Bəhruz Quliyev: "Milli Şuranın mitinqinin uğursuz olacağı gözlənilən idi" MÖVQE

Bəhruz Quliyev: "Milli Şuranın mitinqinin uğursuz olacağı gözlənilən idi" MÖVQE

"Bu gün radikal müxalifətin toplaşdığı Milli Şura adlı qurumun "Məhsul" stadionunda keçirdiyi mitinqin uğursuz olacağı gözlənilən idi". Bunu SİA-ya verdiyi açıqlamada siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspert bildirib ki, radikalların gözlədikləri olmadı: "Milli Şuranın "lider"ləri elə hesab edirdilər ki, indiyədək ictimaiyyətə sırımaq istədikləri "boykot" taktikası artıq öz işini görüb, insanlar mitinqə gəlməklə seçkilərin nəticələrinə etirazlarını bildirəcəklər. Amma bu olmadı, indiki mitinq əvvəlkilərdən əksinə zəifliyi ilə fərqləndi. Azərbaycan xalqı bir daha sabitliyə, təhlükəsizliyə və tərəqqiyə səs verdiyini isbatladı. Ölkəmizdə mövcud vəziyyəti dəyişib buranı rəngli inqilablar arenasına çevirmək istəyənlərin arzusu gözündə qaldı".

B.Quliyev seçkilərin nəticələrini şübhə altına almaq istəyən bəzi müxalif qrupları demokratik dəyərlərə sayqı ilə yanaşmağa, seçkilərin nəticələrinə hörmət etməyə çağırıb: "Mütləq əksəriyyətin seçdiyi prezidentə sayqı ilə yanaşmaq həm milli adət-ənənəmizə, həm də demokratik prinsiplərə uyğundur. Udmaq və uduzmaq mədəniyyəti hər kəsdə olmalıdır. Prezident İlham Əliyevin qələbəsi mütləq əksəriyyətin seçim ifadəsidir. O, Azərbaycanın tərəqqisinə, sabitliyinə, təhlükəsizliyinə çalışır və bütün çıxışlarında prioritet olaraq bu mövzudan danışır. Bütün dünyanın çalxalandığı bu saatda "azadlıq adası" olan Azərbaycanda sabitlikdir. Əlbəttə, bu sabitliyi pozmaq istəyən xarici təşkilatlar, ölkələr yox deyil. Gəlin, onlara bu imkanı verməyək, "sabitliyə, tərəqqiyə davam" deyək".

Bütün xəbərlər Facebook səhifəmizdə