Bu gün "Parlament -2010" seçki monitorinqi koalisiyası noyabrın 7-də keçirilən parlament seçkiləri ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, artıq 20 ildir ki, dünyanın aparıcı ölkələrində həyata keçirilən elektron səsvermə sisteminin seçki sistemlərinin təkmilləşdirilməsi, bu sahədə elektron vasitələrindən istifadə məqsədi ilə tətbiq edildiyini deyən layihə rəhbəri Aydın Kərimov Azərbaycanda ilk dəfə olaraq elektron səsvermə sistemindən istifadə olunduğunu bildirib.
Noyabrın 7-də səhər saat 8.00-da elektron səsvermə saytının aktivləşdiyini söyləyən A.Kərimov qeyd edib ki, saat 10.00-da artıq 1576 nəfər səsvermədə iştirak edib: "Saat 12-də bu rəqəm 7100 nəfər olub. Saat 19-da respublikanın bütün seçki dairələri üzrə elektron səsverməsi bitib və səsverənlərin ümumi sayı 25 442 nəfər olub. Ölkəmizdə ilk dəfə keçirilən elektron səsvermədə seçicilər ümumən fəallıq göstəriblər. Zəngilan –Qubadlı, Binəqədi 3-cü, Beyləqan, Masallı şəhər, İmişli, Xaçmaz, Şirvan kimi dairələrdə seçicilər elektron səsvermədə daha fəal olublar".
Koalisiya bütövlükdə Azərbaycan Respublikasının 80 seçki dairəsində monitorinq və müşahidə təşkil edib. Onlardan 29-u Bakı şəhərində, 51-i isə regionlarda yerləşir. Bu prosesə 3212 nəfər cəlb edilib. Onlardan 16 nəfəri respublika üzrə, 162 nəfəri seçki dairələri üzrə, 2909 nəfəri seçki məntəqələri üzrə, 125 nəfəri isə ehtiyat müşahidəçidir. Müşahidəçilər üçün 2 mərhələdə təlimlər keçirilib. 1-ci mərhələdə 162 nəfər seçki dairələri üzrə müşahidəçi, 48 nəfər də əlavə iştirakçı daxil olmaqla 210 nəfər monitorinq və müşahidənin təşkilinə dair hərtərəfli məlumatlandırılmış çap materialları ilə təmin edilib. 2-ci mərhələdə isə 2909 nəfər seçki məntəqələri üzrə, 125 nəfər isə ehtiyat müşahidəçi təlimlərə cəlb edilib. Koalisiyanın mütəxəssisləri tərəfindən onların hüquq və vəzifələri, beynəlxalq standart və normalar öyrədilib, praktik məşğələlər keçirilib, seçki günü doldurulmaq üçün müşahidə blankları və digər çap materialları paylanılıb.
Səhər saat 8-9 radələrində daxil olan məlumatlara görə dairələrin ərazisindəki bütün seçki məntəqələrində səsvermə prosesinə qanunauyğun şəkildə başlanılıb. Saat 13-14 radələrində daxil olan məlumatlara görə məntəqələrdə seçici aktivliyi müşahidə olunub, bütövlükdə 26 faizdən çox seçici səsvermədə iştirak edib. Sonuncu məlumatlar koalisiyaya saat 19:20 radələrində daxil olub, həmin məlumatlara əsasən seçicilərin 49,8 faizi səsvermədə iştirak edib.
A.Kərimov bildirib ki, seçki günü ərzində koalisiyanın açıq xətti ilə 19 müraciət daxil olub, müraciətlərdə qoyulan problemlərin həllinə yardım göstərilib. O, seçki dairələri üzrə müşahidəçilərin verdiyi məlumatlara əsasən nəticələrə təsir edən ciddi qanun pozuntularına və qüsurlara yol verilmədiyini, səsvermənin qanunauyğun keçirdiyi və seçkilərin baş tutduğunu diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB