Şuşa Azərbaycan tarixində alınmaz qala imici ilə tanınmışdı. Bu da təsadüfi deyil. XVIII əsrdə Qarabağ xanlığı tərəfindən möhtəşəm qala divarları ilə əzəmətli müdafiə sistemi yaradılan bu qədim şəhər, həm də dəniz səviyyəsindən 2000 metrdən artıq yüksəklikdə yerləşməsi ilə alınmazlıq imici qazanmışdı. Bəs necə oldu ki, əsrlərcə bu imici qazanmış və onu qoruyub-saxlamış şəhər bir gecədə düşmənlərin əlinə keçdi. Şah Qacarın da məğlub edə bilmədiyi qalanı əsli-kökü olmayan, hünəri hünərimizdən, mənəviyyatı mənəviyyatımızdan qat-qat aşağı olan dığaların "qələbə"si nə ilə bağlı oldu?
Bəzən daxilimizdə olan xəyanətlərdən, bir az yumşaq desək, bacarıqsızlıqlardan fikir səsləndirəndə bizi içimizdə düşmən axtarmaqda qınayanlar da olur. Ancaq bu bir həqiqətdir ki, döyüşlərdə məğlubiyyətlərimizin səbəbi heç də düşmənin bizdən güclü, bizdən döyüşkən olması deyil. Erməni düşməndi və onun məqsədi torpaqlarımızı işğal etməkdən, "böyük dövlət" xülyalarını gerçəkləşdirməkdən, bu yurdun qədim sakinlərinin qanını tökməkdən, sağ qalanları isə pərən-pərən salmaqdan ibarətdir. Bu baxımdan, düşmənin etdiklərindən daha çox bizim etdiklərimizi və ya etməli olub etmədiklərimizi təhlil edib də, səhvlərimizi, yanlışlarımızı təkrar-təkrar önə çəkmək gərəkdir ki, sonrakı dönəmlərdə bu səhvləri təkrar etməyək. İlk növbədə, ondan danışmaq lazımdır ki, yenicə müstəqilliyini əldə etmiş bir ölkədə hərbi sahədə böyük uğurlar qazanmış, general rütbəsinə qədər yüksəlmiş Valeh Bərşadlı müdafiə naziri vəzifəsindən niyə uzaqlaşdırıldı? Hərbi mütəxəssisin yerinə nədən adi riyaziyyat müəllimi təyin edildi? Ölkəni xaosa sürükləyən o zamankı AXC başbilənləri nədən bunu istədilər? Cavab sadədir. Onları Qarabağda baş verənlər deyil, hakimiyyəti ələ almaq maraqlandırırdı. Hakimiyyəti ələ almaq üçün isə ən böyük güc strukturu olan Müdafiə Nazirliyini ələ keçirib, cəbhədə baş verənləri nəzarətinə götürmək, bu struktur vasitəsilə lazım gəldikdə, məğlubiyyətə yol açmaq, iqtidarı xalqın gözündən salmaq, etimadsızlıq yaratmaq ən "uğurlu" gediş idi. Mətbuatda dəfələrlə səsləndirilib və oxucularımıza məlumdur ki, Kərkicahandan başlayan, Xocalı və Qaradağlı qətliamlarına qədər uzanan məğlubiyyətlərdə o zamankı hakimiyyətlə yanaşı, hakimiyyət ehtirası ilə tutuşub yanan AXC fəallarının da "əməyi" kifayət qədər olmuşdur. Məhz hərb elmindən bixəbər, "Lefortovo"da sovet ideoloqlarına baş endirmiş bir məxluqun müharibə gedən ölkədə müdafiə naziri postuna gətirilməsi də bu çirkin niyyətin reallaşması istəyindən irəli gəlirdi. Düşmənin may ayının 9-da Şuşada parad keçirəcəyi haqqında əldə olunan səhih məlumatların ölkənin bütün səlahiyyət sahiblərinə, o cümlədən, Müdafiə Nazirliyinə bir həftə əvvəl çatdırılmasına baxmayaraq, bunun qarşısını almaq üçün heç bir tədbir görülməməsi, əksinə, şəhərdəki qüvvələri pərən-pərən salması dediklərimizi sübut edən faktdır. Nəticədə, hakimiyyətə gəlmək istəyənlərlə hakimiyyətini qoruyub- saxlamağa çalışanların vəzifə davasına qurban gedən alınmaz qala alındı! "Şuşa gedərsə, başıma güllə çaxaram" məşhur deyimin müəllifi olan bu xəyanət simvolu isə, Şuşanın 26 ildir düşmən tapdağında olmasına baxmayaraq, hələ də bu xəbəri "ala bilməməsi" və sözünə əməl etməməsi çox qəribədir. Hətta bu məxluq bu gün ortaya düşüb də, həyasızcasına vətənpərvərlikdən, qeyrətdən və namusdan moizələr oxuyur. Təəccüblüsü də odur ki, onun bu moizələrinə cəmiyyətdə züy tutanlar da olur. Tarix boyu bir sıra xalqlarda döyüşü uduzan tərəf, məğlubiyyətin səbəbkarlarını, buna şərait yaradanları üzə çıxarır, onu və ya onları ən ağır şəkildə cəzalandırır. Nəinki müharibədə, adi idman yarışlarında belə məğlubiyyətə bilərəkdən şərait yaradan oyunçu cəzalandırılır və bir daha oyuna buraxılmır. Amma bizi düşmən qarşısında əyən səbəbkarlar hələ də cəmiyyətdə at oynatmaqdadırlar. Alınmaz qalanı aldıran, hakimiyyət, vəzifə və kreslo naminə Vətən torpaqlarını hərraca qoyanlar cəzalarını almalıdırlar. Almalıdırlar ki, gələcəkdə bu eşqə düşənlər üçün görk olsun. Görk olsun ki, belə namərdliklərdən uzaq dursunlar. Uzaq dursunlar ki, Vətənini təmənnasız sevən, bu Vətən uğrunda ölməyə hazır olan oğullar arxadan zərbə vurulmayacağına əmin olsunlar. Əmin olsunlar ki, ALINMAZ QALAMIZA-ŞUŞAYA doğru daha böyük və daha qətiyyətli addımlarla irəliləsinlər...
Təhmasib Novruzov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB