SAM rəhbəri ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş konfransda çıxış edəcək

SAM rəhbəri ABŞ-Azərbaycan münasibətlərinə həsr olunmuş konfransda çıxış edəcək

9 noyabr 2010-cu il tarixində Vaşinqtonda(ABŞ) Beynəlxalq Sülh naminə Karnegi Fondunda, Ceymstaun Fondu və Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə "ABŞ-Azərbaycan münasibətləri: Strateji tərəfdaşlığın mövcud durumu" mövzusunda konfrans təşkil olunacaq. SAM-dan SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyevin "Azərbaycanın xarici siyasət strategiyası və "böyük güclərin" siyasəti" mövzusunda məruzə ilə çıxışı nəzərdə tutulub.

Tədbirdə həmçinin ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müşaviri və idarə heyətinin üzvü Zbiqnev Bjezinski, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Star, Ceymstaun Fondunun prezidenti Qlen Hovard və baş elmi işçisi Vladimir Sokor da məruzəçi qismində çıxış edəcəklər.

Nəzərdə tutulmuş səfər çərçivəsində E. Nuriyev ABŞ-ın aparıcı "beyin mərkəzlərinin" rəhbərləri ilə görüşüb, iki dövlətin analitik institutları arasında elmi-tədqiqat sahəsindəki əməkdaşlığına aid olan regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə