“Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf” mövzusunda beynəlxalq təhsil konfransı keçiriləcək

“Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf” mövzusunda beynəlxalq təhsil konfransı keçiriləcək
Təhsil Nazirliyi noyabrın 22-də "Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf" mövzusunda beynəlxalq təhsil konfransı keçirir. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, konfrans Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək. Eyni zamanda, konfransın keçirilməsində Təhsil Nazirliyi YUNESKO təşkilatı və Microsoft korporasiyasıyla yaxından əməkdaşlıq edir. Təhsil konfransının məqsədi Yeni Müstəqil Ölkələrin təhsil liderlərini bir araya gətirməkdir. Tədbir iştirakçılar arasında təhsil sahəsində əldə olunan və texnologiya tərəfindən dəstəklənən bilik və təcrübələrin mübadiləsini, o cümlədən dünya təhsil liderlərinin strategiya, siyasət və praktikasına dair təkliflərini özündə cəmləşdirəcək.

Təhsil Konfransı iki əsas hissədən ibarət olacaq. Birinci hissədə mütəxəssislər tərəfindən Bakının iki qabaqcıl məktəbində və bir ali təhsil müəssisəsində "Milli İKT və Təhsil Strategiyasının işlənib hazırlanması", "Bir şagird-bir kompüter strategiyası, öyrənənlər və müəllimlər üçün təcrübə" və "Ali təhsildə E-tədris" mövzuları üzrə seminarlar keçəcəklər. Konfransın ikinci hissəsində bölgə ölkələri üçün Təhsil Strategiyasında İKT-nin rolu haqqında regional konfrans keçiriləcək və təhsil ilə milli iqtisadi strategiya arasında əlaqələr işıqlandırılacaq.

"Təhsil və Texnologiya vasitəsilə İqtisadi İnkişaf" Təhsil Konfransı noyabr 23-də açılacaq "BakuTel" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı ilə bir ərəfədə keçiriləcək. Sərgi haqqında əlavə məlumatı http://www.bakutel.az ünvanında əldə edə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə