Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin növbəti ildönümü və Avropa Şurasının "Uşaqlara qarşı cinsi zorakılığa son qoyaq!" kampaniyası ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə keçirilən Uşaq hüquqları aylığı davam edir. Ombudsman Aparatından SİA-ya verilən məlynata görə, ötən illərdə olduğu kimi, bu il də 20 oktyabr tarixindən başlamış bu aylıq noyabrın 20-də yekunlaşacaqdır.
Ölkənin şəhər və rayonlarında yerli icra hakimiyyəti orqanlarının dəstəyi ilə həmin aylıq ərzində Ombudsman Aparatının, o cümlədən Müvəkkilin Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları tərəfindən dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta məktəblərdə uşaq hüquqları üzrə bir sıra maarifləndirmə tədbirləri təşkil olunur.
Ombudsman Aparatının əməkdaşları Uşaq hüquqları aylığı çərçivəsində Suraxanı rayonundakı 114, Xətai rayonundakı 17 və Sabunçu rayonundakı 67, Binəqədi rayonundakı 115, Nizami rayonundakı 210 və Yasamal rayonundakı 172 saylı məktəblərdə şagirdlərin iştirakı ilə hüquqi maarifləndirici tədbirlər keçiriblər. Bu seminarların əsas məqsədi uşaq hüquqlarının müdafiəsi mexanizmləri, uşaqların təhsil, sağlamlıq hüquqları və digər hüquqlar haqqında məlumatlılığını artırmaq onlara, uşaq hüquqları sahəsində bilgilər verməkdir.
Tədbirlərdə çıxış edən Ombudsman Aparatının əməkdaşları BMT-nin Uşaq Hüquqları Konvensiyası haqqında iştirakçılara ətraflı məlumat veriblər. Ombudsmanın nümayəndələri həmçinin insan hüquqlarının yaranması tarixi, insan hüquqları, o cümlədən uşaq hüquqları üzrə müvafiq beynəlxalq sənədlər və milli qanunvericilik barədə danışıblar.
Şagirdlərə Avropa Şurasının 29-30 noyabr 2010-cu il tarixdə keçirəcəyi "Uşaqlara qarşı cinsi zorakılığa son qoyaq!" kampaniyası barədə məlumat verilmiş, bu kampaniyanın uşaqlara qarşı cinsi zorakılıqla mübarizə standartlarının imzalanması, ratifikasiyası və implementasiayasının gerçəkləşdirilməsi, bu istiqamətdə maarifləndirmənin genişləndirilməsi məqsədini daşıdığı, Müvəkkilin bu mühüm kampaniyanı dəstəklədiyi bildirilib.
Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, Ombudsmanın bu konvensiyanı Milli Məclisin ratifikasiya etməsini, həmçinin "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi bildirilib.
Şagirdlərin fəal iştirakı ilə uşaqların inkişafına mane olan hallar müzakirə olunmuş, uşaqlara qarşı zorakılığın yolverilməzliyi, uşaq əməyinin istismarının aradan qaldırılması, uşaqların asudə vaxtının səmərəli təşkili ilə bağlı təkliflər irəli sürülüb. Belə maarifləndirmə tədbirləri davam etdiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB