Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 12 noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, Akademiya rəisinin tədris işi üzrə I müavini general-mayor Şahin Sultanov tədbiri acıq elan edərək Konstitusiyanın qəbul olunmasının 15-ci ildönümü münasibətilə toplantı iştirakçılarını təbrik edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
General-mayor Ş.Sultanov məruzə ilə çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən, Azərbaycan xalqının strateji seçimi olan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində respublikada bütün sahələrdə apardığı köklü islahatlar barədə danışıb.
Məhz ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini qeyd edən natiq, bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu qeyd edib.
Bildirilib ki, Konstitusiya qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə Hüquq İslahatları Komissiyası təsis olunmuş, azad vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquqlarının müdafiəsinə təminat verən yeni konsepsiya işlənib hazırlanmışdır. 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması ilə konstitusiya nəzarəti institutu yaradılmış, 1999-cu il dekabrın 12-də isə Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilmiş, ölkədə yerli özünüidarəetmə sisteminin formalaşdırılmasına başlanılıb. Bütün bu işlərin məntiqi nəticəsi olaraq, Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmiş, dünyanın demokratik dövlətləri sırasında layiqli yerini tutub.
Məruzəçi daha sonra ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konstitusiyamızın daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirdikləri mühüm işləri xatırladaraq bildirib ki, 24 avqust 2002-ci il və 18 mart 2009-cu il tarixlərdə qəbul olunmuş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktlarına uyğun olaraq, Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib.
Ş.Sultanov qeyd edib ki, ölkə Konstitusiyasının müddəaları Milli Təhlükəsizlik Nazirliyinin və onun hər bir əməkdaşının fəaliyyətinin əsasıdır, çünki bu fəaliyyət müstəqil Azərbaycan Respublikasının təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması işinə bilavasitə xidmət edir.
Akademiyanın Konstitusiya hüququ kaferasının müəllimi, hüquq elmləri namizədi Tuqay Əliyev müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunmasının tarixi-siyasi və hüquqi əhəmiyyəti barədə danışmış, Ali Qanunumuzun xalqın mənafelərini təmin edən ən demokratik analoji sənədlər sırasında layiqli yerini tutduğunu qeyd edib.
Çıxış edən dinləyici və kursantlar Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli və əbədi rəhbəri Heydər Əliyevin adını daşıyan Akademiyada təhsil almalarından qürur duyduqlarını, xalqımızın milli maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə fəaliyyətində bundan sonra da möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ən sadiq köməkçiləri olacaqlarını iftixarla vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB