Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” müzakirə olunur

Bakıda “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” müzakirə olunur

Bu gün AMEA Rəyasət Heyətində AMEA Radiasiya Problemləri İnstitutunun təşkilatı dəstəyi ilə "Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

SİA-nın məlumatına görə, konfransda Azərbaycan Respublikası ilə yanaşı Cənubi Koreya Respublikasından, Rusiya, Pakistan, İran və digər ölkələrdən enerji sahəsində çalışan alimlər iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan AMEA prezidenti akademik Mahmud Kərimov keçirilən konfransın aktuallığı haqqında məlumat verərək bildirib ki, nüvə enerjisi ehtiyatlarına, istifadə texnologiyalarının hazırlığına, müxtəlifliyinə, etibarlılığına, ekoloji təminatına görə ən perspektiv enerji mənbəyidir. Akademik qeyd edib ki, Azərbaycanda nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə elmi-tədqiqat işlərinin əsası akademik Y.H.Məmmədəliyev tərəfindən qoyulmuş və keçən əsrin 60-cı illərində AMEA Radiasiya Problemləri İnstitutu məhz bu məqsədlə yaradılıb. O bildirib ki, institut respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, radiasiya materialşünaslığı, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemləri üzrə elmi və tətbiqi işlər aparan yeganə elmi müəssisədir. Nüvə enerjisinin gələcəkdə bəşəriyyətin böyük energetik tələbini ödəyən əsas mənbələrdən biri olduğunu vurğulayan M.Kərimov bunun elmi araşdırmalarla sübut olunduğunu və bu məqsədlə son illər nüvə energetikasının böyük sürətlə inkişaf etdirildiyini, nüvə enerjisinin dinc məqsədlərlə istifadə edildiyi sahələrin günü-gündən genişləndirildiyini söyləyib.

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov "Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri" mövzusunda çıxış edib. O, keçən əsrin 50-ci illərindən başlayaraq nüvə enerjisinin dinc məqsədlərlə istifadə yollarının aşkar edildiyini, bu enerjinin müxtəlif məqsədli istifadələri ilə əlaqədar radiasiya və nüvə təhlükəsizliyi problemlərinin ümumbəşəri aktual problem kimi qarşıya çıxdığını və üzvü enerji mənbələrinin tükəndikcə bu problemlərin aktuallığının daha da artacağının müəyyənləşdirildiyini nəzərə çatdırıb. Alim, həmçinin institutda bu sahə üzrə aparılan fundamental elmi-tədqiqat işləri, kadr potensialı, bu sahədə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

İnstitutun laboratoriya rəhbəri, professor İslam Mustafayev "Mirkazım Mirmehdi oğlu Məlikzadə və Azərbaycanda radiasiya kimyasının inkişafı" mövzusunda çıxış edərək Mirkazım Məlikzadənin Azərbaycanda radiasiya kimyasının inkişafındakı rolu haqqında ətraflı danışıb.

Tədbirdə çıxış edən Koreya Atom Enerjisi Tədqiqatları İnstitutunun direktoru Sunq-Kee Jo çıxış edərək işlədiyi institutda aparılan elmi-tədqiqat işləri, Koreyada nüvə enerjisinin tətbiqi texnologiyasının səviyyəsi və perspektivləri haqqında ətraflı məlumat verib.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə British Council tərəfindən iqlim dəyişikliklərinə həsr edilmiş "Axmaqlıq dövrü" adlı film nümayiş etdirib. Konfrans öz işini 10 noyabr 2010-cu il tarixə kimi davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə