sədri Zemfira Şixəliyeva seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini dilə gətirdi: "Gördüyünüz kimi, seçkilərin ədalətli və demokratik keçirilməsi üçün bütün lazımi şərait yaradılıb".

Sədr seçkilərin qanun pozuntusu olmadan, sakit və şəffaf keçdiyini dedi: "Veb-kameraların quraşdırılması, barmaqların yoxlanılması və rəngsiz maye ilə boyanması, həm seçicilər, həm də bizlər üçün yaradılmış şərait seçkilərin daha demokratik şəkildə keçirilməsinə imkan verir".

Hətta, seçkilərin saxtalaşdırılacağını əvvəlcədən qəzetlərində yazıb seçkisonrası şouya hazırlaşan müxalifət də seçkilərin normal şəkildə keçdiyini və heç bir qanun pozutusu olmadığını bildirdilər. Belə ki, "İslahat" blokunun müşahidəçisi Məcid Abbavos dedi ki, seçkilər yaxşı təşkil olunub və normal keçir.

AXCP-Müsavat blokunun müşahidəçisi Sirac Cavadov da bildirdi ki, hal-hazırda seçkilər normal keçir, hər hansı bir qərəzli hadisə baş verməyib. 10-a yaxın seçki məntəqəsində olduğunu söyləyən "Yeni Müsavat" qəzetinin əməkdaşı Həbibə Abdulla isə seçkilərin gedişatını normal qiymətləndirib: "Normal demək olar. Hardasa 10 seçki məntəqəsində olmuşuq və onların 3-4-də problemlər aşkarlanıb".

"Problemlər nədən ibarətdir" sualını cavablandıran müşahidəçi dedi ki, seçki məntəqələrində müşahidəçilər uzaqda əyləşdirilir: "Bizim AXCP-Müsavat blokunun müşahidəçiləri qanun pozuntusu ilə bağlı etiraz etdikdə onlara təzyiqlər edilir".

Konkret pozuntu faktının göstərilməsini istədikdə H.Abdulla bildirdi ki, onların Elşən adlı müşahidəçisi 25 saylı Nizami ikinci seçki dairəsinin 21 saylı məntəqəsində "ərin həyat yoldaşının əvəzinə səs verməsi" faktı ilə bağlı etiraz edərkən, xoşagəlməz hal baş verib. Məhz, müxalifət müşahidəçisinin dilə gətirdiyi qanun pozuntusunu araşdırmaq üçün 21 saylı seçki məntəqəsinə yollandıq. Amma bu seçki məntəqəsində AXCP-Müsavat blokunun müşahidəsiçi Nəriman Məmmədov mövcud seçki mənqətəsində belə bir olayın baş vermədiyini söylədi. O, bildirdi ki, bu məntəqədə hər hansı bir qanun pozuntusu olmayıb və seçkilər normal keçir. Sonradan məlumat aldıq ki, belə bir hal 20 saylı seçki məntəqəsində olub. Amma müşahidəçi Elşən İsmayılov məsələyə don geyindirərək, bunu siyasiləşdirməyə çalışıb. Əslində isə hadisə AXCP-Müsavat blokunun müşahidəçisi Elşən İsmayılovun beynəlxalq müşahidəçilərə yalnış məlumat verməsi zamanı baş verib. Bunun qarşısını alan məntəqə sədri, katiblər və üzvlər akt tərtib edərək qanunamüvafiq şəkildə tədbir görüblər.

Bununla yanaşı, 25 saylı Nizami ikinci seçki dairəsinin 10 saylı seçki məntəqəsində müşahidəçi qismində iştirak edən "Yeni Müsavat" qəzetinin baş redaktoru Azər Ayxan da digər həmkarı kimi, problemlərin mövcudluğundan danışdı: "Bizim müşahidəçilər təsbit ediblər ki, maşınlar kütləvi şəkildə insanları bu məntəqəyə gətirirlər".

"Səsvermə necə gedir?" sualının cavabında isə Azər Ayxan dedi ki, səsvermə prosedur qaydalarına uyğun gedir. Bütövlükdə isə seçkilərin hansı səviyyədə keçməsinə qiymət verməyin tez olduğunu əsas gətirən Azər Ayxan birbaşa cavabdan yayındı. Amma onun iddiası üzrə insanların kütləvi şəkildə maşınlarda gətirilməsi məsələsini də araşdırarkən, məlum oldu ki, belə bir hadisə olmayıb.

Məntəqə sədri Rəsul Mehdixanov dedi ki, ümumiyyətlə, bu məntəqədə qeydiyyatdan kənar səs verən olmayıb: "Bir nəfər ünvanı səhv salmışdı. Onu da səs verməli olduğu məntəqəyə gördərdik. Maşınlarda insanların kütləvi şəkildə səsverməyə gətirilməsi iddiası gülüncdür". Müstəqil müşahidəçi Ariz Ağamalıyev də bildirdi ki, elə bir hal olmayıb: "Əksinə bayaqdan bir neçə nəfər gəlib Azər Ayxanla məntəqədə nəsə danışırlar. Əslində, bu qanun pozuntusudur. Onlar ki, özlərinin qanun pozuntularını yalan məlumatlarla ört-basdır etməyə çalışırlar".

Dairə üzrə müşahidəçi Ramiz Orucov da söylədi ki, səsvermə başlayandan Azər Ayxan müşahidəçi kimi bütün səlahiyyətləri aşaraq, qanun pozuntularına yol verib: "İçəri daxil olan seçicilərə yaxınlaşır, nəsə deyir. Onların səs verməsinə mane olur".

Beləliklə də, aydın oldu ki, seçki günü müxalifət nümayəndələri seçkilərin normal şəraitdə keçdiyini etiraf etməklə yanaşı, səsvermə prosesində problemlər yaratmaqla saxta şoular düzənləməyə çalışıblar.

 

Xüsusi qeyd: Fikirləri qeyd olunan hər bir şəxsin səsi yazılı halda fakt kimi mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə