Qış fəsli çoxdan bitib və rus ayısı həm ac, həm də əsəbidir ANALİTİKA

Qış fəsli çoxdan bitib və rus ayısı həm ac, həm də əsəbidir ANALİTİKA

Erməni mediası: "Moskva Ermənistanı qanda boğacaq"

Ermənistanda davam edən siyasi böhran və kütləvi etirazçılar dalğasının küçələrə çıxaraq hazırkı hakimiyyətə qarşı çıxması, eləcə də bir sıra dövlət strukturlarının tətilləri erməni ictimaiyyətinin Rusiya müdaxiləsi ətrafındakı çıxışlarına səbəb olmaqdadır. Xüsusilə, erməni mediası Kremlin var qüvvəsi ilə Ermənistanı əlində saxlamaq cəhdləri barədə yazır, hətta etiraz və qiyamların qanla nəticələnəcəyi proqnozunu verirlər.

Yeri gəlmişkən, erməni mətbuatı Rusiyanın Ermənistandakı səfirliyinin "Ermənistanda baş verənlər bu ölkənin daxili işləridir" bəyanatının səmimi olmadığını yazsa da, Rusiya səfirliyi insanların fərdi fikirlərinə deyil, məhz Vladimir Putinin köməkçisi Dmitri Peskovun, habelə XİN sözçüsü Mariya Zaxarovanın rəsmi açıqlamaları kontekstindən çıxış etdiyini bildirir.

Sarqis Artsruni: "Rusiyanın aparıcı KİV-ləri Ermənistana və bu ölkədə cərəyan edən "məxməri inqilab" proseslərinə qarşı böyük miqyaslı anti-təbliğat kampaniyası aparırlar"

Digər maraqlı məqam Ermənistanın nüfuzlu xəbər saytlarından olan 1in.am-ın siyasi şərhçisi Sarqis Artstuninin sözügedən məsələdəki fikirləridir. S.Artsruni analitik yazısında qeyd edir ki, Rusiyanın Ermənistandakı səfirliyi aktivliyi ilə seçilməsə də, bu ölkədə "məxməri inqilab" edən liderlər dəfələrlə bəyan ediblər ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, xarici siyasətindəki mövqeyini qoruyub-saxlayacaq. Lakin erməni siyasi yazarı başqa bir məsələyə də toxunur. SİTAT: "Problem ondadır ki, son günlər Rusiyanın aparıcı KİV-ləri Ermənistana və bu ölkədə cərəyan edən "məxməri inqilab" proseslərinə qarşı böyük miqyaslı anti-təbliğat kampaniyası aparırlar və Rusiya səfirliyi faktiki olaraq, qaçılmaz anti-Rusiya maraqlarının artmasının qarşısını almağa çalışır..."

Beləliklə, anti-Rusiya maraqlarının artmasını normal hal olduğunu anlatmağa çalışan S.Artsruni bunu rəsmi Kremlin ölkəsinə qarşı aqressiv siyasəti ilə əlaqələndirir. "Rusiyanın totalitar sistemi ilə tanış olan bütün insanlar bilirlər ki, bu ölkə yumşaq desək, prüalizmə dözümsüz yanaşır və Moskvanın ofisioz təbliğat meydanlarında olanlar şəxsi mövqelərini səsləndirməyə bilməzlər, necə ki, Rusiyanın Ermənistandakı səfirliyi bunu etmişdi"-deyə Artsruni yazır.

Mixail Leontyevin qiyamçılara verdiyi qiymət: "Ermənistanın Rusiyanın qarşısındakı davranışları özünü ucuza satan fahişə davranışından qətiyyən seçilmir"

Erməni siyasi yazarı buna misal kimi, Rusiyanın tanınmış publisisti və analitiki, bu ölkənin nüfuzlu media qurumu olan Birinci kanalında uzun müddət "Odnako" ("Lakin"-R.N.) adlı kifayət qədər reytinqli verlişini aparan, hazırda isə "Rosneft"in vitse-prezidenti vəzifəsinə sahib olan Mixail Leontyevin hadisələrə münasibətini göstərib. Xatırladaq ki, üç gün öncə Leontyev "Komsomolski pravda"nın radioefirində olarkən, Ermənistandakı "məxməri inqilabı" fahişəlik adlandırmışdı. "Ermənistanın Rusiyanın qarşısındakı davranışları özünü ucuza satan fahişə davranışından qətiyyən seçilmir"-Leontyev bildirib.

O, məhz Ermənistanın ayaqda qalmasının əsas qarantı olaraq, Rusiyanı göstərərək, bu gün "Rosneft"in bu ölkəni tərk etməsi vaxtının çatdığını demişdi. Onun bu ifadələri isə ermənilərə kökündən zərbə vurub və bu baxımdan, erməni mediasının anti-Rusiya çıxışları daha da artıb. Lakin nəzərə alarsaq ki, Ermənistan həqiqətən də Rusiyanın sayəsində.siyasi xəritədən silinmək təhlükəsindən müvəqqəti olsa da qurtarıb, bu zaman rusiyalı M.Leontyevin dediklərində həqiqətin olduğunu görə bilərik.

Mixail Yuryev "məxbəri inqilab" haqqında: "Rusiyanın zəif inkişaf etmiş xalqları özünə tabe etdirməyə haqqı var"

S.Artsruni həmin verlişdə M.Leontyevlə çıxış edən digər ruisyalı ictmai-siyasət adamı Mixail Yuryevi də nədənsə, "təbliğat killeri" adlandırıb, onun Ermənistan ictimaiyyətinin Rusiyaya qarşı çıxışlarına həqarətlə cavab verməsini pisləyib. Qeyd edək ki, Yuryev Leontyevdən fərqli olaraq, erməniləri qıcıqlandıracaq daha kəskin ifadələr səsləndirib, o cümlədən, Ermənistanı müstəqil dövlət kimi deyil, qiyamçı quberniya olaraq tanıdığını bildirib. "Rusiyanın zəif inkişaf etmiş xalqları özünə tabe etdirməyə haqqı var"-deyə Ermənistan hadisələrini şərh edən rus siyasətçisi daha sonra bildirib: "Ermənistandakı siyasi böhranı aşmaq üçün Yerevana iki alay göndərmək və "məxməri inqilabı" qanda boğmaq lazımdır".

Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı onlar üçün ən böyük təskinlikdir?

Erməni analitiki Leontyevlə Yuryevin bəlli açıqlamalarının rəsmi Moskva tərəfindən tənqid edilməməsinə işarə edərək iddia irəli sürüb ki, hər iki analitik Moskvanın yürütdüyü siyasətə əsas məsləhət verənlərdirlər.

Maraqlıdır ki, erməni analitik yazarı özünə və digər ermənilərə bir təskinliyi verməyə güc tapıb. O, bu ilin yayında Rusiyada keçiriləcək futbol üzrə dünya çempoinatını əsas gətirərək, Kremlin hələ ki, Ermənistana hərbçi yeritmək planının olmadığını yazır. Lakin Artsruni bir həqiqəti unudub ki, qış çoxdan bitib və rus ayısı da yuxudan ayılıb, özü də çox əsəbidir...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə