Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Bakı dairəvi avtomobil yolunun açılışında iştirak edib. SİA-nın məlumatına görə, inşaatçılar və nəqliyyat işçiləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, Bakı dairəvi avtomobil yolunun tikintisi və yenidən qurulması Azərbaycan hökumətinin, Ərəb İqtisadi İnkişaf Küveyt Fondunun və Abu Dabi İnkişaf Fondunun ayırdığı vəsait hesabına həyata keçirilib. Bu layihənin reallaşdırılması şimal–cənub beynəlxalq nəqliyyat dəhlizini Böyük İpək Yolu ilə əlaqələndirəcək Bakı şəhərində tıxacların əhəmiyyətli dərəcədə azalmasına, paytaxtın ekoloji vəziyyətinin yaxşılaşmasına imkan verəcəkdir. Bu yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcəkdir.
Layihəni Nəqliyyat Nazirliyinin sifarişi ilə podratçı "Makyolcopri İnşaat ve Taahhüt A.Ş." şirkəti, subpodratçı "Azərinşaat" MMC, tikintiyə texniki nəzarəti "Pan Arab Consulting Engineers" şirkəti həyata keçiriblər.
Layihə üç hissədən ibarətdir. Birinci və ikinci hissələr istismara hazırdır. Lökbatan dairəsindən Ələt–Astara yolunun 22-ci kilometrinədək olan üçüncü hissə isə cari ilin sonunda istifadəyə veriləcəkdir.
Uzunluğu 21,5 kilometr olan birinci dərəcəli yolda 5 qovşaq və 8 yolötürücüsü vardır.
Prezident İlham Əliyev inşaatçıları təbrik etdi, açılışı bildirən lenti kəsdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB